Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 21:05
Artıq bir neçə ildir ki, məşhur simalar onlara yazılan təhqir dolu şərhlərdən gileylənirlər. Bu hal əsasən, sosial şəbəkə yaranandan sonra başlayıb. İzləyiciləri tanınmış simaların paylaşımlarının altından onlarla bağlı mənfi fikirlərini belə bölüşməkdən çəkinmirlər. Son bir neçə ildir ki, bu aqresiya daha da artıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl Xalq artisti Röya Ayxan onu təhqir edən izləyicisini qeyri-qanuni yolla tapıb gətizdirmiş, onu üzr istəməyə məcbur etmiş və həmin anın videosunu çəkib yaymışdı. Bu hal həmin vaxt tənqid edilsə də, sonradan bunu təkrarlayan az olmayıb. Son günlər isə Röya izləyicilərinin şərh yazmasına imkan vermir. O, gah şərh bölümünü bağlayır, gah da ancaq dostlarının fikir yazmasına icazə verir.
Hətta bir çoxları təhqir yazanı polis vasitəsilə tapıb, üzr istətdirib. Onlar arasında müğənni Elvin Abdullayev, Kərim Abbasov, aktrisa Pərvin Abıyeva dəfələrlə açıqlamasında təhqir yazan izləyicini polisə verdiyini bildirib. Hətta Kərim bir dəfə həmin şəxsin videosunu da polis idarəsində çəkib yaymışdı.
Bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzlu iki izləyicisini polisə şikayət edib. Onlardan biri Rusiyada yaşayan azərbaycanlı xanım olub. Digəri isə Lənkəranda yaşayan gənc oğlan olub.
Rəqqasə Fatimə Fətəliyeva isə onu təhqir edən xanım izləyicinin profilini və fotosunu yayaraq, yazdığı sözləri yayımlayıb.
Ünvanına təhqir yazanların fotolarını sosial şəbəkədə paylaşanlar arasında prodüser Tarix Əliyev, şairə Nazilə Səfərli və başqaları da yer alıb.
Bəs görəsən, insanlar tanımadıqları birinə niyə təhqir yazırlar? Onlarda aqresivlik niyə bu qədər çoxdur? Həkim-psixoloq Gülər Əsədova Axşam.az-a açıqlamasında bildirib ki, insanlar özlərini bu cür azad hiss edirlər:
"Azadlıq anarxiya deyil, dərk edilən məsuliyyətdir. Müasir günümüzdə tənqid özü əlçatan olub. İnformasiya əsrində yaşayırıq. Bu gün fikir, nəyəsə münasibət bildirmək daha rahat olub. Amma fikir azadlığı deyəndə, insanlar ifrata varırlar. İfrat informasiya ilə yüklənmək də bura daxildir".
G.Əsədova deyib ki, insanda ancaq mənfilik görmək bir xəstəlikdir:
"Bir hadisədə müsbət heç nə görməyən, yalnız neqativ görən insanlarda bu xəstəlikdir. Daha əvvəl bir insanı təhqir etmək üçün resurslar az idi. İndi tanınmışların özəl həyatı, daim gündəmdə olmaları insanlara daha maraqlıdır. Bu da kütlənin çox məşğuliyyətinin olmaması ilə bağlıdır. İşinə və evinə tələsən insanlar heç vaxt girib kiməsə təhqir yazmaz. Bu cür mövzulardan uzaq olar. Bir insan çalışıb öz həyatına fikir versə, başqası onun üçün maraqlı olmayacaq. İnanın ki, həyat gözəldir. Kimdəsə neqativlik axtararaq, özünüzə də neqativlik yükləyirsiniz. İnsan sağlamlığını qoruyan iki faktor var: işini və həyatı sevməsi. Bunu Ziqmund Freyd deyib".
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev axşam.az-ın məsələ ilə bağlı sorğusunu cavablandırıb. O bildirib ki, təhqir edilən şəxsin onu yazanı məhkəməyə vermə hüququ var:
"Sosial şəbəkələrdə hansısa şəxsin təhqir olunması və digər xoşagəlməz hallarla bağlı qanunvericilik icrası məhkəmə səlahiyyətindədir. Hər iki şəxs sosial şəbəkədə məruz qaldığı təhqirlərlə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Qanunvericilik məhkəməyə verməyi tələb edir. Məhkəmə araşdırma aparır, sorğular verir, tapır. Bütün hallarda şəxsin tapılması da məhkəməlikdir. Müasir dövürdə həmin şəxsi tapmaq çox mümkündür. Bunun üçün hüquq mühafizə orqanlarının hər bir şəraiti var".
Məsələ ilə bağlı sosial şəbəkədə sorğu apardıq. "Niyə məşhurları təhqir edirsiniz" sualına yüzlərlə cavab gəldi. Kimi bunu paxıllıq, haqsızlıq adlandırdı. Amma böyük bir qism isə onlara olan aqresiyasını yenidən dilə gətirdi. "Özləri o həddə çatdırır", "Bəziləri özlərini o qədər ucuz tutur ki, qurunun oduna yaş da yanır", "İnsanları qıcıqlandıracaq şəkildə paylaşımlar edirlər", "Göstərişli həyatları ilə kasıb təbəqədə qıcıq yaradırlar", "Bəzən elə sözlər danışırlar ki, təhqir edənlərə haq verirsən", "Çünki özlərini onun-bunun ərinin gözünə soxurlar, gənc qızlar üçün pis örnəkdirlər", "Layiqdirlər, bir çoxları özünü kloun edib" kimi cavablar yazılıb.