Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 20:05
Pandemiya aktyor və rejissorları teatra, tamaşaçıları afişalardakı yeniliklərə həsrət qoyub. Muzeylər açıldıqdan, orta və ali məktəblərə də açılış elan edildikdən sonra teatrların aqibəti məsələsi gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı bu mövzunun tez-tez müzakirə olunmasının əleyhinə olduğunu bildirib.
Aktrisanın sözlərinə görə, kənardan bu məsələyə ayrı-ayrı şəxslərin müdaxiləsi düzgün deyil:
"Biz hamımız bilirik ki, pandemiya qlobal bir məsələdir. Belə halda nə isə məsləhət vermək qeyri-mümkündür. Əlbəttə, istək ola bilər. İstəyə qalsa, təbii ki, mən də istəyirəm teatrlar tezliklə açılsın. Tək mən yox, bütün həmkarlarım. Əlqərəz, yaradıcı insanların hamısı tezliklə teatrların açılmasını arzulayır. Amma məsələ burasındadır ki, biz qlobal bir bəla ilə üz-üzəyik. Ona görə də kənardan bu məsələyə müdaxilə etmək olmaz. Arzuları dilə gətirə bilərik, ancaq təklif vermək olmaz. Çünki teatrları 5 günlük açmaqla nə etmək olar ki? 2 ildir aktyorlar səhnəyə çıxmır, 5 gün heç məşqə çatmaz. Ümumiyyətlə, bir qərar çıxan kimi digər sahələrin də müzakirəyə qoyulmasının əleyhinəyəm. Bu, müzakirə olunası məsələ deyil".
Afaq Bəşirqızı səhnəsiz qalsalar da, əsl sənətçilərin hər zaman istedadlarını qoruyub saxladığını deyib:
"Sənətçilər teatra geri döndüklərində böyük dəyişiklik olacağını düşünmürəm. Çünki bulağın suyu qurumadığı kimi, aktyorun da istedadı qurumur. Pandemiyanın, karantinin istedada təsiri yoxdur. Bu o zaman sənətçilərə təsir edərdi ki, iş hər yerdə davam etsin, amma aktyorlar evdə qalsın. Əsl aktyor heç bir nəyə baxmadan səhnə performansını da, adını da qorumalıdır. İstedad hər adama nəsib olmadığı kimi, həmin istedadı qorumaq da hər kəsə nəsib olmur. Ona görə də səhnəsiz qalan aktyorların qorxacağı heç nə yoxdur" .