Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 20:18
Tokio 2020 Yay Olimpiya oyunlarına pandemiyaya görə iyulun 21-də start verildi. 18 gün davam edən oyunlarda Azərbaycan idmançıları 7 medal qazanaraq vətənə geri döndülər.
Azərbaycana medal qazandıranlardan biri də cüdoçu İrina Kindzerska (+78 kq) olub. O, ölkəmizi cüdo üzrə 4 bürünc medalla təmin edib.
Sonxeber.net xəbər verir ki, Ukrayna əsilli idmançı İrina Kindzerska Yenisabah.az-a müsahibə verib.
- İrina xanım, Olimpiya oyunlar haqqında təəssüratınız necə oldu?
- Olimpiada alışdığımız məcrada keçdi. Doğrudur, pandemiyaya görə təyin olunduğu vaxtdan gec keçirildi. O vaxta qədər çox çalışdıq, oyunlar keçirilərkən də müəyyən həyəcanımız vardı. Əlbəttə, əlimizdən gələni etdik, gələcəkdə bundan daha yaxşı uğurlar qazanacağımıza inanıram.
- Azərbaycan üçün qalib gəlmək necə hissdir?
- Bu, ilk qalibiyyətim deyil. 2017-ci ildən bu günə kimi azərbaycanlı cüdoçu kimi yarışlarda iştirak etmişəm. Bu mənim üçün çox böyük fəxrdir. Hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. Azərbayan mənim doğma vətənim kimidir. Burada heç vaxt ögey münasibət görməmişəm. Bilirəm ki, bundan sonra ölk mənə daha da doğmalaşacaq.
- Olimpiya günlərində hakimlərin idmançılarımıza qarşı haqsızlığına dair şikayətlər səslənib. O cümlədən Tokioda gümüş medal qazanmış güləşçi Hacı Əliyev "Yenisabah"a müsahibəsində bildirmişdi ki, bəzi epizodlarda hakimlər tərəfindən mənə qarşı haqsızlıq olub. Sizə qarşı da referilər haqsızlıq edibmi?
- Bilmirəm nəyə görə belə deyirlər. Mənim hakimlərlə bağlı heç bir iradım yoxdur. Məncə, onlar çox ədalətli davrandılar. Heç bir yardım etməsələr də, maneəçilik də törətmədilər.
- Qazandığınız mükafat və prezidentlə görüşünüz haqqında nələr deyə bilərsiniz?
- Hələ ki cənab İlham Əliyevlə görüşümüz olmayıb. Görüşün dəqiq tarixi bəlli deyil. Bu görüş medal qazanan bütün olimpiaçıların iştirakı ilə olacaq. Hər birimiz bunun intizarındayıq. Yeri gəlmişkən, Prezidentlə görüşə qatılacağımız üçün hər gün koronavirus testindən keçirik.
- Gələcəkdə Olimpiadalara qatılmağı düşünürsünüzmü?
- 5 ildir ki, çox gərgin məşqlərim olub. Çox yorğunam, indi sadəcə istirahət haqqında düşünürəm. Ümumi yorğunluğumu atmaq istəyirəm. Prezidentlə görüşə görə hələki istirahətə yollanmamışam. Amma qəbuldan sonra sənədlərimi də hazırlayıb mütləq vətənimə gedəcəyəm. Doğmalarım, xüssusən bacım üçün çox darıxmışam.
- İrina xanım, soyadınızı dəyişmək fikri necə yarandı?
- Soyadımı çoxdan dəyişmişdim. Lakin Olimpiadaya qədər qızlıq soyadımda qalmağa üstünlük verdim. Çünki idman cəmiyyətində hər kəs məni o soyadla tanıyır. Olimpiada başa çatdıqdan sonra bu məsələyə nöqtə qoydum. Artıq azərbaycanlı həyat yoldaşımın soyadını rahatlıqla işlədirəm, hər kəs məni o soyadla tanıyır - Əliyeva.
Qeyd edək ki, İrina Kindzerska 2017-ci ildən Azərbaycan millisində çıxış etməyə başlayıb. Millimizlə iştirak etdiyi İslam Həmrəylik Oyunları (2017) və Avropa çempionatında (2020) 2-ci, Dünya çempionatı (2017) və Avropa Oyunlarında (2019) isə 3-cü yeri tutub. O, 2013-cü ildə Ukrayna millisinin üzvü kimi Avropa çempionatının bürünc medalını qazanıb. Ukrayna əsilli cüdoçunun həyat yoldaşı keçmiş cüdoçu Həmid Əliyevdir.