Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 13:57
"Ermənistanın regionda sabitlik istəyi hələ ki hiss olunmamaqdadır".
Bunu Sonxeber.net-a Ermənistandakı parlament seçkilərinin nəticələrini şərh edən politoloq Ceyhun Əhmədli deyib.
O bildirib ki, Ermənistan mövcud reallıqlara uyğun davranış sərgiləmir:
"Son vaxtlar istər sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazidə, istərsə də Ermənistan-Azərbaycan dövlət sərhəddində, o cümlədən Tovuzda və Naxçıvan istiqamətində biz Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozduğunu müşahidə etməkdəyik. Bu, bir tərəfdən Ermənistanın mövcud reallıqlara uyğun davranış sərgiləmədiyini göstərir və onu göstərir ki, Ermənistan hələ də ağıllanmayıbdır, 44 günlük Vətən müharibəsi bunlara kifayət qədər dərs olmayıb - belə bir təəssürat yaranır. Amma eyni zamanda burada başqa bir məsuliyyət tərəfi də var. Çünki son vaxtlar biz sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazidən atəşkəs pozulmasını daha intensiv şəkildə müşahidə etməkdəyik. Bu da əslində təkcə Ermənistanın yox, həm də elə həmin kontingentin öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirməməsi məsələsini ön plana çıxarır. Təbii ki, Ermənistan bu prosesdə günahkardır, amma eyni zamanda sülhməramlı kontingent özü də görünür, bu ərazidə sabitliyi və təhlükəsizliyi təmin etməkdə aciz qalır.
Rusiya sülhməramlı qüvvələri bu gün nümunəsi olmayan bir kontingentə bənzəyir. Çünki biz görmüşük ki, sülhməramlı qüvvə iki xalqın eyni ərazidə birgə yaşayışını təmin etməlidir. Yəni bunun mahiyyəti budur. Orada asayiş təmin olunmalıdır, orada birgə yaşayış normaları işlənib hazırlanmalıdır, vahid bir tənzimləyici mexanizm qurulmalıdır. Amma bu gün Qarabağın bəzi hissəsində yerləşmiş sülhməramlı kontingent sanki yalnız erməniləri qorumaq üçün bura gəlibdir. Bunun da anlaşılmaz bir yanaşmadır.
Azərbaycanın tam hüququ çatır ki, 5 ildən sonra sülhməramlı qüvvələrin ölkəmizdən çıxarılması ilə bağlı tələb ortaya qoysun. Bu, Azərbaycanın tam hüququdur və 5 il ərzində biz təbii ki, bu istiqamətdə öz dəyərləndirmələrimizi aparacağıq".
Təhməz Əsədov