Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 12:18
Əvvəlcədən də məlum idi ki, 44 günlük müharibədən sonra bizi daha çətin və uzun müddətli postkonflikt dövrü gözləyir. Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi üçün rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, separatizm meyillərinin qarşısını almalı və siyasi dialoqon bərpası və güclənməsi üçün addımlar atmalıdır. Ermənistan hakimiyyəti siyasi vəziyyəti öz xalqına izah etməlidir. Ermənistan hakimiyyəti nəzərə almalıdır ki, Azərbaycanla münasibətlərin normallaşması onlar üçün iqtisadi qazanc ilə nəticələnə bilər. Buna görə də, istər hazırki hərbi-siyasi rəhbərliyi, istərsə də parlament seçkilərindən sonra hakimiyyətə gəlmək ehtimalları olan digər qüvvələr Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq barədə düşünməlidirlər.
Regiondakı yeni reallıqları üzdə qəbul etməyə başladığını "Ermənistan Qarabağ müharibəsindən sonra yenə xarici dövlətlərə xoş görünmək üçün Türkiyə və Azərbaycana qarşı təhdid diliylə danışır" açıqlaması ilə göstərməyə çalışan Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın ardınca, Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışarkən etdiyi açıqlama ilə sərhəd məsələsində rəsmi Bakının haqlı olmasına eyham vurub. "Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var", - deyə bildirən Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər 1976-cı il xəritələrinə görə Azərbaycan ərazisi kimi qeyd olunur.
Görünür, mayın 20-də Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr" zamanı "Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik" mesajı hədəfə çatıb və artıq Ermənistanda müəyyən siyasi dairələr və qüvvələr anlamağa başlayıblar ki, siyasi-iqtisadi böhranının qarşısını revanşist fikirlərlə, provokativ addımlarla yox, yalnız rəsmi Bakı ilə danışıqlar masasında həll etmək mümkün ola bilər.
Amma dünənə kimi rəsmi Bakı desəydi ki, o ərazilər (Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar) Azərbaycan torpaqlarıdır, Vahe Qalumyan başqa olmaqla Azərbaycana işğalçı damğası vuracaqdılar, necə ki biz bunu 12 may tarixində xüsusilə Qaragöl ətrafında şahidi olduq. Proseslər deməyə əsas verir ki, Azərbaycan postkonflikt dövrünün şərtlərinə uyğun şəkildə səbr və təmkinlə hədəfinə doğru irəliləyir. Artıq Ermənistan parlamentinin üzvləri həmin xəritələrə əsasən Azərbaycan torpaqlarını tanıyırlarsa, proseslərin bu cür davam edəcəyi təqdirdə yaxın zamanlarda cəmiyyətdə də bu cür fikirlərin sürətlə artacağının şahidi ola bilərik. Və nəticədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq iki ölkə arasında sülh müqaviləsi imzalanacağı da qaçılmaz ola bilər. Ermənistan Azərbaycanın sərhədlərini 1976-cı ilin xəritəsi əsasında tanımış olarsa, bu, şək-şübhəsiz Qarabağın aranlı-dağlı Azərbaycan ərazisi kimi tanınması demək olacaq. Bununla da iki dövlət arasında Qarabağ münaqişəsi kökündən həll oluna bilər. Zatən belə olacağı təqdirdə Ermənistan iqtisadi blokadadan xilas ola bilər. Nəqliyyat dəhlizlərinin açılması və kommunikasiya xətlərinin qurulması Ermənistanın hazırda düşdüyü iqtisadi tənəzzül girdabından xilas edər.
Lakin hədəfə çatmaq üçün hər şey düşündüyümüz qədər sadə və asan deyil. Ötən gün erməni mətbuatı məlumat yaydı ki, Zəngəzur istiqamətində Azərbaycan və Ermənistan hərbçiləri arasında atışma olub, bir erməni hərbçisi ölüb. Ermənistan Müdafiə Nazirliyi məlumatı hadisənin mayın 25-də saat 14:00 radələrində Geğarkunik rayonunun sərhəd hissəsində baş verdiyi xəbəri ilə təsdiq edib. Amma 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdən sonra Ermənistanda hərbi idarəçiliklə siyasi hakimiyyət arasında uçurumlar olduğunu nəzərə alaraq bu dezinformasiyanın məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdi olduğunu düşünə bilərik. Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməklə bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlardan qaçmağa çalışır ki, bu da sülh prosesinin ləngidilməsi məqsədi daşıyır.
Lakin çox keçmir, Ermənistan müdafiə nazirliyinin sərhəddə Azərbaycan tərəfinin atəş açdığı barədə məlumatın həqiqətə uyğun olmadığını, Sünik (Zəngəzur) bölgəsində heç bir hadisə qeydə alınmadığı barədə məlumat yaydı.
Ermənistan müdafiə nazirliyinin yaydığı həqiqətə uyğun olmayan məlumat bir daha təsdiq edir ki, Ermənistanda hərbi və siyasi idarəçilik arasında uçurum qalmaqdadır. Ölkənin müdafiə nazirliyinin dezinformasiya yayması delimitasiya və demorkasiya prosesinə mane olmaq, prosesə süni əngəl yaratmaq planından başqa bir şey deyil. Təkcə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ilə prezident Sarkisyan arasında Zəngəzurda sərhəd məsələsi ilə bağlı ciddi fikir ayrılıqlarının hökm sürməsi düşünməyə əsas verir ki, bu addım parlament seçkiləri öncəsi Paşinyanin mövqeyini zəifləmək üçün Qarabağ klanı ilə hakimiyyət daxilindəki bəzi qüvvələrin birgə planıdır.
Bu dezinformasiyadan dərhal sonra Ermənistanın iri xəbər səhifələrində və saytlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətindəki Laçın rayonu sahəsində 5 əsgərimizin üzərinə 50-dən çox erməni hərbiçisinin hücum edərək onlara güc tətbiq etməsi kadrları yayıldı. Buradan məlum olur ki, belə provakasiyalar "Azərbaycan hərbiçiləri erməni əsgərini öldürdü" dezinformasiyasına cavab olaraq Paşinyanın reytinqini qaldırmaq məqsədi ilə Ermənistanın daxili auditoriyasına hesablanıb.
Heç istisna edilmir ki, seçkiyə kimi bu cür provakasiyaların sayı daha da artacaq. Paşinyan seçkiyə kimi reytinqini artırmaq üçün Azərbaycan əsgərləri üzərindən hər cür oyun quracağını gözləmək olar. Kəlbəcər sərhədində yerləşən Verin Şorza (Yuxarı Şorca) kəndi yaxınlığında əsgərlərimizdən sayı dəfələrlə çox olan erməni hərbçiləri qəflətən, bir neçə azərbaycanlı hərbçinin olduğu çadıra hücum edib, onları ərazidən çıxardıqdan sonra, hadisədən xəbər tutan silahlı qüvvələrimiz düşməni dərhal həmin ərazidən qovmaqla kifayətlənməyib, üstəlik daha strateji yüksəklikləri nəzarətə götürüblər.
Təəssüflər olsun kı, müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, Ermənistanda bəzi Qarabağ ermənilərinin liderləri və erməni kilsəsi öz həmvətənlərinin baxış bucağını zəhərləməyə davam edir, revanş hissləri ilə gələcəyə baxmağı qarşılarına məqsəd qoyurlar. Lakin Ermənistan əhalisi müxalifətin bu revanşist çağırışlarını ciddiyə almamalıdır. Çünki bu gün erməni xalqı başa düşməlidir ki, indiyə qədər liderlərinin apardığı siyasət nəticəsində regional proseslərdən uzaq bir psevdo-dövlətə çevriliblər. Ermənistan vətəndaşları üçün prioritet onların sosial-iqtisadi vəziyyəti, övladlarının gələcəyi olduğu halda, siyasi partiyaların təbliğatları bu ölkəni elə birinci prezidentləri Ter-Petrosyanın da dediyi kimi seçkiqabağı revanşist meyillərin artması, provokasiyaların intensivləşməsi nəticəsində erməni xalqını yeni itkilər və məyusluqla üz-üzə qoya bilər.
Təhməz Əsədov