Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın xarici siyasətində CİDDİ DƏYİŞİKLİK

Azərbaycanın xarici siyasətində CİDDİ DƏYİŞİKLİK

Tarix: 16 Avqust 2021 16:58

"Prezident İlham Əliyevin "CNN türk"ə müsahibəsində ən diqqətçəkən məqam: Bir, Türkiyənin münaqişədəki rolunun vurğulanması oldu. İkincisi isə Azərbaycanın heç bir xarici təhdiddən çəkinmədiyini açıq şəkildə vurğuladı". 

Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Azərbaycan artıq bizim əleyhimizə çalışan ölkələri dost adlandırmaqdan, onlara göz yummaqdan əl çəkir:

"Prezident bu müsahibədə göstərdi ki, Türkiyənin rolu bu müharibədə nə qədər əhəmiyyətli olub. Orada açıq şəkildə bildirdi ki, əgər Türkiyə olmasaydı, bir çox xarici qüvvələr, Ermənistanın müttəfiqi olan qüvvələr münaqişəyə qarışaraq Azərbaycana əks tərəfdən döyüşə bilərdilər. Əslində bununla Prezident ictimaiyyətdə bir çox insana aydın olmayan məsələni ayird etdi. Biz bildik ki, Ermənistanın arxasında duran qüvvələrdən həqiqətən də münaqişədə iştirak etmək istəyənlər olub. Demək biz nə dərəcədə ciddi təhdidlə üz-üzə qalmışıq, II Qarabağ müharibəsində xarici müdaxilə ilə üzləşə bilərdik. Hansısa xarici qüvvələr birbaşa Ermənistanı müdafiə edərək münaqişədə bizim əleyhimizə açıq döyüşə girə bilərdi. Və burada Türkiyənin çəkindirici faktor kimi iştirak etməsi, Türkiyənin açıq şəkildə çıxış etməsi ki, əgər hansısa xarici qüvvədən müdaxilə olarsa, biz də müdaxilə edəcəyik, Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi, Türkiyənin Azərbaycanla olan bu starteji əməkdaşlığını, strateji yaxınlığını Türkiyəni "Ana vətən" adlandıraraq dövlət bir daha vurğuladı. 

Digər məsələ isə, Prezident ilk dəfə xarici qüvvələrə qarşı açıq şəkildə çıxış etdi. Bu, əslində son dövrlər bizim hakimiyyətin dəyişən xarici ritorikasına uyğun olaraq həyata keçirildi. Belə ki, indiyə qədər biz həmişə deyirdik ki, qonşu ölkələrlə bizim münasibətlərimiz normaldır, dost, müttəfiq ölkələrdir. Amma son bir neçə həftədə hər iki qonşumuza (Rusiya, İran) nota verməli olduq. Üstəlik, Müdafiə Nazirliyi açıq şəkildə Qarabağdakı ermənilərin separatçı meyillərini davam etdirərlərsə, Azərbaycan mövqelərinə hücum edərlərsə cəzalandırılacağını, tərksilah ediləcəyini, həmin ərazilərin birbaşa bizim nəzarətimizdə olmalı olduğunu bildirdi. Yəni Xankəndi Azərbaycanın nəzarətinə keçməlidir, oradakı ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu mesajlar açıq şəkildə verildi və bundan əlavə də sülhməramlıların ərazilərimizdə müvəqqəti yerləşdiyi, buranı tərk edəcəkləri vurğulandı. Əlavə olaraq sülhməramlıların missiyasını həyata keçirməkdə yaranan problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfinin narazılığı açıq şəkildə bldirildi. Artıq ölkə rəhbərliyi açıq şəkildə bildirdi ki, bizim əleyhimizə qoyulan bu şərtləri qəbul etmirik. Azərbaycan artıq bizim əleyhimizə çalışan ölkələri dost adlandırmaqdan, onlara göz yummaqdan əl çəkir. Çünki görünür ki, bizim onlara qarşı xoş münasibət göstərməyimiz, onların neqativ münasibətinə qarşı müsbət yanaşmamız öz effektini vermir. Biz bunu Prezidentin ritorikasında da gördük. Açıq şəkildə bildirdi ki, əgər hansı qüvvə müharibə istəyirsə, biz həmin qüvvəni darmadağın edə bilərik. Ermənistan yenidən savaş istəsə, bu, ona çox baha başa gələr. Amma biz müharibə istəmirik, müharibəni artıq bitmiş hesab edirik və sülh, inteqrasiya yolu ilə Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi hissəsindəki 25 min vətəndaşımızın (erməni əhalidən söhbət gedir - red) mehriban şəkildə bizimlə birlikdə yaşamasını, bizə interqasiya etməsini istəyirik".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın xarici siyasətində CİDDİ DƏYİŞİKLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ