Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim-infeksionist: “Delta” ştamının klinik gedişatı vətəndaşlar arasında çaşqınlıq yaradır

Həkim-infeksionist: “Delta” ştamının klinik gedişatı vətəndaşlar arasında çaşqınlıq yaradır

Tarix: 18 Avqust 2021 23:30

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın aparıldığı dövrdə belə yüksək yoluxma sayı görmək heç də ürəkaçan deyil. Pandemiya başlayanda vaksinin ərsəyə gəlməsini böyük səbirsizliklə gözləyirdik. Hazırda müxtəlif peyvəndlər mövcuddur və peyvənd olunmaq yeganə çıxış yolumuzdur. Ölkəmizdə vaksinasiya prosesinin bir neçə aydır həyata keçirilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar arasında çaşqınlıq və peyvəndlənməyə həvəssizlik müşahidə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.

Həkim-infeksionist deyib: "Bundan əvvəlki dövrlərdə koronavirusa yoluxma sayları artanda statistik olaraq gündəlik rəqəmlərin 4-5 min olacağını gözləyirdik. Lakin hazırda yoluxma sayının 4-5 min arasında olacağı və ya 10 minə çatacağı haqqında fikir yürütmək çətindir. Səbəbi odur ki, viruslar mutasiyaya daha meyillidirlər. Mutasiya zamanı sürətlə bölünüb çoxalma, yayılma, bəzilərində isə ölüm faizinin artması kimi xüsusiyyətlər üzə çıxır. Hər mutant növün spesifik xüsusiyyəti olur. "Delta" növünün bir xüsusiyyəti sürətli yayılma qabiliyyətidir. Digər yandan həmin növün klinik gedişatının vətəndaşlar arasında yanlış anlaşılmasıdır. Belə ki, "delta" ştamının klinik gedişatı tipik COVID-19 kimi deyil, yəni halsızlıq, əzələ ağrısı, subfebril temperatur - 37,1°-37,2° hərarət yox, əsasən burun, göz axıntıları, göz qızartısı, boğaz ağrısı müşahidə edilir. Həmin əlaməti olanlar onu soyuqdəymə ilə qarışdırır və koronavirusa yoluxduqlarını düşünmürlər. Nəticədə digər insanlarla kontaktı davam etdirir və onları da yoluxdururlar. Bir nəfərin 10 nəfəri yoluxdurma tsiklini götürsək, hazırkı rəqəmlər bizi ciddi narahat edir. Sentyabr, oktyabr ayları yuxarı tənəffüs infeksiyalarının aktivləşdiyi bir dönəmdir. Düşünürəm ki, həmin aylarda koronavirusa yoluxma sayında da piki görə bilərik".

Onun sözlərinə görə, SARS-CoV-2-yə, yəni yeni növ koronavirusa uşaqların yoluxmadığı deyil, onların xəstəliyi rahat və heç bir klinik şikayət olmadan, 1-2 günlük simptomatik əlamətlərlə keçirdiyi və hospitalizasiyaya ehtiyacı olmadığı müşahidə edilirdi. "Delta" ştamının təhlükəli cəhətlərindən biri uşaqlar arasında sürətlə yayılma, ağciyər, kardiovaskulyar, doğuşdan hər hansı bir patologiyası olan uşaqlarda daha ağır gedişata malik olmasıdır. Uşaqlarda immun sistem daim aktivdir deyə böyüklərə nisbətən onun öhdəsindən tez gələ bilərlər. Lakin bu dönəmdə pediatr-infeksionist nəzarəti altında olmaları tövsiyə edilir.

"Delta" ştamı cəmiyyətimizdəki boşluqlardan istifadə edərək daha sürətlə yayıla bilər. Dünyada bunun qarşısını almaq üçün sadə və həyat qurtaran şərtlər var: sosial və fərdi gigiyena qaydalarına əməl etmək, ara məsafəsi saxlamaq və maska istifadəsi. Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına dair qərar verəndə vətəndaşlara deyirdik ki, yumşaldılmalar pandemiyanın bitməsi anlamına gəlmir. Hər zaman deyildiyi kimi yumşaldılma tədbirlərinin tətbiqi vətəndaşlardan asılıdır. Qaydalara əməl edilərsə, vaksinasiyada aktiv iştirak olarsa, sərtləşmə tədbirlərinə ehtiyac qalmayacaq. Biz özümüzü, ətrafımızı düşünərək mütləq şəkildə vaksinasiya olunmalıyıq. Dünya tibb tarixindən bəllidir ki, yayılan virus infeksiyaları ilə ən səmərəli və effektiv mübarizə üsulu vaksinasiyadır. Hazırkı dövrədək Azərbaycanda koronavirusun üç böyük dalğası olub. Vaksinasiya həmin dalğalara nisbətən bu dəfə COVID-19-a yoluxma sayının azalmasına kömək edə bilər. Hər kəs bilməlidir ki, vaksin müalicə vasitəsi deyil, ondan sonra da xəstəliyi keçirmə riski qalır. Lakin peyvənd olunanlar xəstəliyi yüngül keçirəcəklər. Hazırda Türkiyə və Azərbaycanda koronavirusa yoluxub reanimasiyada müalicə alan xəstələrin 70-90 faizi vaksinasiya olunmayanlardır".

Milli.Az


Etiketlər:  Həkim infeksionist Delta ştamının klinik gedişatı vətəndaşlar arasında çaşqınlıq yaradır


RƏYLƏR