Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 15:57
"Dövlət başçılarının telefon danışığı yenə də sinxron addımlar atacaqlarından xəbər verir".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Azərbaycan sonuna qədər, sonsuza qədər Türkiyənin yanında olacaq:
"Türkiyəni öz cənginə alaraq hələ də tüğyan edən meşə yanğınları qardaş Türkiyə dövlətini və xalqını narahat edib üzdüyü kimi Azərbaycan dövləti və xalqı olaraq da bizi dərindən narahat edir və üzür. Sözügedən məsələ ilə bağlı təəssüf və narahatçılıq keçirməklə yanaşı çətin günlər bizim qardaşlığımızın nə qədər sağlam təməllər üzərində qurulduğunu bir daha sübut etdi. Azərbaycan meşə yanğınları ilə mübarizədə Türkiyənin yardımına qaçan ilk ölkələr sırasında birinci yerdədir. Bu yardıma, dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, eləcə də media vasitəsilə Türkiyə cəmiyyətinin nüfuzlu şəxsləri, sosial şəbəkələr vasitəsilə sadə xalq 110 nəfərdən ibarət şəxsi heyət və 54 texnika yanğınla mübarizəyə cəlb olunan Azərbaycana dəfələrlə təşəkkür edib.
Avqustun 6-da Prezident İlham Əliyev yanğınlarla əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib, həlak olan insanlarla bağlı olaraq bir daha başsağlığı verib. Ölkə başçımız bir daha ifadə edib ki, nəinki yanğınların söndürülməsi, eləcə də yanğının törətdiyi fəsadların qarşısının alınmasında həmrəylik nümayiş etdirərək Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacaq. Azərbaycanlı mərd oğullarımız, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sözün məcazi deyil, həqiqi mənasında özlərini oda, həyatlarını riskə ataraq yanğınsöndürmə işində canla-başla iştirak edirlər. Sosial şəbəkələr vasitəsilə yol boyu sadə insanların onlara olan qardaşlıq sevgisi ən səmimi şəkildə bir millət, iki dövlət tərəfindən izlənir və böyük rəğbət qazanır. Telefon danışığı əsnasında ölkə başçımızın əlavə olaraq 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd etməsi, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirməsi bir daha sübut edir ki, biz əlimizdən gəldiyi qədər sonuna qədər, sonsuza qədər Türkiyənin yanındayıq. Heç şübhəsiz ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi bu əlavə dəstək Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümüdür.
Düşünürəm ki, telefon danışığı zamanı ölkə başçımızın Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verməsi və öz növbəsində də Ərdoğanın hər zaman Azərbaycanın yanında olmasını ifadə etməsi postmünaqişə dövründə gedən regional proseslər barədə də iki ölkə başçısının yenə də eyni fikirdə, mövqedə olmalarından və sinxron addımlar atacaqlarından xəbər verir. Heç bir güc xalqlarının milli maraqlarını prioritet tutan iki dövlətin liderinin əzmini qıra bilməz, Azərbaycanı, Türkiyəni və Azərbaycan-Türkiyə qardaşlığını zəiflədə bilməz".
Təhməz Əsədov