Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 21:15
Yayın qızmar istisində sərinləmək üçün kondisioner əvəzedilməz vasitədir. Lakin bu məişət texnikasının zərərli tərəfləri də var. Belə ki, kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəliklərinin, həmçinin allergiyanın yaranmasına səbəb ola bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmovun dediyinə görə, xroniki xəstəlikləri olanların kondisionerdən davamlı istifadə etməsi məsləhət deyil, çünki birdən-birə temperatur dəyişkənliyi bəzi infeksion xəstəlikləri artırır: "Otaqda kondisioner işləməsi ağciyərlərdə pnevmoniyası, bronxlarında iltihab olanlarda öskürəyin təkrar artmasına və yaxud allergik reaksiyanın baş qaldırmasına səbəb ola bilər. Hər hansı xroniki infeksiyası, öskürəyi, burun tənəffüsü problemi olanlar kondisionerdən nə qədər çox istifadə etsələr, o qədər də narahatlıq hiss edəcəklər. Kondisionerdən istifadə zamanı açıq havaya çıxmaq da yaxşı olar".
Kondisionerdən istifadə ürək-damar sistemi xəstəlikləri olanlarda da bir sıra problemlər yaradır. Həmin xəstələrin olduğu mühitdə temperatur 24 dərəcədən aşağı olmamalıdır.
Həkim-terapevt deyib: "Temperaturun kəskin dəyişməsi, məsələn, soyuq yerdən isti yerə və yaxud əksinə, isti yerdən soyuq yerə daxil olanda kardioloji xəstələrdə ürək-damar xəstəliyi riski artır, xroniki xəstəliklər kəskin mərhələyə keçir. Onlarda təzyiq oynamaları, infarkt və digər ürək xəstəliklərinin yaranma riski artır. Çünki hava şəraitinin kəskin dəyişməsi zamanı su-duz mübadiləsinin pozulması yaranır".
Cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma sisteminin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır. Bundan başqa vaxtaşırı otağın havası dəyişdirilməlidir. Çalışmaq lazımdır ki, körpə olan otağa kondisioner yerləşdirilməsin.