Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hücum planlaşdırır - Sülhməramlıların gözü önündə...

Ermənistan hücum planlaşdırır - Sülhməramlıların gözü önündə...

Tarix: 12 Avqust 2021 14:42

II Qarabağ müharibəsi bir çox qaranlıq məqamları, dostu, düşməni ayırd etmək baxımından da rəsmi Bakı üçün olduqca önəmli oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi dosta güvən, düşmənə dərd verdi.

Bəli, Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr üçtərəfli bəyanatından artıq 9 ay keçsə də, İrəvanın sərhəddə törətdiyi təxribatlar, Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi prosesinin həyata keçirilməsi (Məlumata əsasən, Ermənistan 12 "Kamaz", 3 "Ural" və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır.

Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir. İranın istər müharibənin ilk günündən sonuna qədər, istərsə də hazırda Qarabağdakı ermənilərə hər gün onlarla yük maşını ilə yardım daşımaqda davam etməsi fonunda hansısa regional təhlükəsizlik barədə danışmaq çox absurd görünər. 

Son vaxtlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin iddialı çıxışları (Ermənistanın müdafiə naziri Arşak Karapetyan bazar ertəsi, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, "Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır" - red), eləcə də, sərhəddə baş verən proseslər onu deməyə əsas verir ki, İrəvan ciddi şəkildə Rusiyanın dəstəyini hiss etməyə başlayıb. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvada Arşak Karapetyanı qəbul edərkən "Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq" deməklə Ermənistan hərbi-siyasi rəhbərliyinin özlərində son günlər bu qədər "cəsarəti" haradan tapdıqlarını da təsdiqləmiş oldu.

Qarabağdakı ermənilərin Muxtar və Şuşakənd arasındakı yeni döyüş mövqeləri inşa etmələri azmış kimi artıq Xocavənd-Xankəndi yolu boyunca, habelə Şuşanın yaxınlığında ermənilərin artıq 8 yeni mövqe qurması kimin beyninin məhsulu olduğu heç kimə sirr deyil. Bunun səbəbi isə gün kimi aydındır. Ermənistan öz revanşist niyyətindən əl çəkənə oxşamır. Əksinə, 44 günlük müharibədə məğlubiyyət səbəbləri olan kapitulyasiya aktına imza atmağa məcbur edən Şuşa məğlubiyyətilə barışa bilmirlər. Şuşanı yenidən işğala məruz qoymaq üçün ermənilər bütün vasitələrə əl atırlar. Üzdə özünü regionda sabitlik, sülh tərəfdarı kimi göstərən Rusiyaya məxsus sülhməramlı kontingentin erməni silahlılarının Şuşa ətrafında çoxalmasına, mövqelər qurmasına şərait yaratması isə Ermənstanın yenidən ərazi iddiaları üçün zəmin hazırlamaq deməkdir.

Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 10 noyabr bəyanatının 3-cü bəndində Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirilməsi, 4-cü bəndində isə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi qeyd edilib. Lakin bəyanatın icraata başladığı müddətdən az qala bir ilə yaxın vaxt keçməsinə, 3-cü bənddə göstərilən saydan da çox canlı qüvvə və texnikanın bölgəyə yerləşdirilməsinə baxmayaraq, erməni silahlı qüvvələrinin çıxarılması məsələsi nəinki ləngiyir, əksinə düşmənin mövqelərinin gücləndirilməsi üçün ona şərait yaradılır. 

Hələ bu azmış kimi Rusiya Sülhməramlı kontingenti utanmaz-utanmaz 9 avqust 17:45 radələrində Şuşa yaxınlığında baş verən atışmanı araşdırmağa başladığı barədə məlumat da yayır. Şuşa ətrafında ermənilərə yeni postlar qurmağa şərait yaradan da, erməni silahlı qüvvələrinin həmin ərazilərə həm şəxsi heyət, həm də ağır çaplı silah-sursat daşınmasına imkan verən də sülhməramlı, atışmanı araşdıran da? Məgər Rusiya anlamır ki, regional təhlükəsizlik üçün erməniləri Şuşa ətrafinda cəmləməkdən böyük təhdid, təhlükə ola bilməzdi?

Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə çıxarılması təmin olunmaq əvəzinə 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatı kobud şəkildə pozmaqla məşğuldurlar. Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması sülhməramlıların işinə böyük ləkədir. Bütün bunlar isə 10 noyabr bəyanatının kobud şəkildə pozulmasından başqa bir şey deyil.

Xüsusən də bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Ermənistanın sabiq müdafiə naziri David Tonayan da "yeni müharibələr, yeni ərazilər" adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi ki, onun da rüsvayçı aqibəti hər kəsə məlumdur. 

Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymazsa, Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq ədaləti bərqərar etdiyi kimi, bu müddəaları da güc yolu ilə həll edəcəkdir. Bu, ötən gün Azərbaycan Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına edilən xəbərdarlıq bəyanatında açıq-aşkar qeyd edilir. 

O da məlumdur ki, hazırda Azərbaycan mümkün olan bütün lazımı addımları atır. Bu addımların nədən ibarət olduğunu indi dilə gətirmək doğru olmaz. Necə ki, 44 günlük Vətən müharibəsində qalib gəlməyimiz, səssiz şəkildə vacib nüansları yerinə yetirməyimiz fonunda baş verdi. Bu gün rəsmi Bakı Ermənistan və onun havadarlarına xəbərdarlıq edir. Bu xəbərdarlıqların arxasında isə real əməllər dayanır.

Təhməz Əsədov


Etiketlər:  Ermənistan hücum planlaşdırır Sülhməramlıların gözü önündə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ