Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Zəngəzur dəhlizinin açılmasına razıdır - Bəs nə baş verir?

Paşinyan Zəngəzur dəhlizinin açılmasına razıdır - Bəs nə baş verir?

Tarix: 1 Oktyabr 2021 13:14

Azərbaycan 44 günün içində regionun düzənini dəyişməyi bacardı. Daşlar yerindən oynadı. Meydana yeni aktyorlar çıxdı və bununla da bəzi güclər Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qaldığı qənaətindədir. Lakin Azərbaycan və ona II Qarabağ müharibəsinin ilk saatlarından qardaş dəstəyi verən, rəsmi Bakını xarici təzyiqlərdən qorumaq və haqlı savaşından çəkilməmək üçün sona qədər dəstəyini ifadə edən Türkiyənin regiona gəlişi heç də bütün qonşularımızı məmnun etmədi. 

1 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının əsas bəndlərini icra etməmək üçün təxribatlara ara verməməsi və bu təxribatlar ətrafında manipulyasiya cəhdləri isə hər ötən gün rəsmi Bakını daha da narahat etməyə başlayıb. Rəcəb Tayyib Ərdoğanın Soçi səfərindən çıxan nəticə o oldu ki, Kremlin də mövqeyi bu mövzuda aşağı-yuxarı Türkiyə və Azərbaycanla eynilik təşkil edir. Bəs Zəngəzur dəhlizinin açılmasına nə (kim) mane olur?

Biz Ermənistan baş nazirinin son açıqlamalarından da görürük ki, kommunikasiyaların açılması ilə bağlı Nikol Paşinyanın fikirləri müsbətdir. Bəs Paşinyan kommunikasiyaların açılması ilə bağlı işlərin icrasına başlamaq üçün kimdən əmr gözləyir? 

Rusiya və İranın regionda baş verən hadisələrlə bağlı fikirləri əslində üst-üstə düşmür. Proseslər göstərir ki, Moskva Cənubi Qafqazda kommunikasiyaların açılmasında, yeni nəqliyyat dəhlizlərinin bərpa edilməsində maraqlıdır. Çünki Türkiyə ilə Rusiya arasında da bu məsələ ilə bağlı yazılmamış bir anlaşma var. Təfərrüatları açıqlanmasa da Soçi görüşündə Ərdoğanla Putin arasında Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Azərbayacana çıxış əldə etməsi, Ermənistanın isə Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə etməsi ilə bağlı növbəti dialoqun baş tutduğu istisna edilmir. Müzakirə etdikləri məsələlərlə bağlı hər iki liderdən hansısa neqativ bir siqnalın ötürülməməsi tərəflərin bu məsələdə həmfikir olduqları anlamına da gələ bilər. Rusiya da Türkiyə kimi yaxşı anlayır ki, Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq.

Azərbaycan artıq bir neçə aya öz tərəfində Zəngəzur dəhlizi ilə bağlı son tamamlama işlərini yekunlaşdırmağa hazırlaşır. Ermənistan isə bununla bağlı hələ də tərpənmək fikrində deyil. Amma Rusiya faktoru istənilən halda yenə ön plana keçə bilər. Məlumdur ki, Rusiya dəhlizin istifadəyə verilməsini sona qədər istəyərsə, Ermənistanın başqa bir aktyorun istəyi ilə Moskvaya yox deməsi də proseslərin arxa planına keçə bilər. Amma nə Ermənistan, nə də Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan digər qüvvələr bir şeyi unutmamalıdırlar ki, Azərbaycan bu dəhlizin açılması məqsədilə bütün gücünü səfərbər edib və məqsədə çatmaq üçün bütün çıxarlarını da artıq hesablayıb. Prezident İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsində "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq" açıqlaması rəsmi Bakının Zəngəzurun region, bölgə, Avrasiya üçün prioritet bir məsələ olduğu üçün qətiyyən geri addım atmayacağını təsdiq edir. Hətta Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakı səfərini rəsmi Tiflisin proseslərdən kənarda qalmamaq üçün fəallığını artırmaq istiqamətində önəmli addımı da hesab etmək olar. 

İlham Əliyevin Fransanın "France-24" televiziya kanalına son müsahibəsi zamanı səsləndirdiyi "Hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur" fikirlər isə Zəngəzur məsələsinin Azərbaycan üçün artıq həyati bir əhəmiyyətə çevrildiyini göstərir. İstənilən halda, hazırda bütün oxlar Ermənistana yönəlib.

Məsələnin bəyanatda nəzərdə tutulduğu kimi həlli üçün Ermənistan hakimiyyəti konkret qərarını açıqlamalıdır. Paşinyan region dövlətlərinin sülh, sabit, qonşuluq prinsipləri əsasında inkişafı, gələcəyi üçün bu dəhlizin nə qədər həyati məsələ olduğunu nəzərə almasa belə, bunun ilk növbədə Ermənistan cəmiyyətinin yoxsulluq, səfalət içində yaşamaqdan yeganə çıxış yolu olduğunu unutmamalıdır. İndi yaxşı olar ki, Paşinyan II Qarabağ müharibəsində Ermənistanın Müdafiə Nazirliyinin cavabdeh şəxslərini həbs etdirməkdən baş açıb, bu barədə düşünsün. Sonra gec ola bilər... 

Təhməz Əsədov


Etiketlər:  Paşinyan Zəngəzur dəhlizinin açılmasına razıdır Bəs baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ