Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 20:28
Sentyabrın 26-da Şirvanda yaşayan nişanlısına zəng edib danışıb: "Neçə gündü könlümə dolma düşüb. Bir boşqab yarpaq dolması üçün darıxmışam. Oktyabrda məzuniyyətə çıxacağam. Tezliklə görüşərik. Az qalıb, lap az...".
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bir gün sonra cəbhədə döyüş əməliyyatları başlayır və gizir Elçin Əliyev də ilk gündən əməliyyatlarda iştirak edir. Sentyabrın 27-də tankçılar Lələtəpə yaxınlığında "Vilayət" adlanan postdan düşmənə əks-həmlə əməliyyatı ilə cavab verərək Cəbrayıl rayonun Daşbulaq kəndini və bir neçə kəndi erməni yaraqlılarından tamamilə təmizləyiblər. Sonra Nüzgar kəndi yaxınlığına qayıdarkən onların tankı minaya düşərək partlayır. Tankın heyəti bu zərbə nəticəsində müxtəlif dərəcəli xəsarət alsa da, döyüşü davam etdirir. Onlar hərbi qənimət kimi əldə etdikləri düşmən tankına keçərək əməliyyatları davam etdiriblər.
Sentyabrın 28-i daha bir uğurlu əməliyyat. Ermənilərin daha bir neçə əlverişli mövqeyi ələ keçirilir. Elçinin idarə etdiyi tankda nasazlıq olduğu üçün onu Milli Ordunun başqa bir tankı ilə əvəz edirlər.
Həmin günü əks etdirən bir videokadr var. Pəhləvan cüssəli Elçin tankın üzərində durub deyir: "Saat 7-yə işləyir, ekipaj düşmənə ağır zərbə vurmaq üçün əmr gözləyir".
Bu, həmin gündür. O gün ki, igid tankçılar yenə də döyüş tapşırığının öhdəsindən uğurla gəlirlər.
Sentyabrın 29-da Füzuli rayonunun Horadiz kəndinin yaxınlığnda yüksəklik düşməndən təmizlənir və həmin müşahidə məntəqəsi vasitəsilə magistral yola nəzarət etmək mümkün olur.
Günorta radələrində tankın mərmisi qurtarır, onlar hərbi texnikanı sursatla təchiz edib növbəti əməliyyata hazırlaşırlar. Elə bu vaxt tankçılar onların yanına düşən mərminin hədəfinə çevrilirlər, sürücü-mexanik Elçin Əliyev aldığı zərbədən elə orada şəhidlik zirvəsinə yüksəlir. Onun döyüş yoldaşı tuşlayıcı operator Kamal Əliyev iki ayağından, qolundan və çiynindən ağır yara alır.
Tank komandiri Rasif Quliyev həmin hadisəni belə xatırlayır: "Üç gün dalbadal aparılan uğurlu döyüş əməliyyatları nəticəsində bir neçə kəndi azad etdik, əlverişli mövqelərə yiyələndik. Həmin gün ermənilərin 12 tankını qənimət kimi ələ keçirdik. Növbəti hərbi əməliyyata hazırlıq məqsədilə tankı sursatla təchiz edərkən düşmənin hədəfinə tuş gəldik. Həmin vaxt mən tankın üstündə, Elçinlə Kamal isə tankın yanında idi. Yaxınlıqda partlayan top mərmisi Elçinin həyatına son qoydu, Kamal isə ağır yaralandı".
Milli Ordunun 25 yaşlı gizirinin Azərbaycan bayrağına bükülü tabutu Yardımlı rayonun Kürəkçi kəndinə gətirilir. Bütün kənd, qonşu kəndlərdən, rayon mərkəzindən gələn axın-axın insanlar, hərbçi yoldaşları qəhrəman Vətən oğlunu çox böyük hörmət və ehtiramla torpağa tapşırır. Elçin Əliyev Yardımlının Vətən müharibəsində həlak olan ilk şəhidi olur.
Toyu tutulu gənc canından çox sevdiyi ana Vətən, onun müqəddəs torpağını qorumaq üçün həmin torpağın bir parçasına çevrilir. Atası Sarvanın, anası Elmiranın oğul toyu görmək, bacıları Esmira, Elminə, Çinarə, Leyla və Lalə, qardaşı İlkinin Elçinin toyunda sevinmək arzuları ürəklərində qalır...
Elçin Əliyev 1995-ci il mayın 23-də anadan olmuşdu. Kənddəki məktəbdə orta təhsil almışdı. Hərbi xidmətini başa vurandan sonra Milli Ordunun tank taborunda müddətdən artıq xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirib. "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. "YAŞAT" Fondundan ailəyə maddi yardım göstərilib. Ailənin digər sosial ehtiyaclarının ödənilməsi üçün də sənədlər toplanılıb.