Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikinti şirkətindən özbaşınalıq: sakinlər vəziyyətdən narazıdır - VİDEO

Tikinti şirkətindən özbaşınalıq: sakinlər vəziyyətdən narazıdır - VİDEO

Tarix: 4 Iyun 2021 10:50

Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində yaşayan sakinlər fərdi evlərinin düz yaxınlığında apartman tipli qanunsuz binanın tikildiyini iddia edirlər. Onların sözlərinə görə artıq bina üçün  böyük bir sahədə özül qazılıb və inşaat işlərinə start verilib. Tikintini aparan sahibkar isə qeyd edib ki, ərazidə bina deyil, fərdi ev inşa edilir. Məsələyə dövlət qurumlarının da mövqeyini öyrənmişik. 

Abşeronda həyət evlərinin yaxınlığında hasara alınmış ərazidə böyük bir özülün qazılması sakinləri narahat edir. 

Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsi 38 ünvanında yaşayan sakinlər bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı sözügedən ərazidə Cəlilova Gülzar Hüseyn qızının adına fərdi evin tikintisi üçün eni 10, uzunluğu 12 metr olan torpaq sahəsinə sərəncam verib. İddiaya görə ərazidə fərdi ev deyil, apartman tipli binanın tikintisi həyata keçirilir.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Tikintinin dayandırılması ilə bağlı qərar olsa da, özül qazılıb və inşaat işləri davam etdirilir.

Torpaq sahəsində bina tikdiyi iddia edilən Araz Musayev də əraziyə gəlib. O isə sözügedən sahədə bina deyil, fərdi ev tikintisinin nəzərdə tutulduğunu, amma inşaat işlərinin hələ aparılmadığını vurğulayıb.

Məsələ ilə bağlı, Abşeron rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov ''Xəzər Xəbər''ə bildirib ki, tikinti işləri verilən sərəncama uyğun həyata keçirilməsə bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, araşdırma aparılıb  və müəyyən edilib ki, torpaq sahəsində qanunla yol verilən tikinti əmsalları pozularaq özül qazılıb, Komitə ilə razılaşdırılmadan qanunsuz şəkildə müvafiq inşaat işləri həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva da qeyd etdi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sakinlərin müraciəti ilə əraziyə baxış keçirib.

Gülçin Mehdiyevanın sözlərinə görə verilən qərarla bağlı aiddiyyatı qurumlar da məlumatlandırılıb.

Milli.Az


Etiketlər:  Tikinti şirkətindən özbaşınalıq sakinlər vəziyyətdən narazıdır VİDEO


RƏYLƏR