Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyaya Cənubi Qafqaz şoku: “Bölgədən çıxacaq, çünki...” – Müsahibə

Rusiyaya Cənubi Qafqaz şoku: “Bölgədən çıxacaq, çünki...” – Müsahibə

Tarix: 31 Avqust 2021 21:00

"Qarabağdakı Vətən müharibəsi vaxtı Rusiyanın tutduğu mövqe Azərbaycanda da anti-Rusiya meyllərini gücləndirdi. Bununla yanaşı, biz unutmayaq ki, Rusiya bizim strateji tərəfdaşımız, qonşumuz və bir çox məsələlərdə müttəfiqimizdir. Buna görə də Rusiya başa düşür ki, düşünülməmiş addım və ya Bakıda qıcıq yarada biləcək ən kiçik qərar belə, Azərbaycanda ciddi siyasi rezonans doğura bilər. Bu səbəbdən də, Rusiya Azərbaycanla bağlı addımlarını yüz ölçüb, bir biçdikdən sonra atmağa başlayıb".

Milli.Az jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Rusiya Xarici İşlər Nazirliyinin bu günlərdə verdiyi bir açıqlama diqqət çəkdi. Açıqlamada Rusiya-Ermənistan müttəfiqliyinin yeni səviyyəyə qaldırılmasından danışılır. Rusiya bunda məqsədi nədir?

- Ermənistan həmişə Rusiyanın Cənubi Qafqazdakı forpostu və olub və olmağa davam edəcək. Bu nə Ermənistanın, nə də Rusiyanın seçimidir. Rusiya və Ermənistan arasındakı geosiyasi münasibətlər artıq elə bir həddə çatıb ki, bu ölkə Moskva üçün qulpu qırılmış çamadan kimidir: nə ata, nə də daşıya bilir.

Amma siyasi və geosiyasi baxımdan Ermənistan Rusiya üçün müstəsna əhəmiyyət kəsb edir. Regionun digər dövləti Gürcüstan birmənalı şəkildə Qərbə meylənib, Azərbaycan isə müstəqil siyasət yürüdür. Belə bir vaxtda Cənubi Qafqazda Rusiyadan tam asılı olan və Moskvadan idarə edilən bir kvazi-dövlətin mövcudluğu rusların planlarına tam cavab verir. Ermənistan nə iqtisadi, nə hərbi, nə də texnogen potensialı baxımından perspektivli bir ölkədir. Buna görə də, Ermənistan Rusiyanı siyasi və geosiyasi nöqteyi-nəzərdən maraqlandırır.

Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin format olunaraq, yeni səviyyədə qaldırılması şüarının səsləndirilməsi (mən bunu "şüar" adlandırıram) onu göstərir ki, İrəvanın qarşısına daha ağır şərtlər qoyulub. Ermənistan da bu şərtləri yerinə yetirməlidir. Ermənistanın Avropa Birliyindən külli miqdarda yardım alacağı Rusiyanı qıcıqlandırıb. Rusiya da Ermənistanın onun təsir dairəsi və asılılığından çıxmasına qətiyyən icazə vermək niyyətində deyil. Bu baxımdan, münasibətlərin yenilənməsindən söhbət gedir.

- Rusiyanın bu qərarının bir müddət əvvəl Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik bəyannaməsi ilə bir əlaqəsi varmı?

- Hesab edirəm ki, Şuşa Bəyannaməsi Rusiyaya xəbərdarlıq edildikdən sonra imzalanıb. Çünki Rusiya 10 noyabr bəyanatını imzalayan dövlətlərdən biri olmaqla yanaşı, Qarabağdakı Vətən müharibəsinin başa çatdırılmasında və bununla bağlı yekun bəyanatın imzalanmasında həm də aktor rolunu oynayıb. Şuşa bəyannaməsi heç bir dövlətə qarşı deyil, Rusiyaya qarşı isə heç deyil.

Söhbət ondan gedir ki, biz nə qədər nikbin şüarcı, vətənpərvər olsaq da, Azərbaycan kiçik dövlətdir. Bizim ətrafımızdakılar isə böyük dövlətlərdir, təbii ki, Ermənistan və Gürcüstan istisna olmaqla. Azərbaycan da məhz bu səbəbdən güclü tərəfdaş və müttəfiqə, eləcə də onu anlayan və özünün məramlarını dünyaya izah edə biləcək bir dövlətə ehtiyacı var. Bu dövlət də Türkiyədir. Çünki nə İran, nə də Rusiya bizə etibarlı və səbatlı tərəfdaş olmayıblar və olmayacaqlar. Onlar bizimlə sadəcə iqtisadi və strateji tərəfdaşdırlar və qonşularımızdır.

Şuşa bəyannaməsinə gəldikdə, bu, Azərbaycanın geosiyasi təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının qarantı, təminatı deməkdir. Bu, yüz il sonra imzalanmış analoji Qars müqaviləsi sayıla bilər. Bu baxımdan, Rusiya hansısa bir formatda və ya formada Azərbaycana qarşı adekvat addımlar atmaq niyyətində deyil. Bu, Azərbaycanın seçimidir və bununla razılaşmalıdır, başqa yolu da yoxdur. Əks təqdirdə, Rusiya birmənalı şəkildə Azərbaycanı itirə bilər.

- Son gəlişmələrdən belə təəssürat yaranır ki, Rusiya xarici siyasətdə əsas ağırlığını Cənubi Qafqaza salıb. Bunu nə ilə əlaqələndirmək olar?

- Bu, normaldır, yəni Kremlin davranışlarını anlayıram. Çünki Kreml uzun illərdir Cənubi Qafqazla yanaşı, Orta və Mərkəzi Asiya, eləcə də Yaxın Şərqdə gedən proseslərə təsir rıçaqları əldə etməyə çalışır. Rusiyanın qarşısında bir çox tənliklər var: Ukrayna, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan və s. Rusiya bu ölkələrdə geosiyasi olaraq uduzub. Birmənalı şəkildə onlara təsir imkanlarını itirib. İndi Cənubi Qafqaz da əldən çıxarsa, həm dünya bazarlarına alternativ çıxış yollarının itirilməsi, həm öz resurslarını dünya bazarlarına çıxarması üçün marşrut seçimlərinin məhdudlaşması, həm də siyasi baxımdan çox ciddi şəkildə dalana dirənə bilər.

Rusiya gözəl anlayır ki, hazırda Cənubi Qafqazda çox ciddi mövqe savaşı gedir. Rusiya ya geri çəkiləcək və onun yerini ABŞ-la Avropa Birliyi tutacaq, ya da bütün vasitələrini işə salaraq, bölgədəki mövqelərini itirməməyə çalışacaq. Oyun budur.

- Bəs Rusiyanın Cənubi Qafqazı itirməsi ehtimalı nə qədərdir?

- Rusiyanın Cənubi Qafqazı əldə çıxarmaq ehtimalı 90 faizdir. Çünki Rusiya düşündü ki, Abxaziya və Cənubi Osetiyada separatçılara dəstək verərək, bu bölgələri özünə birləşdirərək, Gürcüstana təzyiq edə biləcək. Amma bunun əksi oldu, Rusiya Gürcüstanı itirdi.

Eyni zamanda, Qarabağdakı Vətən müharibəsi vaxtı Rusiyanın tutduğu mövqe Azərbaycanda da anti-Rusiya meyllərini gücləndirdi. Bununla yanaşı, biz unutmayaq ki, Rusiya bizim strateji tərəfdaşımız, qonşumuz və bir çox məsələlərdə müttəfiqimizdir. Buna görə də Rusiya başa düşür ki, düşünülməmiş addım və ya Bakıda qıcıq yarada biləcək ən kiçik qərar belə, Azərbaycanda ciddi siyasi rezonans doğura bilər. Bu səbəbdən də, Rusiya Azərbaycanla bağlı addımlarını yüz ölçüb, bir biçdikdən sonra atmağa başlayıb.

Ermənistana gəldikdə, onunla bağlı Rusiyanın məramı çox bəsitdir: nəyin bahasına olur-olsun, onu əldən buraxmamaq. Hətta ehtiyac olarsa, Rusiya Ermənistanda qiyam və ya çevrilişin təşkilinə qədər gedə bilər.

- Qarabağdakı Rusiya sülhməramlılarının Laçın dəhlizindəki təlimləri də diqqətdən yayınmadı. Sülhməramlılar dronlara qarşı mübarizəni məşq etdilər. Onların bu addımlarını necə başa düşək: söhbət kimin dronlarına qarşı mübarizədən gedir?

- Adətən belə hərbi təlimlərdə potensial rəqibdən söhbət gedir. Potensial rəqib hər kəs ola bilər. Dünyanın bütün münaqişə bölgələrindəki sülhməramlılar PUA-ların təmrinlərini sınaqdan keçirirlər və məşq edirlər. Bu da onunla bağlıdır ki, ekstermistlər, terrorçular və separatçılar son vaxtlar sülhməramlılara hücumlarda dronlardan istifadə etməyə başlayıblar. Afrikada da, Asiyada da - münaqişə ocağı olan bütün bölgələrdə belədir. Rusiya da bununla özünə haqq qazandırır.

Qarabağa gəldikdə, indi söhbət kimdən gedir? Azərbaycan Rusiya sülhməramlılarına qarşı PUA-lardan istifadə etmir və etmək niyyətində deyil. Yəqin ki, Rusiya bu təlimləri təlim üçün keçirir, yəni müvəqqəti planlaşdırılmış təlimlərdir və bununla bağlı qabaqcadan Azərbaycana məlumat verilib.

Yaxşı olardı ki, sülhməramlılar ancaq öz öhdələrinə düşən işləri görsünlər. Amma biz görürük ki, onlar mamaçalıq edirlər, su daşıyırlar, ermənilərin milçəklərini qovurlar, ev tikirlər, atası rus, anası erməni olan uşaqların saylarını artırmaqla məşğul olurlar və s.

Rusiya sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərdə görməli olduqları əsas işlər həmin yerlərdə olan qanunsuz silahlı dəstələrinin zərərsizləşdirilməsi, tərksilah edilməsi, Ermənistan Müdafiə Nazirliyinin həmin bölgədəki hərbçilərinin çıxarılması, Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə qanunsuz yüklərin daşınmasının qarşısının alınması, erməni hərbçilərinin mülki geyimlərdə ərazilərimizə sızmasına yol verməmək və sair daxildir. Amma təəssüf ki, Rusiya sülhməramlıları bunlardan başqa hər cür işlə məşğuldurlar.

- Rusiya ATƏT-in Minsk qrupuna yeni həmsdər təyin etdi. Yeni həmsədr tanışlıq məqsədilə Bakıya gəldi. Minsk qrupu bölgədə hərbi qüvvələrini yerləşdirən, eləcə də Bakı və İrəvan arasında vasitəçilik missiyasını üzərinə götürən Moskvanın nəyinə lazımdır?

- Gəlsin, Bakıya arxeoloqlar da, tarixçilər də, latın dilini araşdıran filoloqlar da, assur və şumer tarixini öyrənənlər də gəlir. Minsk qrupu isə bizim üçün artıq tarixdir, heçlikdir. İndi Minsk qrupuna şumer-akkad sivilizasiyasının qalıqları kimi baxıram. Buyurub gəlsin, Bakıyla tanış olsun, küçələrimizə baxsın. Qanun çərçivəsində nə istəyir, etsin. Rusiya istədiyi vaxt Minsk qrupuna yeni həmsdər və onun köməkçilərini də təyin edə bilər. Amma onların nə işlə məşğul olacaqları mənə məlum deyil.

Vaxtilə Minsk qrupu bu məsələləri həll etməli idi: ermənilərin qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və yekun sülh müqaviləsinin imzalanması. Bununla bağlı "Madrid prinsipləri, "Kazan sənədləri" və sair kimi təkliflər irəli sürdülər. Amma indi Dağlıq Qarabağ, münaqişə və müharibə yoxdur, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılıb, yerdə bir neçə yüz erməni hərbçisi qalır ki, onlar da artıq hərbçi yox, Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquqa görə terrorçu sayılırlar. Yəni innən belə Minsk qrupunun nə işlə məşğul olacağı mənə maraqlıdır.

Yaxşı olardı ki, onlar öz adlarını "tarixi arxeoloji qrup" qoysunlar. Bəlkə qazıntı işləri ilə məşğul olmaq istəyirlər? Mən bilmirəm. Onların nə işlə məşğul olacaqları mənə qaranlıqdır. Çünki məşğul olmaq üçün iş yoxdur.

Milli.Az


Etiketlər:  Rusiyaya Cənubi Qafqaz şoku Bölgədən çıxacaq çünki Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ