Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 10:54
Ermənistanın baş naziri Nikol Paşinyan artıq növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirdi. Paşinyan bu dəfə Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşündə bunu qeyd edib. Amma iki başlı siyasət yürüdən Paşinyan bu dəfə də ənənəsinə sadiq qalıb. Erməni baş nazir Azərbaycan rəhbərliyi ilə görüşə hazır olduğunu bildirməklə özünü dünya ictimaiyyətinə Ermənistan tərəfini sülhə meyilli, konstruktiv göstərməyə çalışaraq rəsmi Bakını beynəlxalq güclərlə, böyük dövlətlərlə, müxtəlif təşkilatlarla üz-üzə qoymaq haqda düşünür. Çünki Paşinyan bir tərəfdən görüşə hazır olduğunu qeyd edir, hətta mina xəritələrini də özü əlbəəl Azərbycan Prezidentinə verəcəyini desə də, onun rəsmi Bakı qarşısında qaldırdığı məsələ olduqca absurd, qeyri-konstruktivlik, ikili standartdan başqa bir şey deyil. Belə ki, erməni nazir bunun qarşılığında Bakıdan guya Azərbaycanda olan erməni əsirlərin geri qaytarılmasını istəyir. Söhbət hansı əsirlərdən gedir?
Paşinyan öncədən də çox yaxşı bilir ki, bu iddianı ortaya atmaqla rəsmi Bakı ilə masa arxasında əyləşmək məsələsini deaktiv edəcək. Öncə görüşdə maraqlı tərəf kimi özünü dünya ictimiyyətinə sırıyan Paşinyan bunun qarşılığında Bakıdan olan gözləntisi ilə əslində çox yaxşı anlayır ki, Azərbaycan İrəvanın şərtləri ilə razılaşmayacağı üçün görüş də mümkünsüz olacaq. Erməni hiyləsini işə salaraq Azərbaycanı çətin duruma salmaq istəyən Ermənistan rəhbərliyi amma anlamır ki, rəsmi Bakı dəfələrlə bütün platformalarda "əsir" mövzusu ilə bağlı yetəri qədər geniş informasiya verərək, Azərbaycanda erməni hərbi əsirin olmadığını təkrar-təkrar qeyd edib.
Azərbaycanda "erməni hərbi əsirlərin saxlanılması" iddialarına Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı toxunaraq, məsələylə bağlı yenidən Qərb auditoriyasını agah edib. Dövlət başçısı buna kimi də dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı (müharibə bitənə kimi - red) saxlanılmış və ya əsir götürülmüş insanlardır: "Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən "müharibə əsirləri" adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər".
Bəli, İlham Əliyevin də qeyd etdiyi kimi, bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını (10 noyabr üçtərəfli bəyanat) imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar ki, savaş sona çatdığı üçün həmin şəxslərin hərbi əsir adlandırılması olduqca absurd məsələdir. Çünki 62 nəfərdən ibarət olan həmin silahlıların bəziləri cinayətlər törədiblər. Bunu dövlət başçısı EFE-yə müsahibəsində də bildirib: "Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi".
Azərbaycan Paşinyanın sərsəm təklifinə inanacaq qədər sadəlövh deyil. Söhbət Paşinyan təklif etdiyi digər məsələdən - ermənilərin Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları mina xəritələrini Azərbaycana özünün təhvil verməsindən gedir. Bilirik ki, müharibədən sonra üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Ermənistandan mina xəritələrinin rəsmi Bakıya təqdim edilməsi məsələsi işğaldan azad olunan ərazilərdə Azərbaycanın infrastruktur layihələrinin icrası, əhalinin həmin ərazilərə köçürülməsi məsələlərini ləngitməklə yanaşı, büdcəyə də külli miqdarda zərəri ilə diqqət çəkir. Ermənistan hakimiyyəti rəsmi Bakının, Füzuli və Zəngilan ərazisində basdırılan 10 minlərlə minanın xəritəsini təhvil verdi. Bunun qarşılığında Azərbaycan Ermənistanın müharibə əsirlərini İrəvana qaytardı. Lakin sonra İlham Əliyev müsahibələrində Ermənistanın təqdim etdiyi mina xəritələrinin böyük həcmdə yanlış olduğunu, xəritələrin çoxunun həqiqəti əks etdirmədiyini vurğuladı. Bütün bu proseslərlə Ermənistan postkonflikt mərhələsində rəsmi Bakının yenidən inam, etimadını itirdi. Belə bir vəziyyətdə Paşinyanın mina xəritələrini təqdim etməsi qarşılığında "hərbi əsirlər" kimi qələmə verdiyi erməni diversant dəstə üzvlərinin İrəvana qaytarılması təklifi ilə çıxış etməsi əslində Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırmaq üçün qurduğu planın tərkib hissəsidir. Rəsmi Bakının etimadını ciddi şəkildə yenidən sarsıdan, bundan əvvəllər olduğu kimi verdiyi vədlərə əməl etməyən Paşinyan da, sələflərinin səhvini təkrarlamaqla müharibə ritorikasından əl çəkmədiyini göstərir.
Dayanıqlı sülh üçün rəsmi Bakı dəfələrlə praqmatik addımlar ataraq, qarşı tərəfi 10 noyabr bəyanatında göstərilən müddəları icra etməyə dəvət etsə də Paşinyan rejimi yenə də ikibaşlı siyasəti ilə sövdələşmənin şərtlərinə əməl etməmək üçün manipulyativ addımları ilə seçilir. Azərbaycan Prezidentinin son zamanlar həm Anadolu Agnetliyi, həm "France-24", həm də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində toxunduğu detallar Azərbaycanın post müharibə dövrü ilə bağlı yol xəritəsini açıq-aşkar göstərir. Nəqliyyat kommunikasiyalarının açılması, status məsələsinin birdəfəlik qapadılması, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulması, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin davamı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına çox qısa zamanda qaytarılması, eləcə də beynəlxalq ictimaiyyətin bölgədəki proseslərə obyektiv reaksiyası bu xəritənin prioritet istiqamətləridir. Lakin görünür, Ermənistanın revanşist ritorikalı hərbi-siyasi rəhbərliyi və havadarları bu gündəliyin icrasına əngəl olmaq üçün yeni planlar üzərində işləyirlər.
Buna rəğmən, rəsmi Bakı bütün istiqamətlər üzrə qarşı tərəflə danışıqlara hazırdır. Azərbaycan tərəfi bunu indiyə qədər baş nazırilərin müavinləri çərçivəsində işçi qrupu, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə XİN rəhbərləri səviyyəsində görüşündə mövcud problemlərin tam aradan qaldırılmasında maraqlı olduğunu göstərib. Prezident İlham Əliyev son müsahibəsində "Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır" deməklə bir daha Azərbaycanın 44 günlük müharibə ilə bölgədə yaratdığı yeni reallığı xatırladıb. Və bundan sonra heç kim, heç bir qüvvə Azərbaycana gündəliyindən kənara çıxmaq üçün uzunmüddətli maneə törədə bilməyəcək. Artıq istisna edilmir ki, Ermənistan tərəfi imzasına, bəyanatın müddəalarına hörmət etməyəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü, təhlükəsizliyini və suverenliyini qorumaq məqsədilə beynəlxalq hüququn imkan verdiyi şəkildə dəmir yumruğunu yenidən işə salacaq.
Təhməz Əsədov