Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətənin xilaskarları - Hər kəs bir nəfər kimi...

Vətənin xilaskarları - Hər kəs bir nəfər kimi...

Tarix: 3 Iyun 2021 13:57

Vətən müharibəsində qazanılan qələbədə əsas pay sahibləri kimi Ordumuzun əməyi danılmazdır. Bunu hər çıxışında Prezident İlham Əliyev də təkrar-təkrar qeyd edir. Lakin müharibənin acı reallıqlarından biri ölümün, itkinin olmasıdır. Təəssüf ki, Vətənin bütövlüyünü, suverenliyini, dünyada qəhrəman xalq statusumuzu bərpa etmək və 30 illik qara ləkəni silmək üçün 44 günlük savaşa atılan qəhrəman qardaşlarımız arasında şəhid olanlar da oldu, müharibədən qazi kimi qayıdanlar da. Ən pisi o olardı ki, şəhidlərimizin ailələri və qazilərimiz dövlət qayğısından kənarda qalsaydılar. Lakin bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri məhz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir ki, biz bu istiqamətdə aparılan əhəmiyyətli işlərin şahidiyik. 

II Qarabağ savaşı bitəndən sonra biz bu təşəbbüslərindən biri kimi "YAŞAT" Fondunun fəaliyyətini göstərə bilərik. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, digər müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının artırılması istiqamətində bu Fondun rolunu xüsusilə qeyd edə bilərik. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Postmüharibə dövründə şəhid ailələrinin 99%-i sosial ödənişlərlə təmin olunub. 12 mindən çox şəxsə sosial müavinət, pensiya və təqaüdlər təyin olunub. İndiyədək yaralı qazilərin 90%-nin sosial-tibbi ehtiyacları öyrənilib, amputasiyası olan insanlar müəyyən edilib. Onlar 1200-dən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Bundan əlavə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə istinad etsək, bu il 30 min əlilliyi olan şəxsə xidmətin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, artıq 9000-ə yaxın şəxsin sosial-psixoloji reablitasiyası aparılıb ki, bunların arasında həm şəhid ailələri, həm müharibə iştirakçıları və ailələri var.

Müharibənin vurduğu ağır yaralardan biri, hətta ən təhlükəsi psixoloji vəziyyətlə bağlıdır. Azərbaycanda aidiyyatı dövlət qurumları tərəfindən müharibə iştirakçıları, əlilləri və şəhid ailələrinə psixoloji yardım göstərilməsi, xarici ölkələrdən dəvət olunan psixoloq - mütəxəssislərin fəaliyyəti də onlara göstərilən diqqət və qayğının bir hissəsidir. 

II Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsinin bundan sonra da Prezidentin diqqətində olacağı şübhə belə doğrumur. Təbii ki, bütün bu işlər Prezident İlham Əliyevin həyata keçirdiyi sosial layihələr daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, bir daha deməyə əsas verir ki, bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət bundan sonra da göstəriləcək. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə fərman və sərəncamlar dediklərimizin təsdiqidir. 

Şəhid ailələrinin, Milli Qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, İkinci Dünya müharibəsi veteranlarının təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, həmçinin yeni təqaüd növü - "Vətən müharbəsi qəhrəmanı" təqaüdünün təsis edilməsi (Dövlət başçısının yanvarın 1-də imzaladığı sərəncama əsasən), onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər  Azərbaycan dövlətinin qəhrəmanlarına verdiyi qiymətin təzahürüdür. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Vətənin xilaskarları Hər kəs nəfər kimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ