Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Bakının sərt üzünü gördü - Azərbaycan Qarabağda nəzarəti gücləndirdi

Rusiya Bakının sərt üzünü gördü - Azərbaycan Qarabağda nəzarəti gücləndirdi

Tarix: 2 Sentyabr 2021 12:42

Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla Moskva görüşü bir çox məsələyə yenidən aydınlıq gətirdi. 

Aydın olan məsələrdən biri isə Rusiyanın Azərbaycanın qəti mövqeyi ilə üzləşməsidir. Rəsmi Bakı daha heç kimə güzəşt etmək fikrində deyil. Belə ki, Lavrov-Mirzoyan görüşündən belə nəticə çıxdı ki, 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın Minsk Qrupundakı yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu. Çox güman ki, səfərin səbəblərindən biri məhz Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri məsələsi olub. Rusiya öz vasitəçiliyini nümayiş etdirməklə Ermənistana "məndən başqası yalan" deməyə çalışmaqla yanaşı, "əsir-mina xəritəsi" məsələsini birdəfəlik həll edərək Qərbin bölgədə istənilən mövcudluğunu deaktiv etməyə çalışır. Amma görünür Xovayevin Bakı səfəri rəsmi Moskvanın gözlədiyi kimi yekunlaşmayıb. Elə buna görə də erməni jurnalistinin Azərbaycanın əsir mübadiləsinə dair öhdəlikləri güya yerinə yetirməməsi haqda sualına cavab olaraq Lavrov Ararat Mirzoyanla ötən keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında müxbirin simasında Ermənistanı və onun yeni nazirini verdiyi cavabla rüsvay edib. O bildirib ki, üçtərəfli bəyanatın indi Bakıda saxlanılan əsirlərlə (diversantlarla) əlaqəsi yoxdur. Azərbaycanda saxlanılan şəxslər əsir mübadiləsindən sonra, noyabrın sonunda saxlanılanlardı. 

Maraqlısı orasındadır ki, indiyə qədər ermənilər Azərbaycanı diversantları qaytarmamaqla bağlı hər dəfə günahlandırarkən, 10 noyabr sənədlərinə istinad edirdilər. Amma Lavrovun bu cavabı rəsmi İrəvanın daha bir bəhanəsini əlindən aldı. O ki qaldı Bakıdan Rusiya nümayəndəsi İqor Xovayevə "yox" cavabının səbəbinə, çox güman ki, Azərbaycan höküməti Moskvanın təklifinə həm mina xəritələrinin çox hissəsinin saxta olmasına görə, həm də sülhməramlı kontingentin Qarabağda separatçı rejimin qalıqlarına dəstəyinə cavab olaraq razılıq vermədi.

Bu sözləri təsdiq edəcək digər faktı diqqətə çatdırmaq istəyirəm: Prezident İlham Əliyev avqustun 14-də CNN Türk-ə müsahibəsi zamanı açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin böyük əksəriyyəti həqiqəti əks etdirmir: "Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərimizdə yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik".

Deməli, hələ o vaxtdan Bakının mövqeyi ortada idi. Artıq məlum idi ki, Azərbaycan tərəfi daha Ermənistanın "mina xəritəsi oyununa" arxayın olub, vaxt itirmək fikrində deyil, 30 illik işğala 44 günə son qoyduğu kimi, digər problemlərin də öhdəsindən heç kimə arxayın olmadan özü gəlməkdə qətidir.

Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son "Biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq" açıqlaması isə düşmənin müharibə ritorikasının bitib-tükənənə oxşamadığını göstərdi. Bu o deməkdir ki, Ermənistan regionda uzunmüddətli sülh tərəfdarı olmamaqla yanaşı, sabitliyə ən böyük təhdid olaraq qalmaqdadır. Şübhəsiz ki, bu cür revanşist bəyanatlar, Qarabağın dağlıq hissəsi ilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar onların fəlakətinə gətirib çıxaracaq. Hətta bu "siyasi kurs" Qafqazda gələcəkdə Ermənistan adlı dövlətin mövcudluğu məsələsini sual altına qoyur. Real təhlillər nəticəsində bu qənaətə gəlmək olar. 44 günlük müharibənin ağır nəticələrini aradan qaldırmaq, xalqı iqtisadi, sosial girdabın içindən çıxarmaqdansa, erməni xalqının aqibəti haqqında düşünməkdənsə, bəzi qüvvələr hələ də Qarabağın statusundan danışırlar.

Bütün bunlar azmış kimi hələ ötən gün yayılan məlumatlara görə, Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü" qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası"nda Ermənistandan qonaqların iştirakı da gözlənilir. Məlumata görə, hakim "Mənim addımım" fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizə qanunsuz səfər edərək iştirak edəcəyi deyilir.

Amma bundan bir gün öncə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov orduya "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin" əmrini verib. Əmr sentyabrın 2-dən, yəni erməni separatçı-terrorçuların qondarma "müstəqillik günü" keçirəcəyi tarixdən öncə verildi. Bu, onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Prezident İlham Əliyevin də dediyi kimi, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə nə baş verdiyini çox yaxşı müşahidə etdiyi kimi, Ermənistandakı proseslərdən də öncədən xəbər tutmaq, ona adekvat cavab vermək imkanına malikdir. 

Müdafiə Nazirinin bu əmri ilə Azərbaycan qarşı tərəfə "Xankəndi və digər rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır və əgər kimsə bizim ərazimizdə bizə qarşı təxribatlara əl atarsa, mütləq şəkildə Ordumuzun tutarlı cavabı ilə qarşılaşacaq. Bunu həm separatçılar, həm də sülhməramlılar bilməlidirlər" mesajı verdi. Bəli, Azərbaycan müharibə istəmir, amma savaşa da hazırdır...

Təhməz Əsədov


Etiketlər:  Rusiya Bakının sərt üzünü gördü Azərbaycan Qarabağda nəzarəti gücləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ