Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Petrosyan İrəvanı təcili Bakı ilə razılaşmağa çağırdı

Petrosyan İrəvanı təcili Bakı ilə razılaşmağa çağırdı

Tarix: 25 May 2021 12:00

Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlamaq cəhdi onun bir dövlət olaraq məhvi ilə nəticələnə bilər. Artıq Ermənistanda müəyyən qüvvələr anlayırlar ki, 10 Noyabr üçtərəfli bəyanatının icrası onların xilası üçün yeganə seçimdir. 

Köçəryan "Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır" deməklə, bütün bu vəziyyətə görə Nikol Paşinyanı hədəf göstərərək seçkiyə 3 həftə qalmış Nikolun əlini zəiflətməyə çalışdığı heç kimə sirr deyil. Amma bir də reallıq var...

Köçəryanın "Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır. Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar. Söhbət 241 milyon dollardan gedir" açıqlaması isə erməni seçicilərini aldatmaq üçün söz toplusundan başqa bir şey deyil. Çünki məhz Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə rəsmi İrəvanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Moskvaya verildi ki, bu da ölkənin Rusiyadan asıllığını daha da gücləndirdi.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin iLur.am saytına müsahibəsində etdiyi açıqlamalar ilə bir çox qaranlıq məsələlərə aydınlıq gətirməklə yanaşı Köçəryana qarşı sərt ittihamları ilə də yadda qalıb. L.Ter-Petrosyanın sözlərinə görə, 1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını (ona ilk prezident özü rəhbərlik edib-red.) çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər, məhz Ermənistanın fəlakəti də bundan qaynaqlanır.

Ermənistanın birinci prezidentinin bu açıqlamaları birbaşa olaraq 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilmiş, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutmuş Robert Köçəryana ünvanlanıb. "Qarabağda 44 günlük müharibənin məğlubiyyətə görə məsuliyyəti yalnız Nikol Paşinyan daşımır. Ermənistanı fəlakətə gətirib çıxaranlar indi yalnız N.Paşinyanı ittiham edirlər" deyən Petrosyan artıq Ermənistanda böyük əksəriyyətin də düşündüyü kimi 44 günlük II Qarabağ müharibəsindəki ağır məğlubiyyətin əsasının hələ Köçəryan-Sarkisyan cütlüyünü vaxtında qoyulduğuna diqqət çəkib. Ter-Petrosyanın son açıqlaması Köçəryanın əsas rəqibi, hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əlini seçki öncəsi daha da gücləndirə bilər.

Hər kəsə bəllidir ki, Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa nə iradəsi var, nə hərbi-iqtisadi gücü var, nə də psixoloji vəziyyət o həddə deyil ki, yenidən toparlanıb müharibəyə başlasınlar. Bunu çox yaxşı anlayan, situasiyanı düzgün qiymətləndirən Petrosyan, Köçəryan-Sarkisyan cütlüyü ilə yanaşı buna görə erməni diasporunu da ittiham edərək məğlubiyyətdən hələ də heç bir nəticə çıxarmamaqda qınayıb. "Onların işi xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir" deyən keçmiş prezident seçkiqabağı kampaniya dövründə bu tendensiyanın daha da güclənəcəyini, nəticədə isə erməni xalqının yeni itkilər və daha çətin vəziyyətlə üz-üzə qalacağı xəbərdarlığını edib.

Petrosyan "Ermənistan Qarabağ müharibəsindən sonra yenə xarici dövlətlərə xoş görünmək üçün Türkiyə və Azərbaycana qarşı təhdid diliylə danışır. Bu erməni xalqının yenidən məğlubiyyətlə üzləşməsinə gətirib çıxarır" sözləri ilə rəsmi İrəvanın bir çox güclərin əlində Bakıya, Ankaraya qarşı sadəcə təzyiq vasitəsi olduğunu diqqətə çatdıraraq, hərbi-siyasi rəhbərliklərinə yanlış yolda olduqlarını başa salmağa çalışıb. Hadisələrin bu cür cərəyanından narahtlığını dilə gətirən Ermənistanın ilk prezidenti, vəziyyətin belə davam edəcəyi təqdirdə Ermənistanın dövlət olaraq gələcəyinin təhlükə altına düşəcəyinə diqqət çəkib. O, bu açıqlaması ilə ölkənin inkişafına mane olmamaq, iqtisadi və hərbi tənəzzüldən xilas etmək üçün dolayısıyla Ermənistan hərbi-siyasi rəhbərliyini Bakı və Ankara ilə düşmənçiliyi dayandırmağı, ərazi və soyqrımı iddialarından əl çəkməyə dəvət etdi.

Prezident İlham Əliyev isə mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri zamanı Ermənistanın ağır durumdan xilasının mümkün olduğunu və əslində çıxış yolunu bir daha göstərdi: "Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik". Görünən odur ki, Ermənistan siyasi rəhbərliyi və bəzi revanşist qüvvələr istər 30 illik işğal dövründə, istərsə də 44 günlük müharibə nəticəsində məruz qaldıqları ağır məğlubiyyətdən sonra hələ də anlamırlar ki, Azərbaycanla düşmənçilik onları regionda və bölgədə bütün irimiqyaslı qitisadi layihələrdən kənarda qoyaraq ölkəni blokadada saxlayan əsas məqam idi. İndi Ermənistanın bu tənəzzüldən xilasının yeganə çıxış yolu məhz II Qarabağ müharibəsinin şərtləndirdiyi üçtərəfli bəyanatın bəndlərini icra etməkdən keçir ki, nəqliyyat dəhlizlərinin və kommunikasiya xəttlərinin açılması ilə rəsmi İrəvanın ağır tənəzzül günləri geridə qala bilər. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Petrosyan İrəvanı təcili Bakı ilə razılaşmağa çağırdı


RƏYLƏR