Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 08:26
"Keşlə" futbol klubu hüquqşünas Aslan İsmayılovun feysbukda paytaxt təmsilçisi barədə yaydığı iddialara cavab verib.
Klubun mətbuat xidmətinin yaydığı bəyanatda bunlar qeyd olunub:
"Keşlə" və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, "İnter PİK" MMC ilə "Keşlə Futbol Klubu" MMC arasında 2017-ci il 23 oktyabrda "İnter Arena"nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin "Keşlə Futbol Klubu" MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, "İnter Arena"da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).
2019-cu il martın 1-də isə "Keşlə Futbol Klubu İctimai Birliyi" rəhbərliyi, "Keşlə Futbol Klubu" MMC-nin "İnter PİK" MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:
01.03.2019 - 3,000.00 (üç min) manat
24.07.2019 - 5,000.00 (beş min) manat
21.10.2019 - 3,000.00 (üç min) manat
26.11.2019 - 3,000.00 (üç min) manat
15.04.2020 - 2,000.00 (iki min) manat
10.09.2020 - 1,000.00 (bir min) manat
05.08.2021 - 2,000.00 (iki min) manat
02.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 - 2,890.00 (iki min səkkiz yüz doxsan manat)
Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait "Keşlə" klubu tərəfindən hissə-hissə ödənilib", - vurğulanıb.
Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov "İnter PİK" MMC ilə "Keşlə Futbol Klubu İctimai Birliyi" arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib:
"Aslan İsmayılovun "Keşlə" klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik".
Klub ödəniş çeklərini də rəsmi feysbuk hesabında paylaşıb.
Aslan İsmayılov da öz növbəsində "Keşlə"nin bəyanatını cavabsız qoymayıb. O, futbol klubunun bəyanatına cavab olaraq bildirib:
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ardınca "Keşlə" də mənə hədə-qorxu gəldi. Ancaq bunlar məhkəmə ilə yox, Prokurorluqla qorxudurlar. Yazdıqlarına və paylaşdıqları qəbzlərə diqqətlə baxın. Bunlarda vicdandan başqa, ağıl da yox imiş. Statusu bu gün, yəni 20 sentyabr 2021-ci ildə paylaşmışam. Bunlar da məni yalanda ittiham edib pulların ödənildiyini, yəni mənim yalan yazdığımı bildirirlər. Özlərinin paylaşdıqları qəbzlərdən də görünür ki, 5800 manat məbləğ bu gün, yəni 20.09.2021-ci il tarixində, yəni mən status yazandan sonra Paşa Bank vasitəsilə köçürülüb. Özü də pul alana tez çatsın deyə digər qəbzlərdən (standart yazılıb) fərqli olaraq, bu günə olan iki qəbzin Bank Qeydində "təcili" yazılıb. Ən yaxşı halda pul yiyəsinə sabah çatacaq. Bunların bu ağlı ilə futbolumuzun yaxşı günü ola da bilməzdi".
Qeyd edək ki, Aslan İsmayılovun məlum paylaşımı ilə bağlı AFFA da açıqlama yayıb.