Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 23:16
Şənbə günü ABŞ-ın Oreqon ştatında istinin yeni rekordu müəyyən edilib. Misli görünməmiş istilər Amerikanın bütün şimal-şərq ştatlarını bürüyüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mağazalarda bütün portativ kondisionerlər və ventilyatorlar satılıb, xəstəxanalar açıq havada vaksinləməni dayandırıb, şəhərlərdə sərinləmə mərkəzləri açılıb, beysbol komandaları bazar günü keçirilməsi nəzərdə tutulan matçları ləğv edib yaxud da başqa tarixə salıblar, kommunal xidmətlər isə ehtimal edilən elektrik enerjisi kəsilmələrinə hazırlaşıblar.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, şənbə günü Oreqon ştatının Portlend şəhərində havanın temperaturu 42,2 dərəcəyə qalxıb. Portlend şəhəri üçün bundan əvvəlki rekord istilik (41,7 dərəcə) 1965 və 1981-ci illərdə müşahidə edilib.
Şənbə günü Sietldə havanın temperaturu 38,3 dərəcə təşkil edib ki, bu da bütün müşahidələr tarixi ərzində həmin günü ən isti iyun gününə çevirib. Sinoptiklər bazar ertəsi temperaturun daha yüksək olacağını gözləyirlər. Həmin gün əksər istilik rekordları geridə qoya bilər.
Şərq ştatı olan Vaşinqtondan Portlendə və Cənubi Oreqonadək digər şəhərlərdə də isti rekord dərəcəyə çatacaq, bununla yanaşı, bəzi rayonlarda temperatur normanı keçəcək. Bu, mülayim havaya öyrəşən, ofislərin və yaşayış binalarının əksəriyyətində kondisionerlərin olmadığı region üçün təhlükəlidir. Vaşinqton Universitetinin professoru, qlobal istiləşmə və onun əhalinin sağlamlığına təsirini öyrənən Kristi Ebi qeyd edib ki, yaxın gələcəkdə belə hallar gündəlik olacaq.
Misli görünməmiş istilər ştatın iqtisadiyyatına da öz təsirini göstərəcək. Giləmeyvə yetişdirilməsi ilə məşğul olan fermerlər məhsulun korlanmaması üçün isti havada var gücləri ilə onu toplayırlar. Kolumbiya hövzəsinin balıq təsərrüfatının rəhbərləri isti axınının Sneyk çayında yaşayan və nəsli kəsilmək təhlükəsində olan qızılbalıq növündən olan balıqlara necə təsir edəcəyindən narahatdırlar.