Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan istəyinə çatdı - Ermənistan özünə qəsd edəcək?

Azərbaycan istəyinə çatdı - Ermənistan özünə qəsd edəcək?

Tarix: 18 Iyun 2021 11:32

Sonda hər kəs güclü ilə hesablaşmaq məcburiyyətində qalır. Biz bu deyimin həqiqət olduğunu 44 günlük Vətən müharibəsindən sonra bir daha şahidi olduq. Belə ki, 30 il ərzində Ermənistana işğalçılıq siyasətini dayandırmasını tələb etməyən, törətdiyi əməllərə görə məsuliyyət daşıdığını bildirməyən, gözün üstə qaşın var deməyən böyük dövlətlər, beynəlxalq hüquq təşkilatları və qurumlar II Qarabağ savaşında Azərbaycanın ortaya qoyduğu qətiyyət qarşısında geri çəkilməyə başlayıb. Belə ki, rəsmi Bakı özü 6 ay öncə beynəlxalq hüququ, konvensiyaları ayaq altına atan Ermənistana qarşı bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət edərək Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində 30 illik işğala son qoydu. 

4 gün öncə Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO-nun 30 üzv ölkəsinin liderlərinin sammiti dediklərimin əyani təsdiqidir. Hakimiyyətə gəldiyi gündən xarici siyasətinin prioritet istiqaməti olan Qarabağ məsələsinə hər beynəlxalq platformada aktuallıq qazandırmaq üçün fürsət axtaran Prezident İlham Əliyev geosiyasi reallığı dəyişməyi bacardı. Elə bunun nəticəsidir ki, NATO illər sonra ilk dəfə olaraq dünyanın müxtəlif qaynar nöqtələri ilə bağlı bəyanatlar səsləndirsə də, Qarabağla bağlı bir kəlmə də olsun söyləmədi. 

2 ildən bir keçirilən NATO-nun Zirvə görüşündə bu zamana kimi bütün yekun sənədlərdə Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narahatlığı əks etdirən və eyni zamanda Helsinki prinsipləri, beynəlxalq hüquq, BMT Nizamnaməsi və münaqişənin qeyd-şərtsiz həll edilməsinin zəruriliyi barədə bir mövqe ortaya qoyulurdusa, bu dəfə bir kəlmə də olsun bu mövzuyla bağlı hər hansı bir fikrə yer verilmədi. Bu, dolayısı ilə faktiki olaraq II Qarabağ müharibəsi bitdikdən sonra bölgədə yaranan yeni geosiyasi reallığı qəbul etmək, Prezident İlham Əliyevin 10 noyabr üçtərəfli birgə bəyanatı zamanı və ondan sonra hər çıxışında dediyi kimi, status-kvo məsələsinin, münaqişə termininin keçmişdə qaldığı anlamına gəlir. NATO-nun Brüssel sammitindən sonra belə nəticə çıxır: dünyanın aparıcı super gücləri və hərbi-siyasi ittifaqı Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi konfiqurasiyanı qəbul edir.

II Qarabağ Müharibəsi uzun illərdir davam edən Vətən həsrətinə son qoymaqla yanaşı, hərb tarixində yeniliklərlə də diqqət çəkdi. Hərb tarixinə düşəcək ən müasir döyüş strategiyasının tətbiqi və V nəsil silahlardan istifadə olunması ilə xüsusilə yadda qaldı. Bunun nəticəsidir ki, Azərbaycanın nailiyyəti hələ də, dünyanın diqqət mərkəzindədir. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq, Ermənistan ordusunu iflic vəziyyətinə salmaqla yanaşı "Ermənistan ordusunun məğlubedilməzliyi" mifini kökündən darmadağın etdi.  

Görünən isə odur ki, 44 günlük savaşın nəticələri, istifadə olunan ən müasir vasitələrlə bağlı məlumatlar hələ uzun illər dünya hərb tarixində müzakirə olunacaq. Ən diqqət çəkən məqam isə, NATO kimi nəhəng bir təşkilatın ekspertləri, analitikləri də bu faktları təsdiq edir, qəbul edir.

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun 44 günlük savaşla nüfuzu daha artmağa başladığı danılmaz faktdır. Artıq dünyanın super gücləri Azərbaycan Ordusunun bacarığı qarşısında təzim etməyə başlayıblar. Almaniyada fəaliyyət göstərən Müdafiə və Strateji Araşdırmalar İnstitutunun (GIDS) eksperti Mixael Karlın "Almaniya Azərbaycana qarşı döyüşsəydi, şansı olmazdı" açıqlaması beşinci nəsil silahlarla təchiz olunan Ordumuzun dünyanın bir çox beyin və güc mərkəzlərinin qərarlarına, mövqelərinə təsir etməyə başladığını göstərir. Və beləliklə,  Azərbaycan Ordusunun ən müasir ordular sırasında olduğu, əldə etdiyi nəticə bir daha beynəlxalq ekspert səviyyəsində təqdir olunub. Özü də NATO kimi beynəlxalq bir təşkilatın hərbçisi tərəfindən.

Regionda və bölgədə 44 gün içərisində yeni reallıq yaradan Azərbaycan bütün ehtimalları fürsətə çevirdi. Bu yaxınlarda Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornellin beynəlxalq konfransda "İndi Azərbaycanla NATO arasındakı münasibətlər heç vaxt olmadığı qədər vacibdir" açıqlaması Azərbaycanın düzgün xarici siyasət yürütdüyündən və artan nüfuzundan xəbər verir. 

NATO-nun Zirvə görüşündən cəmi bir gün sonra - 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi ilə isə Azərbaycan çox böyük işin öhdəsindən gəlməklə yanaşı, ən böyük hədəfinə doğru əməli addım kimi bir haqqı qazandı. Şuşa şəhərində hər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə ortaq məxrəcə gəlməsi, müharibədən sonra Şuşa, Hadutla bağlı (Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə "Ermənistan" (Hayastan) bloku ilə qatılan Robert Köçəryan Hadrutu yenidən "qaytaracağı"na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirərək seçicilərinə ağlasığmaz və revanşist vədlər verir. O, hətta iddia edir ki, Şuşanın da "qayıdacağına" "qismən inanır" - red) Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış edən revanşist qüvvələr və onların havadarlarına verilən ən təsirli mesajdır. Bu mesaj isə belə yekunlaşır: Azərbaycanla təhdid dilində danışmaq erası bitdi!

Artıq Ermənistan hakimiyyəti üçün qapı-qapı gəzib, ona-buna zəng edərək dəng edib yardım istəmək kimi imkanları, fürsətləri də bitdi. Ermənistan üçün yeganə çıxış yolu 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtlərinə qeyd-şərtsiz əməl etməkdir. Digər variant Ermənistan üçün özünə qəsd sayıla bilər, çünki son arqumenti də əlindən alındı.

Revanşist qüvvələrdən fərqli olaraq Ermənistanın I prezidenti Levon ter-Petrosyan yeni reallığı "Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi" sözləri ilə qəbul etdiyini təsdiqləməklə yanaşı ölkəsinin hərbi-siyasi rəhbərliyinə, digər namizədlərə vəziyyətin geri dönüşü olmayacaq qədər dalana dirəndiyi mesajını vermək istəyib. Ermənistan üçün çox şey isə 20 iyun parlament seçkilərindən sonra ölkənin başına keçəcək yeni "liderinin" tutacağı siyasi xəttə bağlıdır. 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan istəyinə çatdı Ermənistan özünə qəsd edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ