Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 13:03
"Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir".
Sonxeber.net bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib. N. Quliyevin sözlərinə görə, tibb ədəbiyyatında virusa yoluxmada uşaqlarda fəsadlara böyüklərlə müqayisədə 100 dəfə az rast gəlir. O, bildirib ki, böyüklərdə bu rəqəm 2-2,5 faizdirsə, uşaqlarda 0,02 faiz rast gəlinir: "Bəzən isə uşaqlarda ölüm törədən ağır fəsadlar baş verir. Uşaqlarda "Kavasaki" sindromuna bənzər hal yaranır. Uşaq orqanizmi bu bu virus infeksiyasına həddindən artıq yüksək reaksiya verir. Burada iltihab törədən sitatinlərin miqdarı həddindən artır. Damar keçiriciliyi pozulur, qansızmalar, səpgilər müşahidə olunur. Sonra həmin uşaq tələf olur. Amma faizi böyüklərlə müqayisədə çox aşağıdır".
Qeyd edək ki, "Kavasaki" sindromu və ya "Kavasaki" xəstəliyi yalnız uşaqlarda inkişaf edən kifayət qədər nadir autoimmun xəstəlikdir. Əsasən bu xəstəliyə 5 yaşına qədər uşaqlar tutulur. Oğlanlar arasında bu xəstəliyə qızlarla müqayisədə 2 dəfə çox təsadüf edilir. Xəstəlik zamanı qan damarlarında iltihab yaranır və damarlar zədələnir. Əksər hallarda xəstəliyin simptomları çox tez yox olur və uşağın həyatı üçün təhlükə yaranmır. Lakin nadir hallarda olsa da ürək və koronar damarların çox ağır zədələnməsi baş verir ki, nəticədə uşaq həlak ola bilər. Xoşbəxtlikdən vaxtında aşkar olunduqda bu xəstəlik uğurla müalicə olunur. Xəstəliyin səbəbi sona qədər məlum deyil. Lakin məlumdur ki, virus infeksiyaları onun inkişafına təkan verir. Hazırda mütəxəssislər bu xəstəliyin uşaqlar arasında artmasını koronavirusla əlaqələndirirlər.
Xəstəliyin simptomları:
- yüksək qızdırma
- dəridə səpkilər
- əl və ayaq pəncələrinin şışməsi, qızarması
- gözlərin qızarması və iltihablaşması
- dil və dodaqların qızarması və ağrılı olması
- boyun limfatik düyünlərinin şişməsi
- əl və ayaq barmaqlarının dərisinin soyulması.
Ağır hallarda xəstəlik yalnız xəstəxana şəraitində müalicə olunur. Müalicə zamanı insan immunoqlobulini və aspirindən istifadə olunur. Diaqnoz erkən (ilk 10 gün ərzində) qoyulduqda və müalicə vaxtında başladıqda uşaq tam sağalır. Kavasaki sindromunu ağır keçirmiş uşaq bir neçə il ərzində kardioloqun nəzarətində qalmalıdır. Bu səbəbdən də həkimlər uşaqları koronavirusdan qorumağı, onlara maska taxmağı, əl gigiyenasına diqqət yetirməyi tövsiyyə edirlər.