Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 14:54
Daha bir Olimpiya Oyunları tarixin yaddaşına qovuşdu. Başı bəlalı Tokio-2020 dünyanı özünə təslim edən pandemiya səbəbindən 1 illik yubanma ilə olsa da, nəhayət baş tutdu. Ancaq budəfəki Olimpiya Oyunları əlbəttə ki, Azərbaycan idmanı adına heç də uğurlu olmadı. 1996-cı ildən etibarən Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan bu dəfə azərkeşlərini sevindirə bilmədi.
Tokio 2020-yə qədər hər dəfə medal sayını artıran olimpiyaçılarımız, gündoğar ölkədə antirekordla yadda qaldılar. Rio 2016-da 18 medal qazanmaqla tarix yazan komandamız 32-ci Yay Olimpiya Oyunlarında cəmi 7 medalla kifayətləndi, üstəlik 21 ildən sonra ölkəmiz ilk dəfə qızıl medala həsrət qaldı. Bunun səbəbi isə heç şübhəsiz ki, komandamızın əsas medal ümidlərinin Tokioda uğursuz çıxış etməsidir. Təəssüf ki, bu idman meydanındakı qələbələr siyasi və döyüş arenasındakı qələbə seriyamızın davamı ola bilərdi.
Lakin çox yox, təxminən 9 ay bundan əvvəl Azərbaycanın qazandığı qələbə bu xalqın, bu millətin on illərdir həsrətlə gözlədiyi ən böyük qələbəsi kimi tarixə köçdü. Qısaca desək, Azərbaycan ən böyük qələbəni Tokio Olimpiadasına qədər əldə etmişdi. 2020-2021-ci illəri Azərbaycan üçün çox vacib və uğurlu illər adlandırmaq olar. Belə ki, xalqımız əsrlərdir davam edən erməni və havadarlarının işğalına qalib gəldi, tarix yazdı. Bununla da xalqımızın gələcəyi üçün mühüm Zəfər əldə edildi, yeni böyük qələbələr üçün zəmin yarandı. Biz həsrətində olduğumuz o qalibiyyəti 44 günlük savaşla döyüş meydanında düşmənlərimiz üzərində əldə etdik. Bu qələbə böyük bir xalqın illərdir üzərində gəzdirdiyi ləkəni yox etməklə yanaşı, dünyaya türkün nəyə qadir olduğunu göz önünə sərdi.
Bu amil bir daha göstərdi ki, Azərbaycanın 2020-2021-ci illərdə əsas diqqəti müharibədə oldu, bütün fikirlər Qarabağ ətrafında cərəyan edən hadisələrə yönəldi. Bunun nəticəsində də döyüş meydanında millət, xalq olaraq qələbə qazanmışıq. Əvvəl bütün cəmiyyət olaraq bir erməni güləşçini yıxanda sevinirdiksə, 44 günlük müharibə ilə Ermənistan ordusunu darmadağın etdik, dünyaya kimin qəhrəman, cəsur xalq olduğunu nümayiş etdirdik.
Heç şübhəsiz ki, bu tarixi Zəfər idmançılarımızın istər Olimpiya Oyunları olsun, istərsə də digər nüfuzlu qitə və dünya səviyyəli yarışlardakı çıxışına kölgə salmamalıdır. Yaponiyadakı olimpiada göstərdi ki, Pekin və Londondan sonra eyforiyaya qapılmaq olmazdı. İdmançılarımız bir qalibiyyətlə kifayətlənməməli, onlar idmanın müxtəlif sahələrinə adlarını həmişəlik həkk etməli, idman federasiyaları səhvlərini düzəltməlidirlər. Tokiodakı yanlışlıqlardan nəticə çıxarmaq lazımdır.
Ümid edirik ki, qarşıdakı Olimpiya Oyunlarında fərqli bir Azərbaycan komandası görəcəyik. Və yaxşı anlayırıq ki, bu qələbələr bizim artan gücümüzdən ziyadə, müxtəlif istiqamətlər üzrə əlimizi daha da gücləndirəcək. Çünki artıq məsuliyyətimiz daha da artıb. Azərbaycan bayrağı altında istənilən yarışa qatılan hər bir idmançımız artıq daha yaxşı anlamalıdır ki, onlar qalib xalqı təmsil edirlər və missiyaları da bu adı iştirak etdikləri turnirlərdə zirvələrə daşımaqdır.
Təhməz Əsədov