Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 20:06
Son həftə ərzində koronovirusun yüksək yoluxuculuq qabiliyyətinə malik "alfa", "beta", "qamma" və "delta" ştammları yayılma coğrafiyasını genişləndirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qurumun məlumatına görə, əsasən də "delta" ştammının yayıldığı ölkələrin sayı həftə ərzində 142-dən 148-ə yüksəlib.
Ekspertlər "alfa", "beta", "qamma" və "delta" ştammlarını "narahatlıq doğuran variantlar" qrupuna daxil ediblər.
ÜST-nin bülleteninə əsasən, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkarlanan "alfa" ştammı hazırda 190 ölkədə (öncəki həftə ilə müqayisədə beş ölkə çox) dövr edir. Ötən ilin avqustunda Cənubi Afrika Respublikasında qeydə alınan "beta" ştammı 138 ölkədə (öncəki həftəyə nisbətən iki ölkə çox), bu ilin sentyabrında Braziliyada meydana gələn "qamma" ştammı 82 ölkədə (öncəki həftə ilə müqayisədə bir ölkə çox) müəyyən edilib. 2020-ci ilin oktyabr ayında Hindistanda ortaya çıxan "delta" ştammı isə həftə ərzində öz coğrafiyasını daha altı ölkə genişləndirib.
Təşkilatın məlumatına görə, avqustun 9-dan 15-dək dünyada yoluxma halları öncəki yeddi günlə müqayisədə 4 faiz artsa da, ölüm hallarının miqdarında ciddi dəyişiklik qeydə alınmayıb.