Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 17:03
"Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eyni zamanda tarixi ədalətə də söykənərək torpaqlarını işğaldan azad etdi".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Azərbaycan birgəyaşayışa hazır olduğu mesajını da hər zaman verir:
"Dövlət olaraq hər zaman istər regionda, istərsə də dünyanın müxtəlif qütblərində yerləşən dövlətlərlə əməkdaşlığa önəm vermişik. Yəni, Azərbaycan o dövlətdir ki, heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib. Bütün bunlarla yanaşı, Ermənistan dövlətinin 30 illik işğalına, ərazilərimizin, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə və bütün bunların haqlı olaraq insanlarımızda dərin psixoloji sarsıntı yaratmasına baxmayaraq hər nə qədər çətin olsa da Azərbaycan birgəyaşayışa hazır olduğu mesajını da hər zaman verir. Bu mesajın verildiyi mühüm platformalardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələr paneli idi. Artıq regionda yeni reallıq formalaşıb. Yəni, Azərbaycan Ermənistana yox, tarixi və hüquqi baxımdan özünə aid olan ərazilərində suverenliyi təmin edib.
Bütün bu illər ərzində isə Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən daxili və xaric siyasətlə beynəlxalq münasibətlər sisteminin etibarlı aktoruna çevirilib. Buna baxmayaraq Ermənistan illərlə yürütdüyü işğal siyasətinə görə regionda olan enerji və daşımaların inkişafı təşəbbüslərindən, fəal əməkdaşlıqdan və inteqrasiyadan məhrum olub və beləliklə də müharibənin də gətirmiş olduğu çətinliklə daha da çıxılmaz vəziyyətə qərq olub. Belə olan məqamda Ermənistanın qarşısında yalnız bir seçim qalır, Azərbaycana qarşı olan revanşist fikirlərdən əl çəkmək, regionda açılması nəzərdə tutulan nəqliyyat dəhlizləri və komminikasiyaların açılmasına mane olmamaq. Bununla bağlı da ölkə başçımızın qəti fikiri və dünyaya verdiyi mesaj son dərəcə net və aydındır. Yəni, Ermənistan istəsə də, istəməsə də bu dəhlizlər açılacaq".
Ş.Həsənova deyib ki, beynəlxalq ictimaiyyət region haqqında Prezident İlham Əliyev kimi dərin elmi-politoloji biliyə sahib bir siyasətçi vasitəsilə məlumatlanır:
"Daha geniş kontekstdə məsələyə toxunduqda isə Azərbaycan və Ermənistan arasında vasitəçilik funksiyasını üzərinə götürən Rusiya da tərəflər tərəfindən veriləcək bütün müsbət impulslara və atılacaq konstruktiv addımlara dəstəyini ifadə edir, vasitəçi olacağını bəyan edir. Ermənistanın atacağı və əslində düçar olduğu reallığı nəzərə alaraq atmalı olduğu addım sülh və əməkdaşlıqdan keçir.
Ümumiyyətlə, Prezident İlham Əliyev yürütdüyü uğurlu informasiya savaşı çərçivəsində istər 44 günlük Vətən müharibəsində dünyanın 26 nüfuzlu media qurumuna verdiyi mühasibələrdə, istərsə də post-müharibə dövründə keçirilən Xocalı soyqırımının anım günü yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq" mövzusunda dəyirmi masada da Azərbaycanın bütün yanaşmaları, sülhə çağırış mesajları ortaya qoyulmuşdu. Bütün bu platformalar, müzakirələr paneli həm də o baxımdan vacibdir ki, beynəlxalq ictimaiyyət region haqqında Prezident İlham Əliyev kimi dərin elmi-politoloji biliyə sahib bir siyasətçi vasitəsilə məlumatlanır".
Təhməz Əsədov