Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

Tarix: 27 Iyun 2021 19:14

Bu gün "Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Yarımfinal mərhələsinin açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, idarəçi rəhbərlərdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və "Qarabağ Dirçəliş Fondu"nun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Yarımfinalın açılış mərasimində idarəçi rəhbərlər çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, "Yüksəliş" müsabiqəsi yeni nəsil idarəçiləri, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaq, onların potensialını lazımi sahələrə yönləndirmək, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün böyük əhəmiyyətli müsabiqədir.

İki gün davam edəcək yarımfinal mərhələsinin ilk günündə müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran namizədlər iştirak edib. Yarımfinalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, yarımfinal mərhələsindən öncə müsabiqənin İşçi qrupu heyəti, idarəçi rəhbərlər, iştirakçılar COVID-19 testindən keçiblər. Yarımfinal mərhələsi 28 iyun tarixində yekunlaşacaq.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Etiketlər:  Yüksəliş müsabiqəsinin yarımfinal mərhələsinə start verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ