Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 09:54
Kriminal aləmdə "Taro" ləqəbi ilə tanınan, gürcü əsilli avtoritet Tariel Oniani İspaniyada cəza müddəti bitdikdən sonra həbsxanadan azad olunub.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Praym Kraym" saytı məlumat yayıb.
Saytın informasiyasına əsasən, 63 yaşlı kriminal avtoritet dərhal ölkəni tərk edib və naməlum istiqamətə yola düşüb.
Xatırladaq ki, hələ 2020-ci ildə məhkəmə "Taro"ya 4 il cəza kəsmiş və 36 min avro məbləğində cərimə ödəməyə məhkum etmişdi. İspaniyada onu qara pulların yuyulması üçün qurulan mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda ittiham ediblər.
T.Oniani 2019-cu ilin oktyabrında Rusiyanın Orenburq vilayətində yerləşən, "Qara delfin" adı ilə daha çox tanınan 6 saylı xüsusi rejimli həbsxanadan çıxdıqdan sonra daxili işlər naziri Vladimir Kolokoltsevin imzaladığı sənədlə İspaniyaya ekstradisiya olunub. Rusiyanın özündə "Taro" dələduzluq və adam oğurluğu suçlarından 9 il "yatıb".
Gürcüstanın Svanetiya bölgəsindən olan Tariel Oniani Kutaisi klanının rəhbəri sayılır və kriminal aləmin ən iddialı liderlərindən biri hesab olunur.