Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 13:20
Şuşasız doğuldum, Şuşasız ölməyəcəyəm
Mən Şuşanın işğalından 9 yaş kiçiyəm. 2001-ci ildə gözümü açanda başımın üstündə gördüyüm Şuşa bulutları deyildi.Şuşasız böyümək yetimlik hisslərinin ən qəribəsi idi-atan var,anan var, amma bir yanın vətənsizdi. Axı hər kəs sonda torpağa arxalanır.Məktəbi də belə bitirdim.Şuşanın işğal tarixi yazılan gündəlikdə aldığım 5 qiyməti mənə çox gəlirdi. ƏLA?Axı özümü əla hiss etmirdim.Şuşa məni azad olunmasına bir neçə ay qalmış danışdırdı.
Həmin gündən cəmi 6 ay keçmişdi:Şuşa 28 ildən sonra Azərbaycan əsgərinin çəkmələrinin səslərini eşidirdi.Müzəffər Ali Baş komandan" Şuşa sən azadsan"deməsi ilə mənim kimi bütün Şuşalıların həyatında yeni səhifə açıldı.Şuşa sən azadsan xitabı sanki mənə ünvanlanmışdı.Mən Şuşaya yollanmaq azadlığı qazanmışdım. İlk dəfə ora atamın yaddaşından tutmaqla yox,şəkillərlə yox,gerçəkdən gedəcəkdim.
Şuşaya səhər 4-də yola çıxdıq. Yatmırdım. Yuxum qaçmışdı. Yuxum Şuşaya qaçmışdı. Şuşaya getmək elə yuxu idi. Yolda 30-a yaxın yaşı olan dağıntıları görmək ağrı idi. Bu evlərin heç biri öz əcəli ilə dağılmamışdı. Yarımçıq oxunmuş hekayə kimi yarıdan qatlanan bu kitab evləri oxuya-oxuya gedirdik. Zəfər sayəsində çəkilən Zəfər yolu ilə Şuşaya yüksəlmək mənim üçün ən böyük qələbə idi. Sanki gündəliyimdəki 5 qiymətini haqq eləməyə başlamışdım.Şuşa Azərbaycanın fəxri kürsüsüdür. Qələbəmiz ordan bilirsiz necə görünür?
Gözü tutulmuş bulaq görmüşdüm. Amma ilk dəfə idiki gözü yolda qalan bulaq görürdüm. İsa bulağı.
Suyu kimi saf havası, tərtəmiz səması, dumduru gölü,yamyaşıl meşəsi..
Burda bulağın gözündən axan su insanın ağız dadını qamaşdırırdısa, günəşin parlaq şüası isə insanın göz bəbəklərini işıldadırdı.
Bəlkə də, gözlərdəki bu işıltı bu mənzərənin gözəlliyinə heyran qalmaqdan olmuşdu.
Mənim duam çin olmuşdu. Yuxarı Gövhər ağa məscidin minarəsindən ucalan azan səsi Şuşa tək birimizin ifadəsi idi. Tək olan Allahın bir olan Şuşaya qonaq etdiyi mən isə hələ də yuxuda idim.
Şuşanın bir digər rəmzi Xarıbülbül!
Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilib.
Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir.
Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır.
Hər daşına, hər qayasına tarix sığdıran Şuşa,canlı tarix kitabı.
Bizə isə tək qalan bu kitabı vərəqləmək və o tarixi cümlə-cümlə yaşayıb öyrənmək.
Öyrəndiyimiz tarixi gələcək nəsillərə ötürmək.
Bu torpaqlar uğrunda çox canlar verildi, çox qanlar töküldü.
Bizim də öz borcumuz əbədi canların, qəhrəman şəhidlərimizin ruhunu daim yaşatmaq, onları heç vaxt unutmamaq, qoyub getdikləri əmanətlərə sahib çıxmaqdır.
Necəki onlar bizim əmanətimizi geri qaytardı.
Qarabağ! Şuşa! Sən artıq azadsan. Biz sənin ana qoynu kimi isti qucağına geri döndük!