Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: İtaliya - Avstriya oyununun qalibi əlavə vaxtda bilindi - VİDEO

AVRO-2020: İtaliya - Avstriya oyununun qalibi əlavə vaxtda bilindi - VİDEO

Tarix: 27 Iyun 2021 09:46

AVRO-2020-də 1/8 final mərhələsi davam edir.

Milli.Az Apasport.az-a saytının məlumatına görə, pley-offun ilk günündə ikinci oyun da keçirilib.

Londondakı qarşılaşmada qrup mərhələsini qol buraxmadan və xal itirmədən başa vuran İtaliya millisi Avstriyanı sınağa çəkib. Turnirin favoritlərindən olan appeninlilərin bu matçda da asan qələbəsi proqnozlaşdırılırdı.

Lakin avstriyalılar güclü rəqibinə müqavimət göstərə bilib. İlk yarıda qolsuz bərabərliyi qoruyan Franko Fodanın yetirmələri ikinci hissədə hətta toru da silkələyib. Lakin Marko Arnautoviçin qolu VAR sisteminə baxıldıqdan sonra ofsayd qərarı ilə ləğv olunub. Bu hissədə də komandaların cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb və əlavə 30 dəqiqəyə ehtiyac duyulub.

90 dəqiqə güclü rəqibinə müqavimət göstərən avstriyalıların bundan artığına gücü çatmayıb. Əlavə vaxtda sonradan meydana daxil olan futbolçular Roberto Mançininin üzünü güldürüb. Federiko Kyeza və Matteo Pessina əlavə vaxtın ilk yarısındaca fərqi iki topa çatdırıblar.

Düzdür, Saşa Kalaydziç 114-cü dəqiqədə fərqi minimum endirib. Lakin qalan dəqiqələrdə üstünlüyünü əldən verməyən "Skuadra Adzurra" yoluna davam edib.

Danimarkadan sonra 1/4 finala yüksələn ikinci komanda olan İtaliya millisinin növbəti rəqibi bu gün bəlli olacaq. İtalyanlar Belçika - Portuqaliya cütünün qalibi ilə iyulun 2-də Münhendə üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final mərhələsi iyunun 29-da başa çatacaq.

23:00. İtaliya - Avstriya - 2:1

Qollar: Federiko Kyeza, 95, Matteo Pessina, 105 - Saşa Kalayciç, 114
Baş hakim: Entoni Teylor (İngiltərə)
London. "Uembli" stadionu

Milli.Az


Etiketlər:  AVRO 2020 İtaliya Avstriya oyununun qalibi əlavə vaxtda bilindi VİDEO


RƏYLƏR