Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəşfiyyatçı-snayper: Ermənistan silahlı qüvvələrinin 43 hərbçisini dəqiq atəşlə məhv etdim

Kəşfiyyatçı-snayper: Ermənistan silahlı qüvvələrinin 43 hərbçisini dəqiq atəşlə məhv etdim

Tarix: 6 Oktyabr 2021 23:24

Anar Həsənov Vətən müharibəsində kəşfiyyatçı-snayper kimi iştirak edib. O, sərrast atıcılığı ilə 43 erməni hərbçisini məhv edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Həsənov Anar Rais oğlu 1989-cu il fevralın 18-də Ağdaş rayonunda anadan olub. Oktyabrın 5-də Vətən müharibəsində döyüşlərə qoşulan Anar Cəbrayıl və Qubadlı rayonu istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edib. Oktyabrın 24-də Qubadlının Xanlıq kəndində yaxınlığına minomyot mərmisinin düşməsi nəticəsində ağır yaralanıb. Ölkə başçısının sərəncamları ilə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən müharibəsi qazisi AZƏRTAC-a müsahibəsində deyib: "Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil oldum. Kollecin birinci semestrini başa vurub həqiqi hərbi xidmətə getdim. 2007-2008-ci illərdə həqiqi hərbi xidməti Füzuli rayonunda keçmişəm. Baş əsgər kimi snayper təlimlərini hərbi xidmət dövründə almışam. Vətən müharibəsi başlayanda tərəddüd etmədən könüllü olaraq cəbhə zonasında yollandım. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 43 hərbçisini dəqiq atəşlə məhv etdim. Təəssüf ki, Qubadlıda ağır yaralandım. Ondan sonra sağ qulağımda eşitmə problemləri də yarandı. Kaş ki, sona qədər döyüşə biləydim. Çünki düşmənin daha çox canlı qüvvəsini məhv etmək istəyirdim.

Milliyyətcə ləzgiyəm. Amma hamımız bu Vətənin övladlarıyıq. Vətən müharibəsi təkcə o torpaqlardan məcburi köçkün düşənlər üçün deyil, hər birimiz üçün müqəddəs savaş idi. Müharibə dövründə bəzi qüvvələr aramızda ixtilaf yaratmağa cəhd etsələr də, buna nail ola bilmədilər. Ləzgi, talış, avar, kürd, türk, saxur demədən bir yumruq kimi birləşdik, döyüş meydanında dost-qardaş olduq, bir-birimizi qoruduq, yeməyimizi-içməyimizi böldük, yaralarımızı sarıdıq, şəhidlərimizə birgə kədərləndik, Zəfərimizə bərabər sevindik. Heç bir qüvvə Azərbaycanda yaşayan xalqların birliyini, onlar arasındakı isti münasibəti, bağlılığı poza bilməz. 44 gün ərzində həmrəyliyimiz qalib gəldi. Əgər düşmən yenə təxribata əl atarsa, hamımız yenidən silaha sarılıb onlara daha ağır dərs verməyə hazırıq. Lakin inanmıram ki, 44 gün ərzində aldıqları dərsdən sonra onların yenidən nəsə etməyə cəsarətləri çatsın".

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istəyimizə nail olduq, tarixi ədaləti bərpa etdik".

Milli.Az


Etiketlər:  Kəşfiyyatçı snayper Ermənistan silahlı qüvvələrinin 43 hərbçisini dəqiq atəşlə məhv etdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ