Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 13:08
Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulunda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatlar və imtahan tarixləri açıqlanıb.
Sonxeber.net xəbər verir ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı mayın 26-dan iyunun 4-dək aparılıb.
Bu müddət ərzində 2028 namizəd qeydiyyatdan keçib. Onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qaldığından, 2020-ci ildə 40 və daha çox bal toplayan namizədlər cari ildə bu imtahanda iştirak etmədən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Beləliklə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.
Ərizə qəbulunda iştirak edən namizədlərdən 1798 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 55 nəfər Rusiya, 1 nəfər Qazaxıstan, 1 nəfər Çin, 1 nəfər Belorus və 31 nəfər Ukrayna universitetlərində təhsil alan (almış) şəxslərdir. 132 nəfər isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunudur.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I cəhd) əvvəlcədən elan olunduğu kimi, 2021-ci il iyunun 20-də keçiriləcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) isə avqustun 4-də keçirilməsi nəzərdə tutulur.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən namizədlər buraxılırlar.
2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və 26 may - 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş rezidenturaya qəbul olunmaq hüququna malik namizədlərə də avqustun sonu (və ya sentyabrın əvvəli) yenidən ərizə verib imtahanın II mərhələsində iştirak etmələri üçün şərait yaradılacaq.