Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 16:24
Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsi özlüyündə təəccüblü haldır. Çünki Kanada Rusiya ilə Qarabağı müzakirə edəcək dövlət deyil.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsini şərh edərkən deyib.
O bildirib ki, Qarabağ münaqişəsi artıq bitib:
"Doğrudur, bəzi nüanslar var ki, hazırda bu istiqamətdə işlər görülür. Lakin bu, yenə də Kanada kimi Qarabağ münaqişəsinə yaxından-uzaqdan əlaqəsi olmayan bir ölkəyə prosesdə birbaşa iştirak edən Rusiya ilə görüşüb müzakirə etmə haqqını tanımır.
Görünür, Kanada özünü dünyanın aparıcı ölkələrindən hesab edir. Realda isə Kanada Konstitusiyasında da deyildiyi kimi, Kanada Britaniya kraliçasının ölkə əhalisinə verdiyi hədiyyədir.
Bu gün Böyük Britaniya ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi, siyasi əlaqələr var və inkişaf etməkdədir. Lakin görünür, Kanada öz kraliçasının ölkəsi ilə eyni siyasəti aparmır. Və ya ola bilsin, özünü Britaniya krallığına bərabər ölkə sayır ki, okeanın o başından Qafqazdakı həll edilmiş bir münaqişə haqda məlumat toplamaq istəyir.
İstənilən halda Kreml bu və ya başqa formada diqqətli olmalıdır. Hər şeydən öncə Qarabağ hər ölkə ilə müzakirə ediləsi məsələ deyil. Kanadanın niyyəti təmiz olsa idi, hər halda Qarabağ ətrafında gedən son siyasi prosesləri rəsmi Bakı ilə də müzakirə edə bilərdi. Belə çıxır ki, keçmiş Britaniya dominyonu da ermənilərə himayədarlıq etmək eşqinə düşüb".