Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 18:00
Qafqaz Müsəlmanları İdarəsi pandemiya şəraitində ibadət yerlərindən istifadə qaydalarını açıqlayıb. Belə ki, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər məscidlərə buraxılmalıdır. Şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, məscidlərə yalnız COVID-19 pasportu olanlar buraxılacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məscidlərdə və digər ibadət yerlərində riayət olunmalı qaydalarla bağlı keçirilən iclasda bildirib ki, iyunun 10-dan etibarən dini ibadət yerləri açılacaq. Lakin məscidlərdə Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır.
Pandemiya şəraitində məscidlərdə ibadətlərlə bağlı qaydaları açıqlayan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bildirib ki, məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır. Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya - sanitar tədbirlər həyata keçirilməlidir.
Eyni zamanda qaydalara əsasən azyaşlı uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməyəcək.