Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 02:03
Dırnaqların soyulması- distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dırnaqların soyulma səbəbini aydınlaşdırmaq üçün mikoloqun konsultasiyası, dırnaq lövhəciyinin patogen göbələklərə görə müayinəsi, spektral analizin köməyilə mikroorqanizmlərin konsentrasiyasının təyini tələb oluna bilər. Dırnaq soyulmasından şikayət edən qadınlar ilk növbədə düzgün qidalanmağa diqqət etməlidirlər. Bu problem bəzən ekzogen və endogen amillərlə bağlı olur. Əllərin məişət kimyası, qələvi məhlullar, qaynar su ilə tez-tez təması dırnaqların soyulması ilə nəticələnir. Dırnaqların soyulmasının ən geniş yayılmış endogen səbəbi zülal, maqnezium, kalsium, kükürd, kremnium, sink, fosfor, selen çatışmazlığı ilə müşayiət olunan qeyri-düzgün, balanslaşdırılmamış qidalanmadır. Stress və ruhi vəziyyətlə bağlı problemlər də dırnaq soyulmasına səbəb olan əsas amillərdəndir. Əgər həll edə bilmədiyiniz problemlər və narahatçılıqlarınız vardırsa, bir psixoloq dəstəyi almağa çalışın. Bu problemləri həll etdiyiniz zaman dırnaq soyulmasının da hiss ediləcək dərəcədə azaldığını görəcəksiniz.Soyulan dırnaqların müalicəsi kompleks şəklində olub, tibbi və salon prosedurlarından ibarətdir. Orqanizmdə qida maddələri çatışmazlığını aradan qaldırmaq üçün vitamin-mineral kompleksləri, bioloji aktiv əlavələr, optimal pəhriz məsləhət görülür. Barmaqların distal falanqalarına isidilmiş təbii mum, parafin, ozokerit, müalicəvi palçıq applikasiyaları; fizioterapevtik prosedurlar (diatermiya, A və E vitaminləri ilə ultrafonofarez), masaj qənaətbəxş müalicəvi effektə malikdir. Dəniz duzu və efir yağları ilə əl üçün vannalar dırnaq matriksinin qan təhcizatı və trofikasını yaxşılaşdırır. Dırnaq lövhəciyinin quruluğunu aradan qaldırmaq üçün kutikula nahiyəsinə kosmetik yağlar və qidalandırıcı kremlərin çəkilməsi tövsiyə olunur.