Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 20:10
Cəlilabad vaxtilə respublikamızın qabaqcıl kənd təsərrüfatı rayonlarından biri olub. Cəlilabad üzümçülərinin, taxılçılarının şanı-şöhrəti el-obaya yayılıb. Yaşlı nəsil "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülən, səsləri Kremlin Qurultaylar sarayından, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindən gələn, o vaxtın ən yüksək orden və medalları ilə təltif olunan zəhmətkeşləri və dəfələrlə rayona səfər edən, onların xidmətlərini həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevi çox yaxşı xatırlayırlar.
Məkan eyni məkan olsa da, indi zaman başqa zamandır. Artıq Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycan öz torpaqlarının sahibidir, öz taleyini özü həll edir. Tarix isə tarixdir və bu tarixdən heç nəyi silmək olmaz. Heç nə yaddan çıxmır, heç kim unudulmur. İstər əmək, istərsə də döyüş cəbhələrində olsun, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü əbədidir.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu gün də Cəlilabad rayonunun gəncləri hərbi peşə seçimində, Silahlı Qüvvələrdə Vətənə xidmətdə, eləcə də Vətən uğrunda döyüşlərdə fərqlənməyə çalışır, hərb tariximizə parlaq səhifələr yazırlar. Qəhrəmanlıq, Vətənə, torpağa bağlılıq bütün xalqımızın, həmçinin, cəlilabadlıların qanındadır. "Dəmir yumruq" əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyi, dövlətimizin iqtisadi gücü, Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, qətiyyəti sayəsində, o cümlədən şəhidlərimizin, qazilərimizin Vətən torpağına çilənən müqəddəs qanları hesabına tarixi qələbə qazandıq. Təcavüzkar Ermənistan üzərində Zəfər çalaraq əzəli torpaqlarımızı işğaldan azad etdik, respublikamızın ərazi bütövlüyünün bərpasına nail olduq. Təsdiq etdik ki, həqiqətən də torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.
Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümünü bu il həm xalqımız, həm də ordumuzun şəxsi heyəti ilk dəfə qalib ölkənin vətəndaşı, qalib ordunun döyüşçüsü kimi qarşılayır. Vətənimizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da unudulmaz şəhidlərimizin xatirəsinə, Vətən əsgərlərinin şərəfinə silsilə tədbirlər həyata keçirilir. Şəhidlər ehtiramla yad edilir, Vətən əsgərinə isə Vətənə sədaqətli xidmətdə bundan sonra da böyük uğurlar arzulanır.
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan "Vətən müharibəsi şəhidləri" adlı kitabın təqdimat mərasimində fəxredici anlar yaşanıb. Hər bir tədbir iştirakçısının qürurla dediyi "Təki Vətən sağ olsun!" nidaları Vətən uğrunda hüququndan, canından, qanından keçən, xatirələrdə, ürəklərdə əbədi yaşayan şəhidlərimizə böyük ehtiramın, həmçinin Vətənimizə, müstəqil dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza sədaqətin ifadəsi kimi səslənib.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq deyib: "Bir neçə gündən sonra Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümüdür. Dövlətimizin təhlükəsizliyinin təminatçısı olan ordumuzun şəxsi heyəti yüz il ərzində ilk dəfə olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərimizi ilə azad edərək öz peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayır. Buna görə də ilk növbədə şəhidlərimizə minnətdarıq, onları tərbiyə edən valideynlərə minnətdarıq. Qazilərimizə və bu gün sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan igid oğullarımıza, onların arxasında dağ kimi möhkəm dayanan xalqımıza minnətdarıq. Azərbaycan ordusu 1918-ci ildə yaradılan ordunun varisidir və varislik ənənələrinə həmişə sadiqdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Cümhuriyyət ordusunun qısa tarixi-qəhrəmanlıq tarixidir, xalqa və Vətənə sədaqətli xidmətin ən gözəl nümunəsidir. Zaman keçdikcə Azərbaycan dövlətçiliyinin keşiyində dayanan Azərbaycan oğulları bu şərəfli tarixə söykənəcək və ondan dönə-dönə öyrənəcəklər.
Yüz il bundan öncə də Azərbaycan əsgəri Vətən torpaqlarını canı, qanı ilə qoruyurdu, bu gün də. Yüz il öncə də Vətən uğrunda savaşlarda şəhidlər verirdik, bu gün də. Yüz il öncə də Azərbaycan gəncinin döyüş ruhu, vətənpərvərlik hissi yüksək idi, bu gün də. Dünən də şəhid ata-anaları başını dik tutaraq "Təki Vətən sağ olsun!" deyirdi, bu gün də. Qələbə qurbansız, Vətən şəhidsiz olmaz. Bizi qələbədən-qələbəyə, daha nurlu gələcəyə aparan da məhz şəhidlərimizin müqəddəs ruhlarıdır və Vətən onların xidmətlərini bundan sonra da heç vaxt unutmayacaq, adları tarixdə əbədi yaşayacaqdır. Şair Davud Nəsibin bir şeirində deyildiyi kimi:
"Torpaqdan ucalıb yarananları,
Vətən zirvələrə qaldıracaqdır".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Həsənov məlumat verib ki, Vətən müharibəsində ən çox şəhid verən bölgələrdən biri də Cəlilabad rayonudur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" sərəncamından dərhal sonra şöbənin həyətində iynə atsaydın yerə düşməzdi. Əli silah tutan hər kəs cəbhəyə can atır, valideynlər övladlarını böyük ruh yüksəkliyi ilə müharibəyə yola salır, ümumiyyətlə, bütün rayon qaynayırdı. Hər şəhid gələndə bütün əhali əllərində bayraqlar üzərinə dövlət bayrağı sərilmiş şəhid cənazələrini alqışlarla qarşılayır, böyük qələbəliklə son mənzilə yola salırdı. Heç kim ruhdan düşmür, hətta şəhid valideynləri övladları döyüşdə olanlara "Təki Vətən sağ olsun!", "Qələbə qurbansız olmaz!" deyə təsəlli verirdilər. Hamını bir məqsəd, bir amal birləşdirirdi: "Təki torpaqlarımız tezliklə işğalçılardan azad edilsin".
Vətən müharibəsində şəhid olmuş sevimli şagirdini yada salaraq kövrələn Adıgözəl Ağaverdi oğlunun çıxışı bütün tədbir iştriakçılarına qürurverici anlar yaşadıb. O "Təki Vətən sağ olsun!" deyərək çıxışını şeirlə tamamlayıb:
Ürəyində Vətən varsa,
Güc olacaq qollarında.
Hara getsən, hara varsan,
Şam yanacaq yollarında.
Hər iki oğlu Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçən İsabala İsayev deyib "Mənim hər iki oğlum kəşfiyyatçı idi. Təbrizim Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşdə şəhid oldu, Pərvizim isə yaralanmasına baxmayaraq yenidən döyüşə qayıtdı. Meşələrdən, dağlardan, qayalıqlardan keçərək, qəlbimizin paytaxtı Şuşa şəhərinədək döyüşüb şəhid qardaşının və digər şəhid silahdaşlarının intiqamını artıqlaması ilə aldı. Pərvizim bu gün də Şuşada Azərbaycan Ordusunun sıralarında xidmətini layiqincə davam etdirir. Əgər lazım olarsa, mən də istənilən vaxt oğlumla bir səngərdə vuruşmağa hazıram. Bu Vətən bizim Vətəndir və biz hər birimiz də bu Vətənin əsgəriyik. Təki Vətən sağ olsun!"
Şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayevin çıxışı qısa olub: "Oğlum Vətən müharibəsində hərbi əməliyyata kapitan kimi getdi. Şəhid olaraq "Vətən Müharibəsi Qəhrəmanı" kimi qayıtdı. Başımızı el içində uca elədi. Təki Vətən sağ olsun! Oğul düşmən çəpəri deyilmi?!"
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Məhərrəm Əliyev Füzulidən Daşaltıya qədər ağır və şərəfli döyüş yolu keçib. Sanitar-təlimatçı kimi atəşlər altında onlarla yaralıya ilk tibbi yardım göstərib, onları təxliyyə edərək ölümün caynağından qurtarıb. Aldığı xəsarətlərdən nitqində qüsurlar yaransa da, əsasına söykənərək səhnəyə çıxıb, döyüş xatirələrini söyləyib və o da qürurla "Təki Vətən sağ olsun!" deyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş kapitan Qəzənfər Bağırlının çıxışı alqışlarla qarışlanıb. O deyib: "Müzəffər Ali Baş Komandanımızın mənə verdiyi bu yüksək fəxri ad hər bir şəhidimizə, qazimizə, hər bir Vətən müharibəsi iştirakçısına verilən mükafat və göstərilən diqqətin təzahürüdür. Hər bir döyüşçü qəhrəmanın "Qızıl Ulduz"unun zərrəsidir. Unutmayaq ki, ulduzlar heç vaxt sönmür. Mən sönməz ulduzların, onların valideynlərinin qarşısında baş əyir, şəhid analarının əllərindən öpürəm. Təki Vətən sağ olsun!"
Şəhid baş leytenant Elçin Ağayevin atası Zakir kişi çıxış edərək "Mənim oğlum da zabitlik peşəsini özü seçmişdi. Müharibənin ilk günündən döyüşlərdə fərqləndi. Qarabağın mirvarisi olan Şuşanı azad görmək istəyirdi. Nə etməli ki, Şuşanı görmək oğluma qismət olmadı. O da qanlı döyüşlərdə şəhid oldu. Mən oğlumla fəxr edirəm. O, ölməyib. Bu günlərdə qızı dünyaya gəldi. Adını Şuşa qoymuşuq. Şuşamızın adı bundan sonra həm də şəhid qızının, şəhid nəvəmin adında yaşayacaq. Təki Vətən sağ olsun!" deyib və tədbir iştirakçılarını iyulun 7-də oğlunun iştirakı olmadan keçirəcəyi ad günü tədbirinə dəvət edib.
Motoatıcı bölük komandiri baş leytenant Bayram Babaşov iki qardaşı ilə Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanıb. Qardaşları ali hərbi təhsil almasalar belə, onlar da talelərini Vətənə xidmətə həsr edib, müddətli həqiqi hərbi xidmətlərini başa vurduqdan sonra kurs keçərək Azərbaycan Ordusunda xidmətlərini davam etdiriblər.
Hər üç qardaş Murovdağ istiqamətində döyüşlərə qatılıb. Böyük qardaş baş leytenant B.Babaşov şəhid olub, Nurlan ağır yaralanaraq qolunu itirib, Vüqar isə yaralandıqdan sonra bir müddət hərbi hospitalda müalicə olunub və bu gün də hərbi xidmətdədir.
Tədbirdə iştirak edən şəhid zabit Babaşovun qardaşları başlarını dik tutaraq "Təki Vətən sağ olsun!" deyib və hər kəsi hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyiblər.
Müharibənin ən ağır günlərində arxa cəbhədə Qələbə naminə səylərini əsirgəməyən, daim şəhid ailələrinin yanında olan, onların qayğı və problemlərinin həlli üçün əllərindən gələni əsirgəməyən rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəsmiləri də çıxış edərək şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirib, xalqımıza qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərlərinə minnətdarlıq edib və onlar da qürurla "Vətən sağ olsun!"deyiblər.
Şəhid ailələrinə və tədbir iştirakçılarına polkovnik A. Qurbaninin "Vətən müharibəsi şəhidləri" silsiləsindən Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr etdiyi xatirə kitabları hədiyyə edilib.
Tədbir Davud Nəsibin aşağıdakı misralarının səslənməsi ilə başa çatıb:
Gəlin torpaq haqda danışmayaq çox,
Torpaq nə sənindir, nə də mənimdir.
Torpaq sinəsində gəzənlərin yox,
Onu ürəyində gəzdirənindir.
Sonda layihənin müəllifi polkovnik Abdulla Qurbani böyük iftixar hissi ilə deyib: "Bu gün şəhidlərimizin sayəsində həm torpağımızın sinəsində gəzir, həm də onu ürəyimizdə gəzdiririk. Təki Vətən sağ olsun!"