Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verir

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verir

Tarix: 27 Iyul 2021 10:34

10:30

İyulun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

DİM-dən bildirilib ki, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi - 19184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17 min 159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır. 16 min 591 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2327 nəfər əvvəlki illərin məzunudur. 15 nəfər ali təhsil müəssisələrinin, 251 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 96 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Xatırladaq ki, iyulun 28-də IV ixtisas qrupu ilə yanaşı, I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin digər hissəsi (9421 nəfər) də iştirak edəcək.

-------

07:02

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bu barədə Milli.Az-a DİM-dən məlumat verilib. Bildirilib ki, iyulun 27-də keçiriləcək imtahanda 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulur.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi-müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Milli.Az


Etiketlər:  gün mindən çox abituriyent qəbul imtahanı verir


RƏYLƏR