Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 11:36
Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi ötən gün davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətləri məhkəmədə təkzibedilməz sübutlarla təsdiq edildiyi üçün hakim Əfqan Hacıyevin sədrliyi ilə hökm elan edilib. Belə ki, hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.
Uzun illərdir bizə məlum olan faktlar məhkəmədə bir daha öz təsdiqini tapdı. Və bununla da Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübuta yetirildi. O da məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər, Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib.
Təqsirləndirilən ermənilərdən biri bildirib ki, komandirləri Arsen Kazaryan onlara xüsusi tapşırıq verməklə Hadrut meşələrində yerləşdirib: "Bizə əvvəlcədən əmr verilmişdi ki, dayandığımız yerdən müşahidə edək. Azərbaycanlı əsgər gördüyümüz təqdirdə Kazaryana dərhal məlumat verək". Digər təqsirləndirilən şəxslərin isə noyabrın 26-dan 27-nə keçən gecə onları maşına yığaraq hara gətirdiklərini öncə bilməsələr də, səhər açılanda Laçında olduqlarını öyrəniblər. Hətta onların 10 noyabr bəyannaməsinin şərtlərindən xəbərsiz olduqlarını deməsi Ermənistan hərbi-siyasi rəhbərliyinin öz vətəndaşlarına həqiqətləri təhrif olunmuş formada çatdırdığını bir daha təsdqi edib.
İstintaq prosesi zamanı o da aydın oldu ki, ittiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə kəskin olduğunu göstərir. Bu da Ermənistan rəhbərliyinin ölkəsinin vətəndaşlarının dözülməz sosial durumundan istifadə edərək onlardan cinayət, terror aktlarında istifadə niyyətlərini üzə çıxarmış oldu. Təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrindən o da məlum oldu ki, ermənilər tərəfindən döyüşənlərin böyük əksəriyyəti hədə qorxu ilə orduya cəlb edilənlərdir. Biz bunun 44 günlük Vətən müharibəsi zamanı da şahidi olmuşduq. Ordumuz işğaldan azad etdikləri ərazilərə daxil olduqca erməni hərbi birləşmələrinə məxsus qənimətlər ələ keçirildikçə hərbi maşınlarda, səngərlərdə şəxsi heyyətin ayağına bağlanmaq üçün aşkar edilən zəncirlərdən nə məqsədlə istifadə edildiyi bir daha təsdiqini tapdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünə qarşı hökmünün bir adı var - Azərbaycan tərəfindən göstərilən humanizm. Bu məhkəmə prosesi Azərbaycanın humanizm ənənələrinə sadiq qaldığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Təhməz Əsədov