Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində yaralanmış gizir: Son damla qanıma qədər... - FOTO

Vətən müharibəsində yaralanmış gizir: Son damla qanıma qədər... - FOTO

Tarix: 9 Iyul 2021 23:18

Qismətimə qazi və ya şəhid olmaq yazılmışdısa da, bunun ilk döyüşlərdə baş verməsini qətiyyən istəmirdim. Çünki ən böyük arzum axıradək vuruşmaq və işğal altında olan torpaqları düşmən tapdağından azad olunmasını görmək idi. Sentyabrın 27-də Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşuldum. Sonra Cəbrayıl və Füzuli rayonlarının bir sıra yaşayış məntəqələri və həmin bölgədəki yüksəkliklərin azad olunması üzrə gedən döyüş əməliyyatlarında iştirak etdim. Son və ən əsas tapşırıq Şuşanın azad olunması idi.

Milli.Az bildirir ki, bu sözləri Vətən müharibəsində döyüşlərdə ağır yaralanmış Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri Rasim Rinatoviç Yaxin AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.

Rasim söhbətinə davam edərək deyib: "Noyabrın 6-da axşam Şuşanın azad edilməsi uğrunda hücum başladı. Uğurlu döyüş əməliyyatı nəticəsində bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Şəhərətrafı yüksəkliklər alınandan sonra, növbəti günün axşamı ermənilər həmin mövqeləri tank və minaatanlardan güclü atəşə tutdular. Yadımda o qalıb ki, qulağımda möhkəm səs əmələ gəldi və hər yer gözümə qırmızı rəngdə görünürdü, nəfəs almaq çətinləşirdi. Bir az sonra sol qolumda istilik hiss etdim. Baxdım ki, sol biləyim yoxdur. Bir səngərdə döyüşdüyüm Qazax rayonunun Çaylı kəndindən olan baş çavuş İsmayıl Qəsəbovu sirkələyib yardım göstərməyə çağırmaq istədim. Lakin döyüş dostum tərpənmirdi, şəhid olmuşdu... Çox cəsur döyüşçü idi... Sonra sanitarlar köməyə gəldi. Onlar ilkin tibbi yardımı göstərəndən sonra gecəni orada qaldıq. Səhərə yaxın yaralıları aparıb bir evə yığdılar və noyabrın 8-i axşam oradan təxliyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra isə Bakıya, Daxili Qoşunların Hərbi Hospitalına apardılar".

1988-ci il avqustun 4-də Bakıda anadan olan Rasim Yaxin orta təhsilini Səbail rayonundakı Etibar Əliyev adına 162 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini başa vurandan sonra Milli Qvardiyanın xüsusi təyinatlı bölməsinə daxil olub. 2011-ci ildən Daxili Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etdirib. Xidmət dövründə iki dəfə - bir dəfə Daxili Qoşunların Ali Hərbi Məktəbində, bir dəfə də Türkiyədə Jandarm Baş Komandanlığının Jandarm Özəl Asayiş Komandanlığında kurslarda təhsil alıb. Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə xidmətini davam etdirən gizir 2018-ci ilin mayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə yarımqrup komandiri olub. Hər zaman yüksək hərbi intizamı və qüsursuz xidməti ilə fərqlənən Rasim "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir sıra mükafatlarla təltif edilib.

Milliyyətcə tatar olan R.Yaxin üç dəfə əməliyyat olunub: "Qəlpə sol biləyimi aparmaqla yanaşı, sol gözümü və çənəmi üç yerdən dağıtmışdı. Daxili Qoşunların Hospitalında keçirdiyim əməliyyatlardan sonra bir qədər özümə gəldim, hazırda yaxşılığa doğru dönüş başlayıb. "YAŞAT" Fondunun dəstəyi ilə israilli həkimlər tərəfindən sol gözümə protez qoyulub. Bundan başqa, "KapitalBank"a olan kredit borcum Fond tərəfindən tam ödənilib. Göstərdiyi qayğıya görə "YAŞAT" Fonduna minnətdarlığımı bildirirəm. Üstündə iməklədiyim, ayaq açdığım, suyunu içib, çörəyini yediyim bu torpaq mənim üçün çox əzizdir. Onun uğrunda son damla qanıma qədər döyüşməyə hazıram".

O, Vətən müharibəsində ağır və şərəfli cəbhə yolu keçdiyi üçün "Azərbaycan Bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Vətən müharibəsində yaralanmış gizir damla qanıma qədər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ