Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 13:10
Vətənin azadlığını canından belə uca tutan 44 günlük müharibənin qəhrəman oğlu Pərvin Həmidovdan danışacağıq. Ən böyük arzusu vətənini azad görmək olan Pərvin elə vətənin azadlığı üçün də şahadətə ucalıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Laçın və Ağdamı azad görmək onun ən böyük arzusu idi. Özü laçınlı, sevib-seçdiyi xanım isə ağdamlı idi.
Ata-baba yurdunu görməsə də, hələ uşaq yaşlarından işğalda olan ərazilərəmizi düşməndən təmizləyəcəyinə söz vermişdi. 27 yaşlı Pərvin Həmidov, 44 günlük Vətən müharibəsi başlamazdan 5 ay öncə MAXE olaraq hərbi xidmətə başlayıb.
Müharibənin ilk günlərindən isə ağır döyüşlərin getdiyi Talış-Suqovuşan istiqamətində döyüşüb. 1 oğul və 1 qız atası olan Pərvin Həmidov son dəfə həyat yoldaşı ilə danışarkən qələbə ilə dönüb övladına ad günü tədbiri keçirəcəyinə söz verib. Amma oktyabrın 1-də şəhadətə yüksəlib.
Pərvin Həmidov Ağdam rayonundan məcburi köçkün olan Fərman Əliyevin qızı ilə ailə qurmuşdu. 44 günlük Vətən müharibəsi zamanı qayınatası ilə danışarkən tezliklə Ağdam və Laçını azad edəcəklərinə söz verib.
Talış-Suqovuşan istiqamətində şəxsi heyəti təhlükəsiz yerə çıxararkən aldığı qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Pərvin Həmidov Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.