Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 15:25
Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı qəbul etdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Səhhətində problem olan (allergik xəstəlik daşıyıcıları, kimyoterapiya qəbul edənlər, hamilə qadınlar-red.), bu səbəbdən peyvənd vurdura bilməyən vətəndaşların qərarda nəzərə alınmaması ciddi narazılıq doğurub. Əksəriyyət bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev diqqətə çatdırıb ki, ümumi ictimai mənafe ilə fərdi mənafe arasında balanslaşma aparılmalıdır:
"İctimai və fərdi mənafe var. Hökumət bununla bağlı balanslaşdırma siyasəti aparmalıdır. Məhdudlaşdırılan qrupun mənafeyinə ciddi ziyan dəyməməlidir. Ancaq bütün ölkələrdə olduğu kimi, bizdə də ictimai mənafe daha üstün tutulur. Ona görə də hökumət bəzən elə qərarlar qəbul etməyə məcbur olur ki, orada ictimai mənafe ilə fərdi mənafe arasında mütənasiblik pozulur".
Hüquqşünas bildirib ki, ictimai mənafeyə görə bəzi fərdilərin hüquqları pozula bilər:
"Hazırkı qərar da ona yol açır. Biz bilirik ki, həmin şəxslər əks effektə görə peyvənd oluna bilmirlər. Lakin buna baxmayaraq, onların müəyyən fəaliyyətinə məhdudiyyətlər qoyula bilər. Bu, kütləvi tədbirlərdə iştirakla da bağlıdır. Çünki onlar həssas qrupa daxildir. Yəni daha tez xəstələnib, xəstəliyi ağır keçirə bilərlər. Nəticədə həm özlərinə, həm ətrafdakılara ciddi təhlükə yaradarlar. Bu insanların xəstələnməsi böyük faizlə onların ölümü deməkdir. Bu, artıq bütün dünyada sübut olunub. Ona görə hesab edirəm ki, hökumətin belə qərar qəbul etməsi-həmin şəxslərin toylarda və digər tədbirlərdə iştirak etməməsi həm də onların öz mənafeyinə uyğundur. Bəzən şəxs deyir ki, "Nə olur olsun, mən yaxınımın toyunda iştirak etməliyəm". Ancaq bu, təkcə onun seçimi deyil. Hökumətin hüququdur ki, ictimaiyyətin təhlükəsizliyini qorumaq üçün belə məhdudlaşdırıcı tədbirlər həyata keçirsin".
Həmsöhbətimiz hesab edir ki, hökumət şəxslərə bu məhdudiyyəti qoymaqla insan hüquqlarının pozulmasına yol vermir:
"Ona görə də vaksin pasportu olmayan bu şəxslər toyda iştirak etsə, cəzalandırıla bilərlər. Görünür, bu qrupa aid olan şəxslərin toyda iştirakının qarşısını almaq üçün təşkilatçılar müəyyən məsuliyyət daşıyırlar. Onlar əvvəldən kimdə belə pasportun olduğunu bilməli, həmin şəxsləri toya dəvət etməlidir. Digər şəxslər dəvət olunmamalıdır ki, sonra onlar hər hansı hüquqi təqibə məruz qalmasınlar. İnsanların özünü hərəkətindən çox şey asılıdır, biz hamımız bu məsələdə məsuliyyətli olmalıyıq".