Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 20:25
İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.
Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri də sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanlarla bağlıdır.
Bu halla məşhurlar daha çox rastlaşırlar. Onlara qarşı təhqir və böhtan adətən saxta hesab və profillər üzərindən edilir.
Bəs görəsən, müğənnillər bu kimi hallarla rastlaşdıqda nə edirlər?
Sonxeber.net xəbər verir ki, yenisabah.az-a danışan xalq artisti Gülyaz Məmmədova təhqir dolu şərh yazanların öz tərbiyəsini nümayiş etdirdiklərini bildirib:
"Bəzən olur ki, heç demədiyim sözü yanlış başlıqlarla yazıb sosial şəbəkələrdə paylaşırlar. Sosial şəbəkələrdəki bəzi səhifələr bunu reytinq üçün edib, məşhurları təhqirlərlə üz-üzə qoyurlar. Əgər həmin reytinqdən nəsə gəlir əldə edirlərsə, o pulu balalarına necə yedirirlər? Bu göz qabağında olan həqiqətdir, bəziləri başlığı qəsdən elə qoyub, şərhlərdə müğənniləri istifadəçilərə söydürürlər. Bununla həm günah qazanırlar, həm də qarşı tərəfə stress yaşadırlar, qarğış yiyəsi olurlar. Mən belə şeylərə görə bir çox mətbuat orqanına açıqlama verməkdən imtina edirəm. Efirlərə çıxırıq, ağzımızdan çıxan bir kəliməni şişirdib sosial şəbəkələrdə paylaşırlar. Bunlar nəyə lazımdır axı? Paylaşımların altına təhqir yazanlar qanmırlar, intellektual səviyyələri aşağıdır. Özünüz düşünün, ağlı olan insan kimisə təhqir edərmi? Mən sizə nə etmişəm, nə səhv işimi görmüsünüz ki, bu qədər pis şərhlər yazırsınız? Bu çox pis bir şeydir, adam dəhşətə gəlir ki, Azərbaycan adı ilə bu cür sözlər yazmaq olarmı? O ada layiq yaşamaq lazımdır. Erməninin demədiyini özümüzünkülər deyir. Mənfur düşmənin eləmədiyini öz xalqının sənətçisinə qarşı edirlər, ayıb deyilmi? Hər müğənni özünə görə çıxış edir, hərənin öz səsi, öz sevəni var, kimin həddinədir təhqir etmək? Siz kimsiniz?! Allahdan üstünsünüz ki, ağzınıza gələni yazırsınız? Axı həmin məşhurların öz ailəsi, anası, bacısı, qohum-əqrəbası var, bunu onlar da görür. Özünüzü onların yerinə qoyursunuzmu? Belələrinə nə deyəsən? Sizin nə ixtiyarınız var ki, başqalarını durmadan təhqir edəsiniz? Hamısını Allaha tapşırmışam".