Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəinki 3-cü, hətta 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yarana bilər - Professor

Nəinki 3-cü, hətta 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yarana bilər - Professor

Tarix: 23 Avqust 2021 10:22

Sön vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Eyni zamanda, tam vaksin olunanlara 3-cü dozanın da vurulacağı barədə informasiyalar dolaşır. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə 3-cü və daha sonrakı dozaların tətbiqinə ehtiyac olub-olmayacağı və digər sualları cavablandırıb.

Sonxeber.net müsahibəni təqdim edir:

- Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bunun qarşısının alınması üçün hansı önləyici tədbirlərin görülməsini məsləhət görərdiniz?

- Qonşu respublikalarda olduğu kimi, bizim ölkədə də koronavirusa yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Paralel olaraq ölüm sayı da çoxalıb. Mövcud vəziyyət bizi kədərləndirir və təhlükənin geniş xarakter almaması üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir. Pandemiyanın qarşısının alınması üçün hələ ki mütəxəssislərin tövsiyə etdiyi iki yol var. İlk növbədə insanlar vaksinasiya olunmalıdır. Bildiyiniz kimi, ölkə rəhbərliyinin göstərişi ilə əhali kütləvi şəkildə vaksinasiyaya cəlb olunub. Doğrudur, son məlumatlara görə, bu gün ölkə əhalisinin xeyli hissəsinə peyvənd vurulub. Amma məhz peyvənd olunmayanların hesabına yoluxanların sayı günü-gündən artmaqda davam edir. İkinci yol isə sosial məsafənin qorunması, qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə olunmasıdır. Əgər biz hava-damcı infeksiyasının yayılmasının qarşısını almaq üçün lazımi sosial məsafəni gözləyəriksə, infeksiyanın xəstədən sağlam insana keçmə ehtimalı kəskin şəkildə aşağı düşər. Xəstə maska taxırsa, onun ətraf mühitə virus yayma ehtimalı aşağı olur. Eyni zamanda qarşı tərəf də maskadan istifadə edirsə, onun yoluxması ehtimalı sıfıra bərabərdir.

- Azərbaycanda ayrı-ayrı ölkələrin istehsalı olan bir neçə peyvənddən istifadə olunur. Bəzən insanlar peyvənd seçimində çətinlik çəkirlər. Bir mütəxəssis kimi hansını məsləhət görərdiniz?

- Ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan "Sinovac"dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bizdə bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan "Pfizer" vaksinidir. Bunlarla yanaşı, Rusiya istehsalı olan "Sputnik V" vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir. Fərq etməz hansını seçirlər. Əsas odur ki, peyvənd olunsunlar.

İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Mən də izah edirəm ki, peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır. Bunun nəyi pisdir ki, siz peyvənd olunmayanlardan fərqli olaraq, virusa yoluxsanız belə, xəstəliyi ayaqüstü keçirirsiniz. Fərq bundan ibarətdir.

- Bəzi mütəxəssislər immunitetin davamlı olması üçün 3-cü dozanın qəbulunu məsləhət görürlər. Siz bu barədə nə deyərdiniz?

- Xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar. Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən 6 ay, 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın.

- Bəs 3-cü doza əvvəl vurulmuş iki vaksinlə eyni olmalıdır, yoxsa fərqli?

- Bu, mutasiyaya uğrayan bir virus olduğundan, bir formadan digər formaya keçir. Xatırlayırsınızsa, əvvəl COVİD-19 idi, sonra başqa ştamlar meydana çıxdı, indi "Delta" gəldi. Bunlar hamısı nəticə etibarilə koronavirusdur. Amma mutasiyaya uğradıqca, yüngül formaları üzə çıxır. Bu ştamlar bəzi xəstələrdə özünü ağır şəkildə büruzə verə bilər. Amma bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir. O ki qaldı 3-cü dozanın qəbulunda hansı vaksin vurulmasına, eyni də ola bilər, fərqli də. Düzdür, praktikada vaksin həmişə konkret ştamlara qarşı hazırlanır. Amma ştamlar qısa müddətdə mutasiyaya uğrayır, vaksinin hazırlanmasına isə çox vaxt lazım olur. Odur ki, hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığı üçün istənilən ştamma qarşı tətbiq etmək məsləhət görülür. Çünki əlimizdə olan vaksinin tətbiqi yalnız pandemiyanın yayılmasının qarşısının alınmasına xidmət edə bilər.


Etiketlər:  Nəinki hətta dozaların qəbuluna zərurət yarana bilər Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ