Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 15:15
Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsini nəzərə alaraq qərara alınır:
1. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılsın.
2. "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (bundan sonra - İdarə) nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
4. Müəyyən edilsin ki:
4.1. İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır;
4.2. İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
4.3. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən - sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.
5. İdarənin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının Prezidentinə:
5.1.1. İdarənin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.1.2. İdarənin idarəetmə orqanlarının yaradılması;
5.1.3. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
5.1.5. İdarənin ləğvi və yenidən təşkili;
5.1.6. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün İdarənin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
5.2. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinə:
5.2.1. İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
5.2.2. İdarənin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
5.3. İdarəyə:
5.3.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarənin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
5.3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. İdarənin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.5. Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etsin;
6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi İdarənin fəaliyyətinə nəzarəti həyata keçirsin.
8. İdarə onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
9.1. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin;
9.2. İdarənin fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;
9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.