Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı - FOTO

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı - FOTO

Tarix: 12 Iyul 2021 23:22

Qırx dörd günlük Vətən müharibəsi 30 ilə yaxın işğal altında olan torpaqlarımızın, o cümlədən Qarabağımızın incisi, mədəniyyət və incəsənət beşiyimiz olan gözəl Şuşa şəhərinin azad edilməsi ilə sona çatdı. Azərbaycan ordusunun haqq savaşı, özəlliklə də Şuşa şəhərinin rəşadətlə azad edilməsi bütün dünyada əks-səda doğurdu və tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk olundu.

Şanlı qələbədən ta bu günə qədər bütün gözlər işğaldan azad edilmiş torpaqlarımıza, xüsusən də Qarabağın tacı olan Şuşa şəhərinə dikilib. Şuşanın hazırkı vəziyyəti, dövlətimizin burada həyata keçirdiyi bərpa və quruculuq işləri, 30 ildən sonra keçirilən "Xarı bülbül" festivalı, Prezident, Ali Baş Komandan İlham Əliyevin, ictimaiyyət nümayəndələrinin, xarici qonaqların səfərlərini AZƏRTAC olaraq mütəmadi işıqlandırır, ölkə və dünya ictimaiyyətinə çatdırırıq. Şuşamız haqqında yazacaq yazılarımız, deyiləcək sözlərimiz hələ çoxdur. Bu yazımız isə Şuşa deyiləndə ilk yada düşən Cıdır düzü haqqındadır.

Cıdır düzü dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrangahı olub. O, şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində yerləşir. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir. Bir tərəfdə bir-birinin ardında sıralanmış və xalq arasında "Üçmıx" adlandırılan üç təpə yerləşir. Ətrafdakı sal qayaların, yaşıl örtüklü dağların, Günəşin qızıl şüalarına bürünmüş zümrüd meşələrin gözəlliyini təsvir etməyə söz yetmir. Cıdır düzündən bir qədər aşağıda "qırx pilləkən" deyilən dik pilləli yol Daşaltı dərəsindən axan Daşaltı çayına aparır. Mənbəyini Qarabağ silsiləsindən götürən çay buz kimi suyuq və şəffafdır.

Cıdır düzünün digər tərəfində üçrəngli bayrağımız vüqarla dalğalanır. Buradan baxanda aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür. Ərazi başdan-başa çəmənlik və çöl çiçəklərinə bürünüb. Bu mənzərəyə baxanda istər-istəməz illərdir ki, dillər əzbəri olan məşhur "Qarabağ" mahnısının sözləri yada düşür:

Bu çəmənlərdə gəzib

Vaqifin şux gözəli.

Ruhunu burdan alıb

Natəvanın qəzəli.

Bəli, bundan sonra bu çəmənlərdə elə Cıdır düzündə uyuyan böyük şairimiz Vaqifin vəsf etdiyi kimi el gözəllərimiz gəzəcək və şairlərimiz yenə də bu cənnət məkanın gözəlliklərindən ilham alaraq xan qızı Natəvan kimi öz poetik incilərini yaradacaq.

Çiçəklənmə mövsümü keçdiyinə görə təəssüf ki, çəmənlikdə Şuşa şəhərinin rəmzinə çevrilmiş xarıbülbül çiçəyi tapa bilmədik. Ancaq ərazidə dünyanın 13 ölkəsini təmsil edən 32 rəssam tərəfindən hazırlanmış "Xarıbülbül" maketlərini gördük.

Deyirlər, ən təsirli sözlər və ifadələri bəzən elə sükutun özü söyləyir. Qarşısında dayandığımız güllələrdən dəlik-deşik olmuş qaya parçaları kimi. Haqq savaşımızın şahidi olmuş bu qayalar igid oğullarımızın Qarabağın bu cənnət guşəsinin hər dağı, hər qaya parçası, hər qarış torpağı üçün necə savaşdıqlarını öz lal sükutları ilə hər kəsə söyləyirlər.

Qayaların üstündə bitmiş kəklikotu diqqətimi çəkir. Bir dəstə toplayıb qoxulayıram. Büllur kimi saf havanın və əsrarəngiz gözəlliklərin əhatəsində duyduğum bu ətir tanıdığım gözəl qoxuların, yəqin ki, ən əvəzsizi idi.

Gözüm yenə uzaqlara dikilir - göz işlədikcə bitib-tükənməyən gözəlliklər silsiləsinə. Dağlar arasında mavi səmada bir cüt qartal görünür. Vüqarlı dağların əzəli-əbədi və vəfalı sakinləri. Qanadlarını geniş açaraq tüstü-dumansız, barıt qoxusuz, sakit və azad səmalarda süzürlər. Sevinirəm, axı qartalsız dağlar elə sahibsiz torpaq kimidir. Tezliklə bu yerlərin əzəli-əbədi sahibləri də elə bu qartallar kimi öz doğma yurd-yuvalarına dönəcək. Xarıbülbül çiçəkləri çəmənləri bəzəyəcək, Şuşa dünyanın ən gözəl şəhərinə, Cıdır düzü isə ən şöhrətli məkanına çevriləcək.


Etiketlər:  Cıdır düzü əsrarəngiz gözəlliklər məkanı FOTO


RƏYLƏR