Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan bu addımı heç vaxt atmayacaq - Hərbi ekspert

Azərbaycan bu addımı heç vaxt atmayacaq - Hərbi ekspert

Tarix: 14 Avqust 2021 10:03

"Bizim hələ də Ermənistanla sülh müqaviləmiz yoxdur, yəni müharibə şəraitindəyik və təbii ki, müharibə şəraiti olduğu halda atəşkəsin pozulması, müəyyən revanşist bəyanatların səsləndirilməsi gözlənilən idi".

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən verilən hər hansı bir açıqlamanı qulaqardı etməli deyilik:

"Ermənistanda müdafiə naziri də daxil olmaqla, müəyyən rəhbər şəxslər "mif" xəstəliyinə tutulublar. Müdafiə nazirləri nədən danışır axı, əgər onun ordusu darmadağın edilibsə, silah-sursatının bir hissəsi ələ keçirilib, böyük hissəsi də darmadağın olunubsa? Arşak Karapetyanın "Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır" açıqlamsı sadəcə cəmiyyətə istiqamətlənmiş pafoslu çıxışdır. Digər tərəfdən Karapetyanın Müdafiə nazirliyində olan nüfuzundan, əvvəlki vəziyyətindən, oradan qovulmasından və sonra Paşinyanın qoltuğu altına girib orada yenidən onun etimadını doğruldub vəzifəyə gətirlməsindən xəbərdarıq. 

Azərbaycanın Ermənistan torpağında gözü yoxdur, bu addımı da heç vaxt atmayacaq. Bizim məşhur bir misal var: "Deyir, niyə hürürsən? Cavab verir ki, qorxutmaq istəyirəm. Soruşur, bəs onda quyruğunu niyə bulayırsan? Deyir ki, özüm qorxuram". İndi Karapetyanın bu açıqlaması da o seriyadan olan bir məsələdir. Bu, birinci dəfə deyil. Tonoyanın da aqibətini biz gördük. O da artıq istiqamətlər müəyyənləşdirmişdi, şəhərləri müəyyənləşdirmişdi, - hansı istiqamətdə genişlənmə gedəcək.

Bu açıqlama adi sözlərdir, amma biz bu sözləri qulaqardı etməli deyilik. Yəni bu, onu göstərir ki, Ermənistanda hələ də revanşist ideyalarla yaşayan müəyyən qüvvələr var. Biz bunu nəzərə almalıyıq. Azərbaycan Silahlı Qüvvələrinin bu gün öz döyüş hazırlığını yüksəltməsi, Silahlı Qüvvələri ən müasir silahlarla silahlandırmağa davam etməsi də məhz belə qonşunun olması və hər an hər bir təxribatın qarşısını almağa hazır olmasından irəli gəlir. Azərbaycanın yetərli qədər gücü, iradəsi, qələbə təcrübəsi var. Bu, çox vacibdir. Əgər Azərbaycanın torpaqlarına və Azərbaycanın maraqlarına zidd olan hər hansı bir hərəkət olarsa, Dəmir yumruq dərhal işə salınacaq və Silahlı Qüvvələr qarşısına qoyulan tapşırıqları Vətən müharibəsi zamanı yerinə yetirdikləri kimi, bundan sonra da yerinə yetirmək iqtidarındadırlar". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan addımı heç vaxt atmayacaq Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ