Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 00:15
Tarixi, keçmişi olan hər bir xalqın, hər bir dövlətin bəxtinə onu taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən, mühim başlanğıcların əsasını qoyan tarixi şəxsiyyətlər olur. Azərbaycan xalqı üçün belə şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir.
Müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə siyasi qüvvələr arasında daxili savaş ifrat həddə çatdı və hakimiyyət böhranı kulminasiya həddinə yüksəldi. 1993-cü ilin əvvəllərindən ölkədə meydan sulayan və ayrı-ayrı dairələrin siyasi maraqlarına xidmət edən silahlı dəstələrin özbaşınalığının Azərbaycanın daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması, bütün bunlar azmış kimi bölgələrdə separatçılıq və mərkəzdənqaçma meyillərinin güclənməsi Azərbaycanın bir dövlət kimi varlığını sual altında qoymuşdu. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhdid etməyə başladı.
Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Nəticədə ard-arda əzəli Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, qətliamlar, soyqrımlar törədildi, ölkədə vəziyyət daha da acınacaqlı, xaos halını aldı.
1993-cü ilin 15 iyun günü çağdaş Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Sessiyada deputatların yekdil səsverməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin gün Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev dühasıdır.
Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı Qurtuluşdan tarixi Zəfərə bir inişafyolu keçdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı.
Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun qurucusu olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu Heydər Əliyevin şah əsərlərindən biridir. Onun yolunun uğurlu davamçısı Prezident İlham Əliyev isə 18 il ərzində gördüyü işlər, verdiyi qərarlar, atdığı addımlar ilə sübut etdi ki, Azərbaycan xalqının lideri olmağa layiqdir. Biz belə bir faktı son olaraq yaddaşımıza ən xoşbəxt anlarımız kimi həkk olan 44 günlük Vətən müharibəsindəki Zəfər yolunu göstərə bilərik. Artıq mümkünsüz kimi görünün torpaqlarımızın 30 illik işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun son qoyması, xalqı bir daha əmin etdi ki, Azərbaycan çox etibarlı əllərdədir, ən çətin günlərdə belə güvənə biləcəyi bir lideri var.
Təhməz Əsədov