Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - FOTO

Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - FOTO

Tarix: 24 Sentyabr 2021 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə bu gün jurnalın saytında işıqlandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

-Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Bununla belə, gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi?

-Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.

-"Dəmir yumruq" adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Nə üçün məhz bu ad qəbul edildi? Sizin rəhbərliyinizlə əks-hücum əməliyyatı planının hazırlanmasında kimlər iştirak edirdi?

-Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə "dəmir yumruq" ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim "dəmir yumruq" onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub.

-Müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün sınaqdır. Sirr deyil ki, ərazisinin bir hissəsi uzun onilliklər boyu işğal altında olduğu şəraitdə Azərbaycan bu müharibəyə hazırlaşırdı. Siz Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş həmin hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edə bilərsinizmi?

-Bəli, siz tamamilə haqlısınız. Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın - həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər.

Lakin təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik. Buna görə də praktiki olaraq mənim Prezident vəzifəsində olduğum birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb. Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi.

Əlbəttə, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı. Yaxşı məlumdur ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Biz, həmçinin 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu onlara baha başa gəldi. Biz, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində, necə deyərlər, qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Buna görə biz öz potensialımızı, nəyə qabil olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur.

-Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin "əl-qol atması" fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi?

-Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam.

Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır. Bundan əlavə, bilirsiniz ki, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə, - bu da cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir, - bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar, bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Eyni əhval-ruhiyyə cəmiyyətə də keçir. Üstəlik, hərbi əməliyyatların elə ilk günlərindən biz uzun müddət gözlədiyimiz qələbə sevincini daddıq. Artıq dediyim kimi, elə ilk gün yaşayış məntəqələri azad edildi. Cəmiyyət praktiki olaraq hər gün mənim "Twitter" səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən, nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik. Hərçənd, əlbəttə, çoxları başa düşürdü ki, müharibə - gedişi qabaqcadan bilinməyən məsələdir. Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla bizim etdiyimiz kimi sürətlə irəliləmək çox çətin idi. Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi.

-Hər bir müharibənin müəyyən xronologiyası var. Siz sentyabrın 27-dən başlayaraq qələbə ilə - Azərbaycan üçün xüsusi məna kəsb edən, strateji əhəmiyyətli və müstəsna dərəcədə rəmzi məna daşıyan Şuşa şəhərinin götürülməsi ilə başa çatmış əməliyyatın əsas mərhələlərini, əsas gedişini necə səciyyələndirərdiniz?

-Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

Mən Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı.

Hadrutdan qabaq - oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə, sonrakı əməliyyatı - Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.

-Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük. "Rossiya" telekanalının "60 dəqiqə" proqramının efirə çıxdığı gün rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Axşam vaxtı, ən münasib saatlarda on milyonlarla rusiyalı həmin verilişə baxırdı. Orada Siz də çıxış etdiniz, cənab Paşinyan da. Mən, necə deyərlər, cənab Paşinyanın bostanına daş atmaq istəmirəm, lakin Sizin çıxışınız siyasi zəfər, informasiya savaşında zəfər idi, - bunu çoxları gördü. Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi. Bax, bu informasiya tərkib hissəsi insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi. Şübhəsiz, burada həm Azərbaycan, həm də, cənab Prezident, şəxsən Siz müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz. Siz bu informasiya cəbhəsində müqavimət göstərməyə, irəli getməyə necə nail oldunuz?

-Deyərdim ki, bu da bir növ bədahətən oldu. Çünki döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında - həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti - nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim. Ona görə ki, bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatı və erməni diaspor təşkilatları onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların başlanğıcına və bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarlara nəzər salsaq, onlar, sadəcə, heç bir məntiqə uyğun gəlmir. Azərbaycan işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək Aktına bədnam 907 nömrəli düzəliş qəbul etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın birbaşa hərbi yardımından məhrum etdi, özü də təkcə hərbi yardımından yox. Zərərçəkmiş ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz qaldıq. Yeri gəlmişkən, bu düzəlişin qəbul edilməsində ABŞ-ın sonrakı rəhbərləri, administrasiyada çox yüksək vəzifələr tutmuş və indi də tutan rəhbərlər çox böyük rol oynayıblar. Bu düzəlişi belə əsaslandırırdılar ki, guya Azərbaycan Ermənistanı mühasirəyə alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları işğal edilib və bunu Ermənistanın mühasirəyə alınması adlandırırlar. Bunu ona görə deyirəm ki, erməni diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni, Ermənistanın etnik təmizləmələr aparmış, Xocalıda soyqırımı törətmiş, bütün tarixi və mədəni binaları dağıtmış təcavüzkar, işğalçı olması - bütün bunlar gizlədilirdi. Azərbaycan isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim edilirdi. İstər "Washington Post", istər "New York Post", istər "Figaro", istərsə də ABŞ-ın, Fransanın, Almaniyanın və bir sıra digər ölkələrin başqa kütləvi informasiya vasitələri ölkəmizi "Əliyevin diktator rejimi" adlandırırdılar. Beləliklə, erməni diasporunun hakimiyyəti - o isə Ermənistan Respublikasının hakimiyyətindən qat-qat güclüdür, - elə fon yaradır və şayiə yayırdı ki, belə diktator ölkədə erməni əhali özünü təhlükəsiz hiss edə bilməz və bu səbəbdən Dağlıq Qarabağ ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil statusa malik olmalıdır, halbuki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada hamı sülh və həmrəylik şəraitində yaşayır.

Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə də əlbəttə, düşünürəm ki, ilk növbədə, onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, "Rossiya" telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi.

-44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi, eyni zamanda, çox böyük sayda uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışa bilərsinizmi? Ona görə ki, bu münaqişəyə qədər istər Amerika Birləşmiş Ştatlarının, istərsə də hətta İsrailin bu cür yüksək texnoloji, uğurlu, səmərəli müharibə təcrübəsi yox idi. Siz buna necə, nəyin sayəsində nail oldunuz?

-Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelinə biz "Naqor" PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, "Sky Striker" almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı "Orbiter" PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz "Bayraktar TB2"lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi.

"Bayraktar"lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi "Roketsan" raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər "Naqor" ilə, zirehli texnika və digər hədəflər isə əsasən "Bayraktar TB2"lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, "Naqor" birdəfəlik istifadə silahıdır, ona görə də biz "Naqor" ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik.

Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, "Bayraktar TB2"lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb. Deməliyəm ki, döyüş əməliyyatları aparılan dövrdə bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə, burada bizim səhvlərimiz olmayıb.

-Üstəlik, Siz müsahibənin əvvəlində dediniz ki, əks-hücum əməliyyatının aparılması zamanı Sizin qarşıya qoyduğunuz vəzifələrdən biri dinc əhali arasında itkiləri minimallaşdırmaq, istisna etmək idi. Yüksək dəqiqliyə malik pilotsuz uçuş aparatları həqiqətən məhz hərbi hədəflərin, üstəgəl bir neçə nəzarət sisteminin nöqtəvi şəkildə məhv olunmasını təmin edir. Bu baxımdan bu uğurlu təcrübə Sizin əvvəl dediyiniz belə bir tezisi təsdiq edir ki, müharibəni beynəlxalq hüquq, müvafiq konvensiyalar və əlbəttə, məhz hərbi hədəflərin məhv edilməsi əsasında aparmaq vəzifəsi qarşıya qoyulmuşdu.

-Bəli, siz tamamilə haqlısınız və məhz bu səbəbdən erməni tərəfinin dinc əhali arasında itkisi çox az, bizim məlumata görə təqribən 30 nəfər olub. Fikrimcə, onlar da bu məlumatlar barədə mübahisə etmirlər. Onların əksəriyyəti artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər idi. Siz tamamilə haqlısınız ki, "Bayraktar"lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. "Bayraktar"lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə "Bayraktar"lar düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. Buna görə, artıq qeyd etdiyim kimi, onlar tankların çoxunu, sadəcə, atıb getmişdilər.

-İkinci Qarabağ müharibəsinin bütün dünyada aparıcı hərbi tədqiqat mərkəzlərinin xüsusi diqqətini cəlb etmiş daha bir səhifəsi Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin fəaliyyəti idi. Biz bunu xüsusən Şuşa şəhərinin azad edilməsi əməliyyatında əyani gördük. Məlumdur ki, bu qüvvələr təkcə Azərbaycan Müdafiə Nazirliyinin deyil, həm də digər strukturların, xüsusi xidmətlərin xüsusi təyinatlıları idi. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin məhz bu döyüş əməliyyatlarını necə xarakterizə edərdiniz?

-Bəli, siz tamamilə haqlısınız, Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.

Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər.

Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik.

-İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə, əsasən gecə vaxtı operativ-taktiki raket komplekslərindən istifadə etməklə zərbələr endirib. Biz bu dəhşətli gecə kadrlarını xatırlayırıq və Sizin müraciətiniz hamının yadındadır. O vaxt Siz dediniz ki, Azərbaycan vicdanla döyüşəcək, "Biz Ermənistanın hücumlarına bu cür raket zərbələri ilə cavab verməyəcəyik". Bununla əlaqədar, Azərbaycan insanlıq əleyhinə bu cür cinayətlərə beynəlxalq-hüquqi qiymət verilməsi üçün müəyyən orqan, ola bilsin beynəlxalq hərbi tribunal və ya hər hansı başqa struktur yaradılması təşəbbüsü irəli sürməyi planlaşdırırmı? Ona görə ki, həmin raket zərbələrinə istər hərbi, istərsə də siyasi baxımdan bəraət qazandırmaq olmaz. Çünki mülki əhali hücumlara məruz qalırdı. Yadımızdadır ki, Tonoyanın məlum doktrinasında məhz bu cür hərəkətlər nəzərdə tutulurdu.

-Siz tamamilə haqlısınız. Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur.

Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı..

Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi.

Tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir. Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.

İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik%2


Etiketlər:  Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu Nasionalnaya oborona jurnalına müsahibəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ