Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 17:39
Sonxeber.net İki Sahil-ə istinadən Milli Məclisin deputatı Sevil Mikayılova ilə müsahibəni təqdim edir:
- Sevil xanım, artıq 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötdü. Sizcə, postmüharibə dövründə dövlətimizin xarici siyasət kursunun ən vacib məsələləri hansılardır?
- 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu, xalqımız qürur səhifəsini yazdı, ərazilərmiz erməni tapdağından azad olundu. BMT Nizamnaməsinin 51-ci maddəsinə (dövlətlərin öz suveren ərazisini müdafiə etmək hüququ) uyğun olaraq ərazi bütövlüyümüzü təmin etdik, tarixi ədalət bərpa olundu. Beləliklə, Ermənistan və Azərbaycan arasında 30 il mövcud olan münaqişə bitib. Postmüharibə dövründəki fəaliyyət həm daxili, həm də xarici siyasətin mövcud reallıqlara uyğun istiqamətlər üzrə aparılmasını vacib edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi Zəfər ölkəmizin mövqelərini beynəlxalq arenada möhkəmləndirib, güclü, müzəffər dövlət olaraq bərabər hüquqlara əsaslanan dostluq və əməkdaşlıq mühiti ölkəmizin xarici siyasət kursunun əsas prioritetləridir. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq ictimaiyyətdə obyektiv fikir formalaşdırılması üçün müstəsna əhəmiyyət kəsb edir. Müharibənin nəticələri beynəlxalq birlik tərəfindən qəbul olunur və təqdir edilir. Lakin təəssuf ki, bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv, qərəzli mövqe də sərgilənməkdədir. Məsələn, Fransa, Niderland, Yunanıstan kimi ölkələrin ermənipərəst mövqeyi müharibə dövründə xüsusilə bütün hüquqi çərçivələri keçirdi. Zəfər qazandıqdan sonra digər erməni təəssübkeşləri də işğalçıya dəstək ifadə edərək faktiki öz ərazilərində yasaq etdikləri separatizmin tərəfində dayanırdılar. Təbii ki, ayrı-ayrılqda aparılan danışıqlar həqiqəti çatdırmaq baxımından effektiv olub. Nəticədə bu anti-Azərbaycan fəaliyyətlər səngiyib.
- İyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada imzalanmış Bəyannamə ölkələrimizə nə kimi siyasi dividendlər qazandıracaq?
- Bu il iyunun 15-də növbəti tarixi hadisənin şahidi olduq. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mədəniyyət beşiyi Şuşa şəhərində Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsı imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənədin tarixi çəkisini qeyd etməklə bərabər, söyləmək istərdim ki, böyük Zəfərimizin işığında məhz Şuşa şəhərindən bəyan olunmuş bu müttəfiqlik iki qardaş ölkənin torpaq həsrətinin vüsalıdır. Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra təhlükəsiz və məsud yaşayışının təminatıdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlətin əməkdaşlığının daha üst səviyyədə və çoxşaxəli həyata keçirməsinə imkan verir. Ölkələrimiz regional və beynəlxalq miqyasda sabitlik və rifah yaratmaqla sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərməklə bağlı niyyətlərini bəyan ediblər. Eyni zamanda, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etmək əzmində olduqlarını bildiriblər. Bundan əlavə, dövlətlərimiz kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.
Lakin iki dövlət arasında inkişaf etdirilən və hər iki tərəfin milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Razılaşarsınız ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, beynəlxalq münasibətlərdə vicdanlı mövqe, eləcə də sülh və sabitliyə yönəlik fəaliyyətin həyata keçirilməsi üçün möhkəm zəmin yaradan sənəd əslində hər iki dövlətin dünya birliyinin ləyaqətli üzvü olmasını bir daha sübut edir.
Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi ilə bağlı bənd zənnimcə, Şuşa Bəyannaməsinin əsl məramına aydınlıq gətirir.
- Sizin fikrinizcə, Azərbaycan, Türkiyə və Pakistan arasında inkişaf etməkdə olan strateji müttəfiqlik münasibətlərinə dünyanın baxışı necədir?
- Vurğulamaq istərdim ki, Azərbaycan, Türkiyə və Pakistan köhnə dost və tərəfdaş ölkələrdir. Belə ki, 1988-ci ildə Ermənistanın ərazı iddiaları ilə başlamış qanlı münaqişədə Türkiyə və Pakistan ölkəmizə açıq dəstəklərini ifadə etmiş, Azərbaycanın yanında olduqlarını bəyan edərək işğalçı qoşunlarını torpaqlarımızdan çıxarmayınca Ermənistanla heç bir diplomatik əlaqə qurmayacaqlarını bidirmişlər. Ölkəmizin müstəqilliyi illərində bu dostluq və qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edərək, strateji müttəfiqlik səviyyəsinə qalxıb. Yaxın Şərqin iki böyük siyasi və hərbi gücə malik ölkələrinin Cənubi Qafqazın aparıcı dövləti Azərbaycanla müttəfiqlik üçbucağı yaratması təbii ki, diqqətlə izlənilir. Ara-sıra bu ölkələrə qərəzli siyasi hücumların olması əslində bəzi dairələrdə bu istiqamətdə güclənən birliyə təzyiq cəhdidir. Lakin bu müttəfiqlik heç bir ölkəyə qarşı deyil, onun məramı sülh və sabitlik naminə əməkdaşlıqdır.
- Son vaxtlar istər işğaldan azad olunmuş ərazilərimizdə, istərsə də dövlət sərhədlərimizdə səngiməyən erməni təxribatlarının şahidi oluruq. Bu problemlə bağlı müvafiq və cavabdeh beynəlxalq təşkilatların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Postmüharibə dövründə qeyd etdiyiniz kimi, istər işğaldan azad olunmuş ərazilərimizdə, istərsə də dövlət sərhədlərimizdə səngiməyən erməni təxribatları baş verməkdədir. Məsələn, ermənilərin son təxribatı olaraq Şuşa şəhərinin atəşə tutulması, eləcə də dövlət sərhədimizin Kəlbəcər və Naxçıvan hissələrində silahlı insidenti xüsusi qeyd etmək lazımdır. Beynəlxalq birlik hər zaman olduğu kimi, tərəfləri gərginliyi azaltmağa, təxribatlardan çəkinməyə və 10 noyabr Bəyanatının müddəalarını icra etməyə dəvət edir. Gördüyünüz kimi, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar yenə öz dəst-xətlərinə uyğun sadəcə çağırış edirlər, lakin bu cür təxribatlara siyasi qiymət verilmədiyi üçün gələcəkdə onların qarşısının alınması üçün zəmanət yaranmır. Bu cür yanaşma ilk növbədə beynəlxalq təşkilatların nüfuzuna xələl gətirir, onları məsələlərin həllində deaktiv edir. Məsələn, ATƏT-in Minsk qrupu hələlik mandatını təhvil verməyib və cavabdeh qurum olaraq ən azı araşdırma apara bilərdi. Ancaq yenə neytral yanaşma nümayiş olunur və təxribatçı adı ilə çağırılmır...
- Sevil xanım, erməni faşizminin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı ödəməli olduqları təzminat məsələsi gündəmdədir. Bu istiqamətdə görülən işlər barədə məlumat verə bilərsinizmi?
- 30 ilə yaxın müddətdə Azərbaycanın 20% ərazisini işğal altında saxlayan Ermənistanın cinayətləri sadalamaqla bitməz. 1 milyondan artıq vətəndaşımızın öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətin düşməsi və bununla da elementar insan hüquqlarından məhrum olması, əlbəttə, 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konveniyası və onun protokollarının müddəalarını pozan cinayət tərkibli əməldır. Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə görə məhv edilməsi və zorakılığa məruz qalması, mülkiyyət hüququnun pozulması, dinc əhaliyə qarşı qeyri-insani davranış, onlara vurulan maddi və mənəvi ziyan, ümumiləşdirsək, insanlıq əleyhinə bütün cinayət faktlarını özündə əks etdirir. Bundan əlavə, Azərbaycan xalqına məxsus maddi-mənəvi və tarixi abidələrin dağıdılması, bu ərazilərin fauna və florasının qeyri-qanuni istismar etməklə məhv edilməsi, ekoloji terror, maddi sərvətlərimizin talan olunması təbii ki, beynəlxalq cinayət əməlidir və Ermənistan beynəlxalq məhkəmə qarşısında bu əməllərinə görə cavab verəcək. Bunun üçün ilk növbədə Ermənistan tərəfindən dəymiş ziyanın yerli və beynəlxalq ekspertlər tərəfindən müfəssəl dəyərləndirməsi çox vacidbir.
Yeri gəlmişkən, Ermənistanın təcavüzü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət edilib.
"İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə isə Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Son 10 ay ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi məhkəməyə müraciəti labüd edib. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edir.
- Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə xarici vətəndaşların qanunsuz səfər etmələri hallarının qarşısının alınması istiqamətində Azərbaycanın prinsipial mövqeyi və bunun nəzərə alınmasına dair rəyiniz necədir?
- İkinci Qarabağ müharibəsində məğlubiyyətini etiraf etmiş Ermənistan 2020-ci il 10 noyabr Bəyanatını imzalayaraq təslim olduğunu rəsmiləşdirdi. Rusiya Federasiyasının sülhməramlı kontingenti 5 il müddətinə etnik ermənilərin yaşadığı əraziyə yerləşib və onlar müharibə sonrası gərginliyin azaldılması, sülhü möhkəmləndirmə missiyasını həyata keçirirlər. Azərbaycan öz suveren hüquqlarının qorunması ilə bağlı hər zaman prinsipial mövqedə dayanıb və xarici ölkə vətəndaşlarının ərazimizə qanunsuz keçməsi hallarına sərt reaksiya verib. Təəssüf ki, neqativ hallar var və Rusiya sülhməramlıları bu məsələdə daha sərt davranmalıdırlar. Əvvəlki aylarla müqayisədə belə halların sayı əhəmiyyətli azalıb, lakin məsələnin birdəfəlik həlli üçün sülhməramlıların daha məsuliyyətli davranması şərtdir. Əks təqdirdə, Azərbaycan tərəfi öz suveren hüququnu müdafiə etmək hüququnu özündə saxlayır.