Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqrar sığorta icbariləşir - VİDEO

Aqrar sığorta icbariləşir - VİDEO

Tarix: 6 Sentyabr 2021 14:28

10 hektardan artıq sahəyə subsidiya üçün sığorta tələb olunacaq

Aqrar sığorta sahəsində atılan yeni addım aparıcı fermer təsərrüfatlarının biznes dayanıqlılığını artırmaqla yanaşı, ölkənin ərzaq təhlükəsizliyinə də töhvə verəcək və ölkəni bir sıra məhsulların, məsələn, buğda idxalının asılılığından xilas edəcək.

Məsələ bundadır ki, bu il sentyabrın 1-dən başlayaraq, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda əlavələr edilib və düzəlişə görə, əkin sahələri 10 hektardan artıq olan fermerlər subsidiya almaq üçün mütləq elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyata düşməlidirlər, eyni zamanda mütləq qaydada öz əkinlərini sığortalamalıdırlar.

Aqrar Sığorta Fondunun rəhbəri Fuad Sadıqov REAL TV-yə müsahibəsində hökumətin bu addımını şərtləndirən səbəblərdən danışıb.

"Bu nə üçün lazımdır? Ümumiyyətlə, son 10 ildə dövlət fermerlərimizə 1 milyard 300 milyon manat civarında dəstək göstərib - müxtəlif subsidiya alətləri ilə - heyvanların gətirilməsi, texnikanın alınması, əkin subsidiyaları və s. Yəni bu dövlətin fermerlərə göstərdiyi yardım olub. Çox bir hallarda onun şahidi oluruq ki, baxmayaraq ki, fermerə əkin subsidiyası verilib. Bir 10 hektar ərazisi var və sahədən 10 min manatlıq məhsul gözləyir. Gözlənilməyən təbiət hadisələri olur, dolusu olur, seli olur. Nəticə etibari ilə nə baş verir? Baxmayaraq ki, dövlət 10 hektar taxıl sahəsinə toplam 2 min - 2 min 500 manat dəstək olub, nəticədə fermer ordana bir 10 min mantalıq məhsul götürsün. Nəticə etibarı ilə ərazi yanır. Fermerin itkisi heç kim tərəfindən qarşılanmır, ona görə ki, sığortalatmayıb".

Qaydaya görə, Azərbaycanda subsidiyalaşdırılacaq məhsulların siyahısını Subsidiya Şurası müəyyən edir. Şura həmçinin 10 hektardan artıq əkinləri məcburi sığotalanmalı məhsulları da seçəcək. Fond rəhbərinin dediyinə görə, bunlar bir bitki də ola bilər, bir neçə bitki də ola bilər, ümumiyyətlə maksimum 14 bitki olacaq. Çünki hələlik Aqrar Sığorta Fondu tərəfindən cəmi 14 bitki sığortalanır. Lakin sığortalanan bitkilərin sayının artması gözlənilir.

"Növbəti mərhələdə biz Aqrar Sığorta Fondu olaraq məhsullarımızın sayını 14-dən 41-ə çatdırmağı düşünürük və ölkədə əkilən, becərilən məhsulların 99 faizini əhatə etmiş olarıq. Növbəti illərdə artıq Subsidiya Şurası artıq hər il üçün o, 41 məhsulun içindən illik olaraq məhsullar seçəcək və onların 10 hektarından yuxarısının sığortalanmasını tələb edəcək. Burda da iki amil əsas götürülür, bu amillər ixrac yönümlü məhsulların sığortalanmasıdır, yəni dövlət təşviq edir ki, biz bunu istehsal edək və xaricə ixrac edək. Və Qida Təhlükəsizliyi prizmasından vacib olan məhsulların sığortalanması vacib olacaq".

Hələlik sığorta üçün seçiləcək bitkilərin dəqiq siyahısı bilinməsə də, onların içində buğdanın da olacağı güman edilir. Fond rəhbərinin dediyi kimi, bu addım ölkəni buğda idxalı asılılığından da xilas edə bilər. Məsələ bundadır ki, indiyə kimi bir çox əkinləri, məsələn arpanı buğda kimi qeydiyyatdan keçirirdilər ki, subsidiya ala bilsinlər. Çünki buğdadan fərqli olaraq, heyvandarlıqda arpa samanı daha çox tələb olunan yem sayılır. Əksər yerlərdə arpa sahələrindən daha çox məhsul götürülür və bazarda buğda ilə təxminən eyni qiymətə satılır.

Satış məqsədi ilə arpaya tələbat çoxdur - arpa fərdi təsərrüfatlarda heyvanların çəkisinin artırılması üçün istifadə edilir. Yəni fermer buğdaya görə subsidya alırdı, əldə etdiyi məhsulu statistikaya buğda kimi daxil edirdi, amma əvəzində bazara başqa məhsul çıxarırdı.

Məhz bu cür yanlış statistikanın hesabına Azərbaycan subsidiyalaşdırmaya bu qədər vəsait ayırmasına baxmayaraq, buğda idxalından xilas ola bilmir, ölkəyə hər il 1,5 milyon tona qədər buğda idxal edilir. 10 hektardan iri sahələrdə sığorta tələbinin qoyulması bu cür saxtalaşdırmaların qarşısını alır, çünki bitkinin doğru göstərilmədiyi aydın olanda fermer sığorta pulu ala bilmir. 10 hektar buğda sahəsi üçün indiki bazar qiymətləri ilə bu, ən azı 10 min manatdır. Aqrar sığorta məmurlarını aldatmaq da çətindir və arpanı buğdadan hətta peyk nəzarəti ilə belə seçə bilirlər.

İlkin hesablamalar bu addımın ölkədə real buğda istehsalını 100-120 min tona qədər artıra biləcəyini göstərir. Çünki ölkə üzrə elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyata düşmüş 600 min fermer təsərrüfatının yalnız 3,5 mininin əkin ərazisi 10 min hekatardan artıqdır, yəni aqrar sığorta real buğda əkinlərini 35 min hektara qədər artıra bilər. 10 hektar ərazidən əldə edilən 30-40 ton məhsulu da regional dəyirmanlara satmaq asandır, çünki məhsulun həcminin nisbətən çox olması logistika həllini asanlaşdırır. Subsidiyalaşdırmada qazanılmış bu təcrübə bütün əkinlərə yayılsa, ölkə doğrudan da buğda idxalından xilas olar.

Yeni qaydalara görə, işğaldan azad edilmiş ərazilərdə əkin sahələrinin sığorta əhatəsi xeyli genişləndiriləcək.

"İşğaldan azad edimiş ərazilərdə məşğulluğun, həm də kənd təsərrüfatının inkişaf etməsi üçün, ümumiyyətlə işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi istiqamətində kifayət qədər dövlət tərəfindən işlər görülür. Biz də Aqrar Sığorta Fondu olaraq kənd təsərrüufatı sahəsində çalışan fermerlərə məhz o regiona, xüsusi olaraq işğaldan azad edilmiş torpaqlarda bir sıra sığorta təminatları verəcəyik ki, ümumiyyətlə sığorta ənənələrində belə təminatlar verilmir. Bunlar, məsələn, müharibə şəraitində baş vermiş itkilərdir. Və yaxud hər hansı terrorçuluq fəaliyyətidir. Yaxud minaların partlaması nəticəsində heyvanların tələf olmasıdır. Ümumiyyətlə, heç bir sığorta şirkəti bu təminatı vermir, ona görə ki, istisnalardır"

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə güzəştli sığorta tarifləri tətbiq ediləcək. Ölkə üzrə sığorta tarifləri risklərin artıq olduğu ərazilərdə daha yüksəkdir. Məsələn, dolunun, sellərin və s. təbii fəlakətlərin daha az olduğu aran rayonlarında bir hektar buğdanın sığortası 7 manatdırsa, riskin ən yüksək olduğu Gəncə - Qazax zonasında 24 manatdır. Nəzəri olaraq, işğaldan azad edilmiş ərazilərdə əkin-biçin daha risklidir, yəni tarif yüksək olmalıdır. Amma Fuad Sadıqov bildirir ki, işğaldan azad edilmiş ərazilərdə tariflər üzrə böyük güzəşt ediləcək.

"Sığorta tariflərinə gəldikdə çalışacağıq ki, işğaldan azad edilmiş ərazilərdə ölkə miqyasında, bizim ölkədə iqtisadi zonalar üzrə risk xəritələri hazırlanıb. Və ən yüksək zonalarda yuxarı tariflər tətbiq edilib. Biz bunu təşviq edəcəyik ki, Qarabağ ərazisində, işğaldan azad edilmiş bütün ərazilərimizdə tariflərimiz minimum tarif olmsun ki, orada sığorta xidməti əldə etmək rahat olsun".

Bütün bunlar işğaldan azad edilmiş ərazilər da daxil olmaqla ölkə ərazisində aqrar istehsalın dayanıqlı və davamlı olmasını təmin ediləcək. Sirr deyil ki, əkinlərini sığorta etdirməmiş fermerlər təbii fəlakətlə üzləşəndə əllərindəki bütün vəsaiti itirirlər. Buna görə də, növbəti il əkin apara bilmirlər. Buna risk etmək də istəmirlər. Amma aqrar sığorta vəziyyəti dəyişir. Məsələn, əkdiyi 10 hektar buğdaya 70 manat sığorta pulu ödəyən fermer fors-major halla üzləşəndə 10 min manat sığorta pulu alır. Bu isə növbəti il əkin əkmək üçün böyük stimul verir.

Milli.Az


Etiketlər:  Aqrar sığorta icbariləşir VİDEO


RƏYLƏR