Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistandan NÖMRƏ HİYLƏSİ - Yük maşınları ilə silah belə ötürülür?

Ermənistandan NÖMRƏ HİYLƏSİ - Yük maşınları ilə silah belə ötürülür?

Tarix: 15 Sentyabr 2021 14:50

"Qarabağın dağlıq hissəsinə müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlıları öz vəzifələrini icra etmirlər. Onlar İrandan gələn maşınların Qarabağa keçməsinə şərait yaradırlar. Burada iki tərəfin - Rusiya və İranın işbirliyi ortadadır".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Azərbaycanın Gorus-Qafan yolunda postlar qurmasında məqsədi Ermənistana daxil olan yük maşınlarının həqiqətən də Qarabağa daxil olub-olmayacağını bilməkdir:

"Rusiya iddia edir ki, biz İran yük maşınlarını deyil, Ermənistan qeydiyyat nişanlı maşınları Qarabağa buraxırıq. Ancaq onların həqiqətən də xəbəri var ki, İran maşınları Ermənistan sərhəddindən keçir və orada nömrəni dəyişərək Qarabağa Ermənistan maşını kimi daxil olurlar. Azərbaycanın yetərincə sübutları var ki, bu, Ermənistan maşınları yox, İran maşınlarıdır. Bu, Rusiya ilə Ermənistan arasındakı danışıqların nəticəsidir. Ola bilər ki, lap hətta bu maşınlar İran maşınları kimi sənədləşdirilib Qarabağa daxil olsun. Onu ruslar və ermənilər özləri daha dəqiq bilirlər. Burada Rusiya ilə Ermənistanın Azərbaycana qarşı işbirliyi ortalıqdadır. Rus sülhmərmlıları nə məqsədlə bu maşınları Qarabağa buraxır?

Təbii ki, Rusiya indi Xankəndində və onun ətraf ərazilərində olan erməni əhalinin həmin ərazilərdə qalmasına çalışır. Rus sülhməramlıları həmin ərazilərdə 20 min də olsa, 25 min də olsa əhali olduğu üçün Qarabağda mövcuddurlar. Bu əhaliyə görə Rusiya sülhməramlıları müvəqqəti olaraq bölgəyə yerləşdirilib. Sabah əhali oradan çıxıb getsə, yəqin ki, sülhməramlı kontingentin orada qalmasına da ehtiyac yaranmayacaq. Ona görə də sülhməramlılar çalışırlar ki, həmin ərazilərdə qalan erməni əhalinin işini yüngülləşdirsinlər. Digər tərəfdən, orada yaşayan əhalinin çatışmayan bu və digər problemlərini rus sülhməramlıları həll etməyə məcburdurlar, necə ki, edirlər. Bu günə qədər su, ərzaq çatışmazlığı zamanı sülhməramlı kontingentin ermənilərə dəfələrlə kömək etdiyindən xəbərdarıq. Sanki Rusiya Xankəndi və onun ətrafında yaşayan erməni əhalisinin təminatını öz üzərinə götürüb. Təbii ki, bu məsələlərdə Rusiya İranın yardımından istifadə edir. Düşünürəm ki, bununla bağlı Rusiya ilə İran arasında müəyyən razılaşma da var ki, onlar bu məsələdə bir-birinə kömək etsinlər.

Azərbaycanın Gorus-Qafan yolunda postlar qurmasında məqsədi İrandan gələn maşınları Ermənistana buraxmamaq və yaxud da yoxlamaq deyil. Sadəcə, Azərbaycan bilmək istəyir ki, Azərbaycan ərazisindən keçərək Ermənistana daxil olan o maşınlar həqiqətən də Qarabağa daxil olacaq, olmayacaq. Azərbaycanın bu məlumatı dəqiqləşdirməsi üçün əlində şübhəsiz ki, artıq sübutları da var. Rəsmi Bakı daha geniş məlumat əldə edərək İran tərəfini fakt qarşısında qoymaq üçün bu addımı atır.

Azərbaycanın Ermənistana gedən yüklərin qarşısını almaq məqsədi yoxdur. Təbii ki, Ermənistana daşınan həmin yük silah-sursat deyilsə, ərzaqdırsa, yaxud digər tələbat mallarıdırsa, Azərbaycan bunun Ermənistana keşməsində maraqlı deyil. Azərbaycan sadəcə olaraq o maşınların Ermənistana daxil olduqdan sonra yenidən Xankəndi və ətrafına gedib, getməməsini müəyyənləşdirmək üçün Qafan yolunda postlar qurub". 

Təhməz Əsədov


Etiketlər:  Ermənistandan NÖMRƏ HİYLƏSİ Yük maşınları ilə silah belə ötürülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ